...

İordaniyada Azərbaycanın Respublika günü münasibətilə rəsmi qəbul təşkil edilib

Siyasət Materials 28 May 2012 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may /Trend /

28 may - Respublika günü münasibətilə dünən Səfirlik tərəfindən Əmmanın nüfuzlu mehmanxanalarından olan "Marriott Hotel" mehmanxanasında rəsmi qəbul təşkil edilib.

Azərbaycanın İordaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Şahzadə Mirad ibn Raed, İordaniya Senatının sədri Tahir Masri və Senat sədrinin birinci müavini Abdurrauf Ravabdehlə yanaşı, bir sıra keçmiş kabinet üzvləri, Krallığın rəsmi və işgüzar dairələrinin, ölkədə akkreditə olunmuş diplomatik missiyaların, Azərbaycan icmasının, yerli KİV-lərin və İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, Qafqaz xalqları icmalarının (çeçenlər və çərkəzlər) nüfuzlu üzvləri, tanınmış ziyalılar (təxminən 250 qonaq) iştirak etmişlər. Tədbirə toplaşan qonaqlar arasında İordaniya Parlamentinin üzvləri, Xarici İşlər nazirliyinin və Silahlı Qüvvələrinin rəsmiləri də vardı.

Kralın Divanı bir sıra rəsmi və ictimai dairələr, diplomatik korpusun bəzi üzvləri və yerli şirkətlərin rəhbərləri tədbirə çiçək çələngləri göndərərək ölkəmizə münasibətdə öz ehtiramlarını izhar etmişlər.

28 may - Respublika günü münasibətilə İordaniyanın müxtəlif dövlət qurumları, idarə və təşkilatları və ayrı-ayrı şəxslər tərəfindən Səfirliyə təbrik məktubları göndərilmişdir.

Qəbul zamanı hər iki dövlətin himnləri səsləndirildikdən sonra Səfir E. Araslı çıxış edərək Azərbaycanın tarixi keçmişinə nəzər salmış və müstəqillik dövrünün reallıqları haqda danışmışdır. Eyni zamanda Səfir Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından ötən 21 il ərzində həyata keçirilmiş düzgün və mütərəqqi siyasət nəticəsində əldə edilmiş nailiyyətlərdən bəhs etmişdir.

Tədbirin keçirildiyi salon Azərbaycan və İordaniya bayraqları, Prezident İlham Əliyevin və Kral II Abdullahın portretləri ilə bəzədilmiş, Respublikamızın sosial-iqtisadi inkişafına dair filmlər və çarxlar nümayiş etdirilmişdir. Mərasim boyu Azərbaycanın xalq, klassik və estrada musiqisi, habelə görkəmli bəstəkarlarımızın simfonik muğamları səsləndirilmişdir.

Tədbir zamanı Səfir Müstəqillik bayramı ilə əlaqədar olaraq İordaniyanın Dövlət Televiziyasına müsahibə verərək 2 gün öncə İordaniya xalqının müstəqillik bayramını qeyd etməsi münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Kral II Abdullaha və qardaş İordaniya xalqına səmimi təbrikini çatdırmışdır.

Qeyd edilməlidir ki, rəsmi qəbuldan əvvəl və sonra əlamətdar bayramla əlaqədar İordaniya KİV-lərində xəbər və məqalələr öz əksini tapmış, "The Jordan Times" qəzetinin 28.05.2012-ci il tarixli sayında Səfirinin Azərbaycan-İordaniya münasibətlərinə həsr olunmuş müsahibəsi dərc edilmişdir.

Xəbər lenti

Xəbər lenti