...

ABŞ Azərbaycanda insan hüquqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını alqışlayır

Siyasət Materials 11 İyul 2012 16:24 (UTC +04:00)
ABŞ ötən ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını alqışlayır.
ABŞ Azərbaycanda insan hüquqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını alqışlayır

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.Mehdiyev/

ABŞ ötən ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını alqışlayır.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq ABŞ Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarına dair hesabatının insan hüquqları müdafiə qrupları, vətəndaş cəmiyyətinin üzvləri və Azərbaycan hökumətini təmsil edən nümayəndələrlə müzakirəsi zamanı deyib.

"Biz bu fəaliyyət proqramının niyyətini alqışlayır və onun effektiv icrasına çağırırıq. Artıq 2012-ci ilin yarısı arxada qalıb. Ötən müddətə nəzər saldıqda görmək olar ki, müəyyən irəliləyiş baş verib, ancaq görüləsi iş daha çoxdur", - Sterlinq deyib.

O, həmçinin bu il yazın əvvəlində Bakı şəhər İcra Hakimiyyətinin müxalifətin təşkil etdiyi bir neçə aksiyanın keçirilməsinə icazə verməsini də alqışlayıb.

Sterlinq qeyd edib ki, bu, yaxşı başlanğıcdır və ilboyu inkişaf edəcəyinə ümid edir.

Müvəqqəti işlər vəkili, həmçinin Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun vətəndaş cəmiyyətinin nümayəndələri ilə bu yaxınlarda baş tutmuş görüşünü alqışlayıb.

"Ümid edirik ki, bu, davamlı və konstruktiv dialoqun yalnız başlanğıcıdır", - Sterlinq deyib.

O, həmçinin bir sıra sahələrdə narahatlıq doğuran məqamların olduğunu diqqətə çatdırıb və bu məsələlərin Azərbaycanın konstitusional və beynəlxalq öhdəlikləri çərçivəsində ədalətli və şəffaf həllinin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti