...

İlham Əliyev Zaqatalada Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 9 Sentyabr 2012 13:39 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Zaqatalada 500 şagird yerlik Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində iştirak etmişdir.
İlham Əliyev Zaqatalada Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Zaqatalada 500 şagird yerlik Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi, təhsil ocağında yaradılmış şəraitlə tanış oldu.

Prezident İlham Əliyev məktəbin əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.

Məlumat verildi ki, bu ilin mayında Zaqatalada baş vermiş zəlzələ nəticəsində Gözbarax kənd tam orta məktəbinin binası tamamilə yarasız vəziyyətə düşmüşdür. Prezidentin göstərişinə əsasən bu il iyunun 12-də Fövqəladə Hallar Nazirliyinin xətti ilə məktəb üçün yeni binanın tikintisinə başlanmışdır. Bina yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunmuşdur. Obyekti vaxtında təhvil vermək üçün tikinti işlərinə 250 nəfər işçi qüvvəsi cəlb edilmişdir. Məktəbin yeni binası ikimərtəbəli və üçmərtəbəli üç korpusdan ibarətdir. Burada, həmçinin qazanxana, 100 kubmetrlik iki su anbarı tikilmiş, bir transformator quraşdırılmışdır.

Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən fotostendlər, eləcə də dövlət atributlarına aid xüsusi guşə yaradılmışdır. Yeni avadanlıqla və dərs ləvazimatları ilə təmin edilmiş məktəbdə bu il 250 şagird təhsil alacaqdır. Onların təlim-tərbiyəsi ilə 43 pedaqoq məşğul olur. Məktəbdə 36 sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana, kompyuter otaqları, akt zalı, şagirdlər üçün istirahət zalları, 150 nəfərlik yeməkxana, bufet, müəllim otaqları, inzibati və digər otaqlar vardır. Burada şagirdlər üçün müzakirə zalları da yaradılmışdır. Təhsil ocağında məktəblilərin fiziki hazırlığının təşkilinə xüsusi diqqət yetirilmişdir.

Bildirildi ki, müasir qurğularla təmin edilmiş idman zalında basketbol, mini futbol və idmanın digər növləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılmışdır. İbtidai hərbi hazırlıq kabinetinin də olduğu təhsil ocağında biologiya, fizika, kimya fənlərinin əyani vəsaitlərlə öyrənilməsi üçün laboratoriyalar fəaliyyət göstərəcəkdir. Bununla yanaşı, şagirdlərin asudə vaxtlarının və peşə vərdişlərinin səmərəli təşkili üçün emalatxanalar yaradılmışdır.

Məktəbin binası havalandırma və yanğın həyəcanı sistemləri ilə təchiz edilmişdir.
Prezident İlham Əliyev sinif otaqlarında, fənn kabinetlərində, kitabxanada, yeməkxanada və idman zalında yaradılmış şəraitlə tanış oldu.

Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirdi.

Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Kənd sakini Əhməd Qurbanov göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti