Azərbaycan, Bakı, 29 oktyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev bazar günü Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısı avtomobil yolunun sxematik planını əks etdirən stendə baxıb.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Azərbaycan Prezidentinə məlumat verib ki, son on ildə ölkəmizin yol-nəqliyyat strukturunda əsaslı dəyişikliklər baş verib. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulub. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları tamamilə abadlaşdırılır. Dövlətimizin başçısının sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilib. Bu tədbirlər iqtisadiyyatımızın gündən-günə güclənməsini nümayiş etdirməklə yanaşı, dövlətimizin ölkənin istənilən yerində yaşayan vətəndaşlara göstərdiyi qayğı və diqqəti əks etdirir. Bu proses Beyləqan rayonunda da geniş vüsət alıb. Rayondakı Beyləqan-Kəbirli-Baharabad avtomobil yolu tamamilə yenidən qurulub.
Bildirilib ki, uzun illər təmir işləri aparılmaması nəticəsində bu yol istismara yararsız vəziyyətə düşmüşdü. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Ümumi uzunluğu 35 kilometr olan və müasir standartlar səviyyəsində qurulan dördüncü kateqoriyalı avtomobil yolunda iki körpü, on boru su keçidi inşa edilib. Beyləqan rayonunun on kəndini və Xocavənddən olan məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqəsini birləşdirən həmin yoldan 34 minə yaxın sakin istifadə edəcək. Bu günədək yolun 20,2 kilometrlik hissəsində əsaslı təmir işləri başa çatdırılıb. Hazırda yolun qalan hissəsində əsaslı təmir işlərinin yekunlaşdırılması işləri davam etdirilir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Yol ilə tanışlıqdan sonra dövlətimizin başçısı kənd sakinləri ilə görüşüb.
Yolun açılış mərasiminə toplaşan sakinləri salamlayan Prezident İlham Əliyev deyib:
- Yeni yolun açılışı münasibətilə sizi təbrik edirəm. Çox gözəl, rahat yoldur. Əvvəlki yol çox bərbad vəziyyətdə idi. Gediş-gəliş də o qədər asan deyildi. Amma indi gözəl, rahat yol çəkildi. Mən buna çox sevinirəm, çox şadam. Şadam ki, mənim sərəncamlarım vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilir.
Bildiyiniz kimi, bu yolun çəkilişi mənim imzaladığım sərəncamın əsasında mümkün olub. Bütün bölgələrdən bizə məktublar, sifarişlər gəlir, xahişlər göndərilir ki, yollar abadlaşdırılsın. İndi gücümüz də, imkanımız da çatır ki, bunu edək və bunu da edirik.
Sakinlər: Çox sağ olun, Sizə minnətdarlığımızı bildiririk.
Prezident İlham Əliyev: Sizi bir daha təbrik edirəm. Əminəm ki, yaxın gələcəkdə ölkəmizin bütün kənd yolları abadlaşdırılacaq. Əlbəttə, ilkin mərhələdə biz magistral yollara üstünlük verirdik. Çünki bu da təbiidir. Paytaxtımızı şəhərlərlə birləşdirən yolların tikintisi əlbəttə ki, ön planda idi. Amma indi kənd yollarının tikintisinə də vaxt çatıb və biz bunu edirik.
Yol çəkilişi həm insanlara rahatlıq verir, eyni zamanda, hər bir bölgənin inkişafını müəyyən edir. Çünki yol olmasa inkişafdan söhbət gedə bilməz. Həm insanların rahatlığı, eyni zamanda, biznes imkanlarının genişləndirilməsi, gələcəkdə müxtəlif turizm obyektlərinin tikintisi üçün yol əlbəttə ki, əsas məsələdir. Yol çəkilişi ilə əlaqədar bütün bölgələrdə işlər gedir. Eyni zamanda, digər infrastruktur layihələri icra edilir, o cümlədən Beyləqan rayonunda. İndi qazlaşdırma prosesi gedir, içməli su layihəsi artıq başlayır. Yəni, çalışacağıq ki, yaxın illər ərzində qalan problemlər də öz həllini tapsın, bütün bölgələr, bütün rayonlar, o cümlədən Beyləqan rayonu daha da uğurla və sürətlə inkişaf etsin. Sizi bir daha bu hadisə münasibətilə təbrik edirəm.
Kənd sakini Əhməd Əhmədov dövlətimizin başçısına beyləqanlıların ən xoş arzularını çatdırıb.
Sonda xatirə şəkli çəkdirilib.