...

Azərbaycan ilə Vatikan arasında dini sahədə ikitərəfli münasibətlər müzakirə olunub

Siyasət Materials 11 İyun 2012 16:42 (UTC +04:00)
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Komitə sədri Elşad İskəndərov iyunun 11-də Roma Papası II İohann Pavelin Azərbaycana gəlişinin 10 illiyi münasibətilə Bakıda səfərdə olan Kardinal Fernando Filoninin rəhbərlik etdiyi Vatikan nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Vatikan arasında dini sahədə ikitərəfli münasibətlər müzakirə olunub

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan ilə Vatikan arasında dini sahədə ikitərəfli münasibətləri genişləndirməyin müxtəlif istiqamətləri müzakirə olunub.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Komitə sədri Elşad İskəndərov iyunun 11-də Roma Papası II İohann Pavelin Azərbaycana gəlişinin 10 illiyi münasibətilə Bakıda səfərdə olan Kardinal Fernando Filoninin rəhbərlik etdiyi Vatikan nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Komitəsinin sədri Kardinal Fernando Filoni kimi nüfuzlu din xadimini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.

Azərbaycanın tarixən müxtəlif dinlərin, xalqların nümayəndələrinin mehriban qonşuluq şəraitində yaşadığı ölkə olduğunu deyən İskəndərov dövlətimizin bütün dinlərin daşıyıcılarına tolerantlıq mühitində yaşamaları üçün hər cür şərait yaratdığını diqqətə çatdırıb.

O qeyd edib ki, Qarabağ uğrunda müharibədə dinindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları doğma Vətənin bütövlüyü, bölünməzliyi naminə çiyin-çiyinə, ləyaqətlə döyüşüblər.

Dövlətmizin din siyasəti haqqında ətraflı məlumat verən İskəndərov Katolisizmin ardıcıllarının Azərbaycana hələ XIII əsrdən başlayaraq gəldiklərini xatırladaraq Azərbaycanın dövlət müstəqilliyinin bərpasından, xüsusilə Roma Papası II İohann Pavelin səfər etməsindən və ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul olunmasından sonra iki ölkə arasında münasibətlərdə yeni mərhələyə qədəm qoyulduğunu vurğulayıb.

İskəndərov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, ötən əsrin əvvəllərində uçurulmuş Katolik kilsəsinin yerinə yenisi inşa edilib.

Komitə sədri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda Azərbaycan mədəniyyət nümunələrinin sərgisinin təşkil olunmasının, Vatikan muzeyindəki kitabların bərpasının həm dini, həm də mədəni sahələrdə qarşılıqlı əlaqələrimizin möhkəmlənməsinin bariz nümunələri olduğunu deyib.

O bildirib ki, bu, özünü Azərbaycandakı katolik icmasının fəaliyyətində də özünü göstərir.

Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətindən danışan Dövlət Komitəsinin sədri deyib ki, bu təcavüz dinlərarası və millətlərarası sülhə ən böyük təhlükələrdəndir.

"Bu gün yürütdüyü siyasətə görə özünütəcrid vəziyyətinə düşən Ermənistan Azərbaycanın qazandığı uğurlara qısqanclıqla yanaşır. Azərbaycanın "Eurovision 2012" kimi mötəbər musiqi yarışmasına ev sahibliyi etməsindən bir qədər sonra ermənilərin cəbhə xəttində aktivləşməsi, atəşkəsi pozaraq insan tələfatları ilə nəticələnən təxribatlar törətməsi bunun ən bariz nümunələrindəndir", - İskəndərov deyib.

O, bununla əlaqədar Vatikanı da beynəlxalq hüquq normalarına əsaslanaraq sülhü dəstəkləməyə çağırıb.

Azərbaycandakı tolerant mühiti təqdir etdiyini söyləyən Kardinal Filoni, öz növbəsində, sülh, qarşılıqlı anlaşma, tolerantlıq sahəsində əldə etdikləri təcrübəni Azərbaycanla bölüşməyə hazır olduqlarını bildirib və katoliklərin bu ölkənin inkişafında iştirakının müsbət olacağına inamını ifadə edib.

Bundan sonra Komitə sədri Azərbaycandakı tolerantlığın dünya müstəvisində bölüşməsi üçün Vatikanı fəal iştiraka çağırıb, həmçinin Vatikanda ölkəmizlə bağlı arxiv materialların tədqiqatçılar tərəfindən daha aktiv işlənməsini təklif edib. Hər iki təklif razılıqla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti