Azərbaycan, Bakı, 27 iyul /Trend/
Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov fəaliyyət göstərdiyi ölkənin Fri Steyt əyalətində rəsmi səfərdə olub.
Səfirlikdən cümə günü Trend-ə verilən məlumata görə, səfər zamanı Poluxov əyalətin paytaxtı Blumfanten şəhərində olub və əyalətin baş direktorunun müavini Albertus Venter, şəhər merinin müavini və Fri Steyt Əyalətinin İnkişafı Korporasiyasının rəhbəri Edvard Komane ilə tanışlıq görüşü keçirib.
Qəbula görə öz təşəkkürünü bildirən səfir həmsöhbətinə Azərbaycan və Ermənstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib. Hər iki ölkənin təqribən eyni dövrdə yeni siyasətə keçdiyini vurğulayan səfir, bu səbəbdən ölkələr arasında oxşar cəhətlərin çox olduğunu qeyd edib. Həmçinin, Poluxov Azərbaycanda sözügedən keçid dövründən sonra iqtisadi durumun intensiv şəkildə inkişaf etməsində ümummilli lider Heydər Əliyevin seçdiyi siyasətin böyük rolu olduğunu qeyd edib. Cavab olaraq direktor müavini təmsil etdiyi əyalətin Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu deyib.
Səfər çərçivəsində Poluxov həmçinin əyalətin ən böyük universiteti sayılan və 33 min tələbəsi olan Fri Steyt Universitetinin rektoru professor Conatan Cansen ilə görüşüb. Görüş zamanı iki ölkənin universitetləri arasında dostluq əlaqələrinin yaradılması məqsədilə yaxın gələcəkdə universitetlər arasında tələbə və müəllim mübadiləsinin, nümayəndə heyətlərinin göndərilməsinin və dostluq mərkəzlərinin yaradılmasının mümkünlüyü müzakirə edilib.
Professor Cansen rəhbərlik etdiyi universitetin dünyanın bir sıra elmi tədris mərkəzləri ilə ikitərəfli əməkdaşlığa dair sənəd imzaladığını və Azərbaycanın müvafiq universitetləri ilə eyni tipli işgüzar əməkdaşlığa hazır olduğunu qeyd edib. Görüşün sonunda səfir Elxan Poluxov Heydər Əliyev Fondunun və digər nəşrlərdən ibarət material toplumunu universitetə hədiyyə edib.
Daha sonra səfir baş qərargahı Blumfanten şəhərində yerləşən CAR-ın Ali Məhkəməsində baş hakim Brend Cakobus və Ali Məhkəmənin Administrasiyasının rəhbəri Bafana Maşinini ilə görüş keçirib. Görüş zamanı Poluxov Cakobusa Azərbaycanın ümumi tarixi və hüquq sistemi barədə məlumat verərək, keçən illər ərzində Azərbaycanın məhkəmə və hüquq orqanları rəhbərlərindən ibarət bir neçə heyətin artıq CAR-a səfər etdiklərini bildirib. Gələcəkdə CAR tərəfinin də Azərbaycana nümayəndə heyəti göndərməsinin məqsədəuyğun olacağı həmsöhbətin diqqətinə çatdırılıb. Cakobus öz növbəsində CAR-ın məhkəmə sistemi və ümumiyyətlə gördükləri işlər barədə səfirə məlumat verib və Azərbaycana səfərin həyata keçirilməsinin mümkün olduğunu bildirib.
Səfir, həmçinin Ali Məhkəmənin sədri Bafana Maşinini ilə eyni mövzuda müzakirələr aparıb.