...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Siyasət Materials 30 İyul 2012 14:37 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığının qarşısı alınıb.
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığının qarşısı alınıb.

MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən Trend-ə daxil olan məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları - Nəhmətov Amid Firudin oğlu, İmanverdiyev Ayaz Mahmud oğlu və hazırda şəxsiyyəti istintaqla araşdırılan Ərşad adlı İran İslam Respublikasının vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni İran İslam Respublikasından gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriblər.

Müəyyən edilib ki, qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, Ərşad adlı iranlı narkotik vasitələri İran istiqamətindən qaçaq yolla Azərbaycanın Astara rayonunun Alaşa kəndi ərazisinə keçirib və orada gizlədib. Ayaz İmanverdiyev həmin narkotik vasitələri əvvəlcədən müəyyən edilmiş yerdən götürərək Astara rayonunun Şahağacı kəndində Amid Nəhmətova təhvil verib. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Ayaz İmanverdiyev və Amid Nəhmətov yaxalanıb, sonuncunun yaşadığı evə keçirilmiş baxış zamanı 24 kiloqram 402,8 qram həşiş qətranı aşkar edilərək götürülüb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri davam edir.

Xəbər lenti

Xəbər lenti