Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan ilə Avropa İttifaqı arasında viza və readmissiya sazişi üzrə növbəti danışıq raundu Bakıda oktyabr-noyabr aylarında keçiriləcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
Onun sözlərinə görə, Aİ danışıqların oktyabr-noyabr aylarında keçirilməsini təklif edib.
"Çox guman ki, danışıqlar noyabr ayında baş tuta bilər. Bu il viza üzrə danışıqların başa çatacağına inanmıram, amma ola bilsin ki, gələn il danışıqlar başa çatsın", - nazir müavini deyib.
Aİ-Azərbaycan assosiativ saziş üzrə danışıqlar barədə danışan nazir müavini bildirib ki, bu proses hələ videokonfranslar çərçivəsində davam edir. O, assosiativ saziş üzrə danışıqların bu il ərzində başa catmayacağını bildirib.
"Çoxlu məsələlər var, qalan məsələlər mühüm məsələlərdir və hələ ki onlar açıqdır", - Məmməd-Quliyev deyib.