Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir T.Cəfərov/
İran və Ermənistan arasında vətəndaşların gediş-gəlişini asanlaşdırmaq məqsədilə tezliklə Təbriz-Yerevan və əks istiqamətə hava reysi açılacaq. Bunu İranın Şərqi Azərbaycan əyalətinin başçısı Əhməd Əlirza Beygi deyib. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat verir.
O, bildirib ki, iki ölkə arasında viza rejiminin ləğv olunması məsələsi hazırda müzakirə edilir və İranda keçiriləcək Bitərəf Dövlətlər Hərəkatının sammitində iki ölkənin prezidentləri bu barədə qərar verəcəklər.
Beygi İranın daxili işlər nazirinin Ermənistana səfəri çərçivəsində Şərqi Azərbaycan əyaləti ilə Ermənistanın iki rayonu arasında əməkdaşlıq sazişinin imzalandığını qeyd edib. O, həmçinin bildirib ki, yaxın 45 gün ərzində Ermənistandan Şərqi Azərbaycan əyalətinə nümayəndə heyəti gələcək və kənd təsərrüfatı texnologiyasının istehsalı sahəsində müzakirələr aparacaq.