Azərbaycan, Bakı, 4 iyun /Trend/
ABŞ dövlət katibi Hillari Klinton Yerevana gəlib. Aeroportda onu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan qarşılayıb. Bu barədə Trend bazar ertəsi "News.am"a istinadən məlumat verir.
Klinton Avropa və Cənubi Qafqaz ölkələri üzrə turneyə çıxıb. O, Ermənistanda ölkə Prezidenti Serj Sarkisyan və XİN rəhbəri Edvard Nalbandyanla görüşəcək.
Yerevanda danışıqların gündəliyində Ermənistan-ABŞ əməkdaşlığının inkişafı və dərinləşməsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə aid geniş məsələlər olacaq. Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, iyunun 5-də dövlət katibi Gürcüstana gedəcək, ayın 6-da isə Azərbaycana gələcək.