Azərbaycan, Bakı, 22 may /Trend/
Milli Məclis sədrinin birinci müavini, NATO PA-da Azərbaycan Parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Siyavuş Novruzov, Tahir Süleymanov və Qüdrət Həsənquliyev qurumun yaz sessiyasında iştirak etmək üçün mayın 24-də Estoniyanın paytaxtı Tallin şəhərinə səfərə yola düşəcəklər.
Trend Milli Məclisin rəsmi saytına istinadən məlumatı verir ki, sessiya zamanı qurumun komitələrində dünyadakı siyasi vəziyyətin ən aktual məsələlərinə diqqət yetiriləcək. Çikaqo sammitindən sonra NATO-da siyasi aspektlər, müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunacaq.
İclaslarda "Ərəb baharı: Avro-atlantik təhlükəsizlik üçün gələcək təsirlər", "Şimali Afrikada inqilabların möhkəmləndirilməsi", "Əfqanıstan: 2014-cü ilə doğru və ondan sonra", "Avro böhranının mənbələri və gələcək təsirləri" və digər mövzulara həsr olunmuş məruzə layihələri dinləniləcək. Fikir mübadiləsi aparılacaq.
Yaz sessiyasında Fars körfəzində təhlükəsizlik, Rusiyada gedən proseslərin daxili və xarici siyasətə təsirləri, Aralıq dənizi hövzəsində miqrasiya məsələləri, Əfqanıstanda narkotiklə mübarizə, kiber təhlükəsizliyin tənzimlənməsi, nüvə enerjisi, dəniz quldurluğu problemi və pilotsuz hava nəqliyyatı barədə məsələlərə də baxılacaq. Diskussiyalar aparılacaq.
Milli Məclisin deputatları komitə iclaslarında iştirak edəcək, müzakirəyə çıxarılan məsələlərə münasibətdə Azərbaycanın mövqeyini bildirəcəklər.