...

Gürcüstanda hakimiyyət məsələsi həll edilir

Siyasət Materials 18 Sentyabr 2012 09:00 (UTC +04:00)
1 oktyabr 2012-ci il tarixdə Gürcüstanda parlament, altı aydan sonra isə prezident seçkiləri keçirilməlidir. Yəni, Gürcüstanda oktyabr ayında keçiriləcək bu seçkidə söhbət Saakaşvili "kursu"nun hakimiyyətdə qalıb-qalmaması kimi qlobal bir məsələnin həllindən gedir
Gürcüstanda hakimiyyət məsələsi həll edilir

Arzu Nağıyev - Trend-in icmalçısı

1 oktyabr 2012-ci il tarixdə Gürcüstanda parlament, altı aydan sonra isə prezident seçkiləri keçirilməlidir. Yəni, Gürcüstanda oktyabr ayında keçiriləcək bu seçkidə söhbət Saakaşvili "kursu"nun hakimiyyətdə qalıb-qalmaması kimi qlobal bir məsələnin həllindən gedir.

Araşdırmalar göstərir ki, keçiriləcək seçkilərə vətəndaşların marağı heç vaxt belə yüksək olmayıb. Seçicilərin ümumi sayı təşkil edilmiş 84 seçki dairəsində 3 milyon 600 min nəfərdən artıqdır. Abxaziya və Cənubi Osetiyada yerləşən 11 dairədə isə ərazi cəhətdən Gürcüstan qanunları ilə idarəetmə olmadığından dairələrin 73-ü fəaliyyət göstərəcək.

Seçkilərdə 17 partiya və iki siyasi blokun iştirakı gözlənilir. Əsas mübarizə ölkə Prezidenti Mixail Saakaşvilinin başçılıq etdiyi hakim "Vahid Milli Hərəkat" partiyası və "Bidzina İvanişvili - gürcü arzusu" müxalifət blokunun arasında gedəcək.

Artıq məlumdur ki, Saakaşvili prezident vəzifəsini icra etdiyi üçün partiyasının siyahısına başçılıq etməyəcək, bu missiyanı Baş nazir Vano Merabişvili yerinə yetirəcək. "Gürcü arzusu"na isə, Bidzina İvanişvili Gürcüstan vətəndaşı olmadığı üçün "Milan" futbol klubunun keçmiş oyunçusu Kaxa Kaladze başçılıq edəcək.

Gürcüstanda keçiriləçək seçkiyə xarici müşahidəçilər də maraq göstərir. Artıq rəsmi Tbilisi mühafizəkar ABŞ senatoru Con Makkeyni, dövlət katibinin müavininin köməkçisi Tomas Melianın başçılıq etdiyi ABŞ nümayəndə heyətini, Estoniya və digər beş Avropa ölkəsinin xarici işlər nazirlərini, Avropa Şurasının müşahidə missiyasının nümayəndələrini qəbul etməkdədir.

Gürcüstan vətəndaşları üçün ölkə ərazisindən başqa 36 ölkənin 43 şəhərində (o cümlədən iki seçki məntəqəsi Əfqanıstanda Gürcüstan qoşunları olan ərazidə) seçki məntəqələri yaradılıb.

Gürcüstanla diplomatik münasibətlərinin olmadığı Rusiya ərazisində isə seçki məntəqələri fəaliyyət göstərməyəcək. Deməli, Rusiyada yaşayan gürcülər yeni hökumət seçkisində iştirak etməyəcəklər.

Azərbaycanda yaşayan və ya işləyən yeddi minə yaxın Gürcüstan vətəndaşı ölkənin Bakıdakı səfirliyində təşkil ediləcək seçki məntəqəsində səs vermək hüququna malik olacaqlar.

Bu seçkilər Azərbaycan üçün çox vacibdir, Gürcüstan, ərazisindən ən mühüm nəqliyyat və enerji arteriyası keçən strateji müttəfiqimiz olmaqla bərabər, seçkilərin təsir edəcəyi yarım milyona yaxın azərbaycanlının yaşadığı bir ölkədir.

Bakı və Tbilisini enerji və kommunikasiyalardan başqa, ərazi bütövlüyü problemi də bağlayır. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müqavilələrin sona çatdırılmaması, ərazilərlə bağlı kiçik insidentlərin baş verməsi faktları öz aktuallığında qalır.

Danılmaz faktdır ki, Samsxe-Cavaxetiyada ermənilərin ərazi iddiası, "kilsələrin məsələsi" gündəmdə olsa da, Ermənistan-Gürcüstan münasibətləri bu gün yüksək səviyyədədir və bunu ölkə rəhbərliyi danmır. Saakaşvilinin seçkilərdə məğlubiyyəti Ermənistanın müttəfiqi olan Rusiyanın regionda nüfuz sahibinə çevrilməsinə və müstəqilliyin zəifləməsinə gətirib çıxaracaq.

Azərbaycanı düşündürən mühüm məsələ isə Gürcüstanda yaşayan azərbaycanlılardır. Azərbaycanlılar Kvemo-Kartli (Borçalı) vilayətində 4 rayon mərkəzi olan Qardabani, Bolnisi, Dmanisi və Marneulidə kompakt yaşayırlar. Bu ərazilərdə torpaq münasibətlərinin tənzimlənməsi, hakimiyyətin köçürmə siyasəti, öz doğma dilində təhsil, Gürcüstan hakimiyyəti və dövlət qurumlarında təmsil etmə kimi narazılıqlar dəfələrlə baş versə də, ermənilərdən fərqli olaraq siyasi müstəviyə keçməyib, əsasən sosial problemlərin birgə həllinə yönəlib.

Azərbaycan daim bu problemləri nəzarətdə saxlayaraq həllinə çalışsa da, Tbilisi heç də hər zaman bizim maraqlarımızla üst-üstə düşən (Ermənistan istiqaməti), Azərbaycan prioritetlərinə üstünlük verən Qafqaz siyasətini həyata keçirməyə hazır olduğunu nümayiş etdirmir. Məhz buna görə də seçkilərdə Tbilisi regional siyasətə daha çox diqqət yetirməlidir.

Seçkilərə isə çox az vaxt qalır.

Xəbər lenti

Xəbər lenti