Azərbaycan, Bakı, 17 iyul /Trend/
Prezident İlham Əliyev Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncamda qeyd olunur ki, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Heydər Əliyev" Beynəlxalq Aeroportunda, Gəncə, Naxçıvan beynəlxalq hava limanlarında və Yevlax hava limanında Rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1373 nömrəli Sərəncamı 2012-ci il sentyabrın 1-dən ləğv edilsin.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin siyahısını iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Eləcə də Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin siyahısını Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təklifləri əsasında iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Bundan əlavə, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə qaydalarını iki ay müddətində təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək də tapşırılıb.