...

Əli Əhmədov: Qadının mənəviyyatı onun başındakı hicabla müəyyənləşmir

Siyasət Materials 10 Oktyabr 2012 17:12 (UTC +04:00)
Təhsil Nazirliyi qarşısında özlərini dini təəssübkeş adlandıran bir qrup insanın qarşıdurma yaratmasının arxasında xarici qüvvələrin dayanması mümkündür.
Əli Əhmədov: Qadının mənəviyyatı onun başındakı hicabla müəyyənləşmir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir M.Əliyev/

Təhsil Nazirliyi qarşısında özlərini dini təəssübkeş adlandıran bir qrup insanın qarşıdurma yaratmasının arxasında xarici qüvvələrin dayanması mümkündür. Bunu çərşənbə günü Trend-ə radikal yönümlü dindarların müxtəlif istiqamətlərdən Təhsil Nazirliyinin qarşısında toplaşaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərməsini şərh edərkən hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.

"Bir qrup radikal dini qruplaşma bu hərəkətləri ilə hər hansı etiraz aksiyası keçirməkdən daha çox gərginlik, asayişi pozmaq niyyətlərini ortalığa qoydular. İstər həmin aksiyanın keçirilməsinin xarakterində, istərsə də müşahidə olunan digər ştrixlərdə müəyyən bir xətt görsənirdi. Hesab edirəm ki, Azərbaycanın hər bir vətəndaşı, ictimai-siyasi fəaliyyətlə məşğul olan qurumları mütləq şəkildə bu incə məqamı nəzərdə tutmalıdırlar. Demək, Azərbaycan hakimiyyətinin, dövlətinin, Azərbaycan demokratiyasının üzərinə kölgə salmaq məqsədi güdən xarici maraqlı dairələrin olduğu gerçəkliyi unutmamaq lazımdır", - Əhmədov bildirib.

YAP rəsmisi deyib ki, bu aksiya qəti şəkildə pislənilməli bir hərəkət idi.

"Əvvəla, bu aksiya qanunsuz olaraq keçirildi, ikincisi, bu aksiyada iştirak edən insanlar əllərində dəyənəklərlə gəlmişdirlər. Onlar ictimai asayişi tənzimləmək vəzifəsini yerinə yetirən polisin üzərinə hücum etdilər və çoxlu sayda polis əməkdaşları xəsarət aldı", - Əhmədov deyib.

YAP-ın sədr müavini mümkün sayır ki, belə bir asayişi pozma aksiyasının keçirilməsinin səbəbləri içərisində həmin günlərdə Bakıda çox mötəbər bir beynəlxalq tədbirin, Beynəlxalq Humanitar Forumun keçirilməsi də var idi.

"Azərbaycanda çox tez-tez yüksək səviyyəli beynəlxalq tədbirlər keçirilir və bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasından xəbər verir. Ola bilsin ki, istər Azərbaycanın daxilindəki bəzi siyasi qüvvələr, istərsə də Azərbaycandan kənarda olan hansısa maraqlı dairələr Azərbaycanın ictimai və beynəlxalq həyatda önəminin bu dərəcədə yüksəlməsindən qısqanclıq hissləri keçirir və çirkin əməllərlə qanunun mahiyyətinə zidd olan hərəkətlərlə Bakıda bu tədbirlərin keçirilməsinin üzərinə kölgə salmaq istəyirlər. Bu cəhdlər açıq şəkildə özünü göstərir. Bu fikir ortaya gəlir ki, hər dəfə Bakı şəhərində önəmli tədbirlər keçirilərkən ictimai asayişi pozmaq cəhdlərinin ortaya qoyulması bunların təsadüfi olmadığı barədə fikirlər səsləndirməyə ciddi əsaslar yaradır", - Əhmədov əlavə edib.

YAP rəsmisi deyib ki, Azərbaycan demokratik bir ölkədir, burada insanların azadlığına təminat verilib, insan hüquq və azadlıqları qorunur, insanlar öz davranışlarında sərbəstdirlər və kiməsə dövlət tərəfindən davranış formaları təlqin edilmir.

"Kiminsə hansı formada geyinməyi ona məcbur edilmir. Azərbaycanda hicablı qadınlar da var, amma mən sevinirəm ki, bu, çox azdır. Biz XXI əsrdə yaşayırıq. Bu, tamam başqa bir dövrdür, biz elmlərə, biliklərə yiyələnmək uğurunda səy göstərməliyik, məqsədimiz Azərbaycan xalqının öz təhsili, biliyi və təfəkkürü ilə seçilməsi olmalıdır. Mən istərdim ki, bizim qadınların da fərqləndirici cəhəti bundan ibarət olsun. Bunsuz inkişaf etmək, yüksək inkişaf etmiş cəmiyyətə, məmləkətə çevrilmək mümkün deyil", - Əhmədov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycana verilən dəyər də onun müasirliyi ilə bağlıdır. Azərbaycan dünyəvi bir dövlətdir, qanunları var - məktəbin öz davranış formaları və geyim forması mövcuddur.

"Qadının mənəviyyatı onun başındakı hicabla müəyyənləşmir. Bunu edən insanlar onu etməyə kim tərəfindən təhrik olunmasına baxmayaraq, cahil insanlardır, XXI əsrdə özlərinə yer tapa bilməyən insanlardır. Biz xurafata, cahilliyə aparan təbliğatların qarşısına Azərbaycanı müasirləşdirən və gələcəyə aparan təbliğatı qoymalıyıq. Əxlaq, mənəviyyatı təkcə baş bağlamaqla əldə etmək olmaz", - Əhmədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti