...

Azərbaycan deputatları ATƏT PA-nın yay sessiyasındakı müzakirələrə qatılacaqlar

Siyasət Materials 2 İyul 2012 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir M.Əliyev/

Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat iyulun 3-dən qurumun Monako Knyazlığının Monako-Vill şəhərində keçiriləcək XXI yay sessiyasında iştirak edəcək. Bu barədə bazar ertəsi Trend-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Eldar İbrahimov, Rəbiyyət Aslanova, deputatlardan Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev daxildirlər.

Sessiyada "ATƏT: dəyişən bölgə" mövzusunda çıxışlar dinləniləcək. Tədbirdə ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorun, təşkilatın Parlament Assambleyasının sədri Petros Eftimiunun və digər rəsmilərin çıxışları gözlənilir.

Sessiya çərçivəsində qurumun Daimi komitəsinin və Bürosunun, habelə Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan haqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitələrinin iclasları keçiriləcək.

Tədbirlərdə ATƏT regionunda təhlükəsizliyin gücləndirilməsi, quruma üzv dövlətlərdə seçkiləri müşahidə prosesinin təkmilləşdirilməsi, qərarların qəbulunda qadınların bərabər iştirakı, su ehtiyatlarından istifadə sahəsində təcrübə mübadiləsi, yeni və bərpa olunan enerji mənbələrinin istismarı, ATƏT regionunda hərəkət azadlığı, Əfqanıstanla əməkdaşlığın inkişafı, İranın nüvə proqramı, Gürcüstanda vəziyyət və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Sessiya çərçivəsində qurumun dəyişən bölgədə Aralıq dənizi tərəfdaşlığına həsr olunmuş forumu keçiriləcək.

Səfər zamanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın tədbirdə iştirak edən nümayəndə heyətinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti