...

Azərbaycan Prezidenti Bərdədə Qəhrəmanlar parkının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 7 Oktyabr 2012 15:48 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Bərdədə Qəhrəmanlar parkının açılışında iştirak etmişdir.
Azərbaycan Prezidenti Bərdədə Qəhrəmanlar parkının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Bərdədə Qəhrəmanlar parkının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Bərdənin sürətli inkişafını özündə əks etdirən, quruculuq və abadlığın əsas ünvanlarından biri olan Koroğlu küçəsində salınan Qəhrəmanlar parkının yerləşdiyi ərazi əvvəllər tamamilə baxımsız vəziyyətdə idi. Tikinti işlərindən sonra Qəhrəmanlar parkı müasir və füsunkar görkəm almışdır. İstirahət guşəsinin ümumi sahəsi 4,5 hektardır.

Diqqətə çatdırıldı ki, parkın salınmasına ötən ilin sentyabrında başlanılmış, bu ilin avqustunda başa çatdırılmışdır. Tikinti işləri ən yüksək standartlar səviyyəsində aparılmışdır. Parkın girişində ölkənin inkişafında əvəzsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin pannosu qoyulmuşdur. Parkda avtomobillər üçün xüsusi dayanacaq yaradılmış, 20 min kvadratmetr ərazidə yaşıllıq işləri aparılmış, üç mindən çox müxtəlif ağac, 11 min bəzək kolu və rəngbərəng güllər əkilmişdir. Güldanlar da parkın görünüşünə əlavə yaraşıq verir. Burada hər cür hava şəraitinə davamlı materiallardan hazırlanan 50 oturacaq və beş istirahət köşkü qoyulmuşdur. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsində qurulmuşdur. İstirahət parkı salınarkən balacalar da yaddan çıxmamış, onlar üçün əyləncə meydançaları yaradılmış, xarici ölkələrdən gətirilən müasir attraksionlar və yelləncəklər quraşdırılmışdır.

Parkdakı məşəl kompleksi də xüsusi zövqlə hazırlanmışdır. Buraya gələn həm qonaqlar, həm də yerli sakinlərin istirahəti hərtərəfli düşünülmüşdür. İstirahət məkanında Çay evi də istifadəyə verilmişdir. Parkda mərmərlə üzlənmiş fəvvarə əraziyə xüsusi gözəllik verir.

Parkın yuxarı tərəfində iri postament üzərində Ana heykəli ucaldılmışdır.

Prezident İlham Əliyev Ana abidəsinin önünə gül dəstəsi qoydu.

Parkda yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti