...

Oqtay Əsədov: İranda antiazərbaycan aksiyalar ermənilər tərəfindən idarə olunur

Siyasət Materials 22 May 2012 12:57 (UTC +04:00)
Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov bəyan edib ki, İranda antiazərbaycan aksiyalar ermənilər tərəfindən idarə olunur.
Oqtay Əsədov: İranda antiazərbaycan aksiyalar ermənilər tərəfindən idarə olunur

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov bəyan edib ki, İranda antiazərbaycan aksiyalar ermənilər tərəfindən idarə olunur.

Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Əsədov deyib ki, İranda belə aksiyalar başlamazdan qabaq erməni saytlarında anons verilir.

Onun sözlərinə görə, bu, İrandakı aksiyaların ermənilər tərəfindən idarə olunduğunu bildirir.

"Bir neçə il əvvəl bir İran rəsmisi ilə görüşdə soruşdum ki, İran Konstitusiyasında da bənd var ki, zəif ölkələrə kömək etmək lazımdır. Bu, Ermənistan üçün yazılıb? Cavab verdilər ki, bu, Qurandan götürülüb. Soruşdum bəs onda Quranda müsəlman ölkələrinə yardım etmək lazım olduğu qeyd olunub?", - Əsədov deyib.

Spiker Azərbaycanda "Eurovision" günlərində müxalifətin aksiya keçirməsinə də münasibət bildirib.

"Müxalifətin bu niyyəti onların nə qədər zəif olduğunu göstərir", - o deyib.

Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, Azərbaycanın uğurunu, dünyəvi istiqamətdə inkişafını qəbul etmirlər. O, bunun səbəbi kimi göstərib ki, ərazisində 30 milyon azərbaycanlı yaşayan bir ölkə üçün bu, nümunə ola bilər və həmin insanlarda dünyəvi ölkədə yaşamaq niyyətini ortaya qoya bilərlər.

"Biz maraqlara, hadisələrə görə mövqeyimizi dəyişən bir ölkə deyilik, ona görə də Azərbaycanın düşmənləri çoxdur", - Muradova deyib.

Deputat Azay Quliyev çıxışında İranın öz problemlərini həll etmək əvəzinə əsas hədəf kimi Azərbaycanı seçdiyini bildirib.

"Bu hal qəti şəkildə pislənilməlidir", - o deyib.

Deputat qeyd edib ki, bu gün ən çox narahatlıq yaradan məsələ odur ki, Azərbaycana qarşı təbliğatda Təbrizdə yaşayan azərbaycanlılardan istifadə etmək istəyi var.

"Mən bütün Təbrizdəki bacı və qardaşlarıma səslənirəm ki, İranın bu rejiminin əlində alətə çevrilməsinlər", - o bildirib.

Deputat Siyavuş Novruzov İranın Azərbaycandakı səfirinin məsləhətləşmələr üçün geri çağırıldığını deyərək bildirib ki, həmin səfir iki ölkə arasında sülh yaratmaq missiyası ilə seçilmir. O qeyd edib ki, Bakıda yalnız İranın səfirliyini qarşısında "İranın səfirliyi" yazılıb və hansı ölkədə səfirliyin olduğu qeyd olunmayıb.

"Çox qəribədir ki, başqa yerlərdə qızlar, amma İranda oğlanlar daha çox ciddi nəzarət altında saxlanılır", - deputat Qüdrət Həsənquliyev bildirib.

O qeyd edib ki, bu gün "Eurovision" müsabiqəsi ərəfəsində Tehran Bakını gey-paradın keçirilməsi ilə ittiham edir, amma əgər gey-parad keçiriləcəksə, elə İranda keçiriləcək. "İranda bir dövlət rəsmisi demişdi ki, qadınların 25 faizi sulu qəlyan çəkir. Qadınların çoxu ailə həyatı qurana qədər "ailə həyatı" yaşayırlar. Belələrinin Azərbaycana əxlaq dərsi keçməyə haqqı yoxdur. Deyirlər ki, İranın səfiri Azərbaycanı tərk edib. Əslində İranın səfirini qovmaq lazımdır", - Həsənquliyev vurğulayıb.

Deputat ABŞ-ın Dağlıq Qarabağdakı oyuncaq rejimə vəsait ayırmasına da toxunub. "Buna etiraz əlaməti olaraq ABŞ-ın Azərbaycana ayırdığı 30 milyon dollar yardımdan imtina etmək lazımdır", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti