...

Bakıda TÜRKPA dövlətlərinin hüquq sahəsində əməkdaşlığı müzakirə edilir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 Noyabr 2012 12:59 (UTC +04:00)
Bu gün Bakıda TÜRKPA-nın Hüquq Komissiyasının ikinci iclası öz işinə başlayıb.

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Bakıda TÜRKPA-nın Hüquq Komissiyasının ikinci iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, iki gün davam edəcək toplantıda "TÜRKPA üzv dövlətləri parlamentlərinin reqlamentləri və millət vəkillərinin səlahiyyətləri" və "TÜRKPA üzv ölkələri arasında qanunvericilik məsələləri üzrə əməkdaşlıq" mövzusu üzrə hesabat və tövsiyə qərarları müzakirəyə çıxarılacaq.

Komissiyanın işində Türkiyə parlamentinin millət vəkili, komissiyanın sədri Haluk İpəyin başçılığı altında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən millət vəkilləri və TÜRKPA katibliyinin əməkdaşları iştirak edirlər. Tövsiyə qərarları qəbul ediləcəyi təqdirdə TÜRKPA-nın gələn il Türkiyədə keçiriləcək 4-cü plenar sessiyasında təqdim ediləcək. Orada da təsdiq ediləcəyi təqdirdə üzv ölkələrin parlamentlərinə bu istiqamətdə yeni qanun layihələri hazırlamaq məqsədilə göndəriləcək.

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov çıxışında bildirib ki, TÜRKPA-ya daxil olan ölkələrin qanunvericiliyini dərindən öyrənmək vacibdir. İlk növbədə, bu ölkələrin
ana yasası öyrənilməlidir. Türkdilli dövlətlərin konstitusiyalarının öyrənilməsi, tədrisi vacibdir. Ona görə ki, qanunvericilik sahəsində inteqrasiya lazımdır.

"Bir-birimizin qanunlarını öyrənmək bir-birimizi daha yaxşı anlamaq, münasibət qurmaq baxımından vacibdir", - Əsgərov deyib.

O, bildirib ki, türkdilli ölkələri ümumi dəyərlər birləşdirir.

"Ölkələrimizin ana yasalarında prinsiplər, demək olar ki, eynidir. Parlament əməkdaşlığı çərçivəsində parlament diplomatiyasından istifadə edərək bu qrupa daxil olan ölkələrin qanunvericiliyini öyrənmək olduqca vacibdir. Bu sırada ana yasanın birinci yerdə olması təbiidir", - Əsgərov deyib.

Onun sözlərinə görə, bütövlükdə qanunvericiliyin araşdırılması, qanunvericilik aktlarının qəbul edilməsi, qanunvericilik aktlarına müvafiq olaraq digər qanun qüvvəli aktların qəbul edilməsi, tətbiqi qaydası bu dövlətlər arasında inkişafı, əməkdaşlığı daha da möhkəmləndirəcək.

"TÜRKPA-ya daxil olan ölkələrin vətəndaşları bir-birinə qonaq gedir, rəsmi tədbirlərdə çıxış edir, o ölkələrdə seçkilərdə iştirak edirlər. Bu baxımdan qanunvericilik aktlarının öyrənilməsi işimizi çox asanlaşdıracaq", - Əsgərov əlavə edib.

TÜRKPA-nın baş katibi Ramil Həsənov qeyd edib ki, Azərbaycan Prezident TÜRKPA-ya yeni bina verilməsi ilə bağlı göstəriş verib. Gələn ilin yanvarında bina qurumun istifadəsinə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti