...

İlham Əliyev Qaradağ metal konstruksiyalar zavodunun açılışında iştirak edib (FOTO)

Siyasət Materials 10 İyul 2012 14:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Qaradağ metal konstruksiyalar zavodunun açılışında iştirak edib.
İlham Əliyev Qaradağ metal konstruksiyalar zavodunun açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Qaradağ metal konstruksiyalar zavodunun açılışında iştirak edib.

İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirildi ki, sahəsi 8 min 600 kvadratmetr olan zavod Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Qaradağ rayonunun Sahil qəsəbəsində 4,5 hektar ərazidə inşa edilib. Zavodun ümumi dəyəri 8,6 milyon manatdır. Bu layihənin icrasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən birinci mərhələdə iki milyon manat güzəştli kredit verilib. Gələcəkdə zavodun fəaliyyətinin genişləndirilməsi məqsədi ilə əlavə kredit vəsaitlərinin ayrılması da nəzərdə tutulur. Müəssisənin tikintisinə 2011-ci ilin iyulunda başlanmış və bu ilin iyununda sona çatdırılıb.

Prezident İlham Əliyev zavodun istehsal prosesindən bəhs edən filmə baxdı.

Azərbaycan Prezidenti müəssisəni işə saldı.

Diqqətə çatdırıldı ki, zavod xarici ölkələrin müasir texnologiyası əsasında qurulub. Buradakı avadanlıq, eyni zamanda, formaverici, dəlmə, burğu ilə deşmə, plazma kəsici, zolaq kəsici, astarlama və rəngləmə əməliyyatlarını həyata keçirmək imkanına malikdir. Metal konstruksiya məhsulları müasir zavod və fabriklərin, istehsal və emal müəssisələrinin, soyuducu anbar və heyvandarlıq komplekslərinin, körpülərin, idman zallarının, çoxmərtəbəli yaşayış binalarının tikintisində geniş istifadə olunur. Elastikliyi və davamlılığı betondan dəfələrlə yüksək olan, yığılması qısa müddətdə başa gələn və daha az xərc tələb edən metal konstruksiyalar tikinti sektorunun gələcək inkişafına geniş imkanlar açır. Bu zavodun istifadəyə verilməsi ölkədə aparılan geniş tikinti-quruculuq işlərinin bu növ məhsullara tələbatını ödəməklə yanaşı, ixrac potensialının artırılmasına dəstək olacaq. İl ərzində 24 min ton metal konstruksiyalar istehsal edəcək zavodda 120 nəfər işlə təmin olunub.

Vurğulandı ki, gələcəkdə məhsulların çeşidinin və istehsalın həcminin artırılması məqsədi ilə əlavə istehsal korpuslarının da inşa olunması nəzərdə tutulur. Layihələndirilən istehsal sahəsi 11 min 970 kvadratmetr təşkil edir.

Yeni müəssisə ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti