...

Prezident İlham Əliyev: Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə uğurla inkişaf etməkdədir

Siyasət Materials 28 İyun 2012 12:23 (UTC +04:00)
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə uğurla inkişaf etməkdədir.
Prezident İlham Əliyev: Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə uğurla inkişaf etməkdədir

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir M.Əliyev/

Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə uğurla inkişaf etməkdədir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda cümə axşamı öz işinə başlayan "Rusiya-Azərbaycan Dialoqu 2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına müraciətində deyilir. Dövlət başçısının müraciətini Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxuyub.

"Sizi - üçüncü Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarını və qonaqlarını səmimi qəlbdən salamlayıram. Diqqətəlayiq haldır ki, bu forumlar xoş ənənə kimi ikitərəfli əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün səmərəli tribunaya çevrilmişdir", - İlham Əliyevin müraciətində deyilir.

Prezident qeyd edib ki, iqtisadi, elmi-texniki və humanitar əlaqələrin dərinləşməsi hər iki ölkə vətəndaşlarının rifahının yüksəlməsinə, xalqlarımız arasında tarixi dostluq tellərinin möhkəmlənməsinə müsbət təsir göstərir.

"Son illərin təcrübəsi təsdiq edir ki, qonşu dövlətlərin regionları arasında əlverişli ticarət-iqtisadi və investisiya mühitinin formalaşdırılması bir çox dünya ölkələrinin rastlaşdığı qlobal maliyyə böhranının mənfi nəticələrinin qarşısını almağa imkan yaradır. Bu baxımdan Rusiya və Azərbaycanın regionlararası əməkdaşlıq təcrübəsi yaxşı nümunə ola bilər. Məmnunluqla qeyd etmək istərdim ki, hazırda respublikamız Rusiya Federasiyasının əksər subyektləri ilə birbaşa əlaqələr qurmuş, onların bəziləri ilə hökumətlərarası sazişlər imzalamışdır", - Prezidentin müraciətində deyilir.

İlham Əliyev forum çərçivəsində işgüzar fikir mübadiləsi və müzakirələrin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yeni impuls verəcəyinə, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın daha da dərinləşməsinə kömək edəcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti