Azərbaycan, Bakı, 2 noyabr /Trend/
Milli Məclisin plenar iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, həmçinin İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər müzakirə olunur.
Trend-in məlumatına görə, layihənin müəllifi deputat Rəfael Cəbrayılov bildirib ki, bu dəyişikliklər hazırlanarkən 30-a qədər ölkənin təcrübəsi öyrənilib.
"Bu, hüquqi tənzimləmənin daha da dəqiqləşməsinə imkan verəcək", - Cəbrayılov deyib.
Millət vəkili Fazil Mustafa toplantı təşkilatçıları barədə məlumatla əlaqədar dəyişikliyi mənasız sayıb.
Onun fikrincə, təşkilatçının üzərinə hədsiz məsuliyyət qoymaq düzgün deyil.
"Əgər xoş niyyətlə bir aksiya keçirilirsə, sonra kimsə təxribata yol verirsə, təşkilatçının üzərinə bu qədər məsuliyyət qoymaq nə dərəcədə düzgündür?" - Mustafa deyib.
Milli Məclis sədri Oqtay Əsədov aksiya ilə bağlı qərarın partiya sədri yox, partiyanın ali orqanları tərəfindən qəbul edildiyini xatırladıb: "İkincisi, aksiyalar üçün paytaxtda 5 yer ayrılıb".
Deputat İqbal Ağazadə cərimələrin artırılmasının əleyhinə çıxıb.
"Avropada cərimələr var. Bəli, İsveçrədə cərimələr var, ancaq orada əhalinin illik gəliri 50 min avrodur. Azərbaycanda əhalinin gəliri hansı səviyyədədir? Millət vəkillərinin gəliri nə qədərdir? Bu fantastik cərimə rəqəmlərini nəyə əsasən müəyyənləşdirmisiniz?" - Ağazadə əlavə edib.
Ağazadə bildirib ki, əgər sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılırsa, əlbəttə, Azərbaycana təzyiqlər olacaq.
YAP-çı deputatlar isə İqbal Ağazadə və Fazil Mustafanın dedikləri ilə razılaşmayıblar.
YAP icra katibinin müavini Siyavuş Novruzov dəyişikliyin zəruri olduğunu vurğulayıb.
"Deyirsiniz, misal göstər. Fransanı, Böyük Britaniyanı göstərə bilərəm. Su şırnaqlarından istifadə edirlər. Polis atlarının ayağı altına salırlar. O gün baxıram, Yunanıstanda birini necə vurdularsa, üç qabırğası birdən getdi. Azərbaycan polisi isə sakit və mədəni şəkildə yaxınlaşır ki, qanunsuz aksiyadır, dağılışın. Hətta polisin əsil-nəcabətini də üzünə söyürlər. Hətta bu zaman da polis sərt davranmır. Axı söhbət qanunsuz aksiyalardan gedir. Qanuni aksiya keçirsinlər, cərimə də olunmasınlar. Qanuni aksiya keçirə bilmirlər. Çünki sosial baza və elektoratları yoxdur", - o deyib.
Müzakirələrdən sonra "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, həmçinin İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər qəbul olundu.