...

ATƏT Azərbaycan hakimiyyətinin söz azadlığı barədə dialoqa hazır olmasını yüksək qiymətləndirir

Siyasət Materials 7 Noyabr 2012 15:14 (UTC +04:00)
ATƏT-in söz azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycan hakimiyyətinin bu sahədə dialoqa hazır olmasını yüksək qiymətləndirir.
ATƏT Azərbaycan hakimiyyətinin söz azadlığı barədə dialoqa hazır olmasını yüksək qiymətləndirir

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

ATƏT-in söz azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycan hakimiyyətinin bu sahədə dialoqa hazır olmasını yüksək qiymətləndirir. Trend-in məlumatına görə, bu barədə xanım Miyatoviç çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında deyib.

"Biz jurnalistlərlə, vətəndaş cəmiyyətinin və Azərbaycan hakimiyyətinin nümayəndələri ilə söz azadlığı məsələlərini müzakirə etdik. Mən jurnalistlərin bizim ofisimizə bəslədikləri etimad və dəstəyi çox yüksək qiymətləndirirəm", - Miyatoviç bildirib.

Onun sözlərinə görə, Bakıya hazırkı səfəri çərçivəsində o, ölkənin rəsmi şəxsləri ilə görüşüb və jurnalistlərə münasibətdə bəzi qanun və qərarlarda dəyişiklərin edilməsi məsələlərini müzakirə edib.

"Fikir ifadəsinin azadlığı və söz azadlığı haqqında qanunlarda dəyişikliklər edilməlidir. Mən Azərbaycanın bu məsələlər üzrə dialoqa hazır olduğunu görməyə şadam. Bu, yeri gəlmişkən, ATƏT-in bütün ölkələrindəki jurnalistlərə və bloqerlərə aiddir", - Miyatoviç qeyd edib.

Miyatoviç Bakıda VII İnternet İdarəçilik Forumunda (IGF) və onlayn KİV-in və onların əməkdaşlarının təhlükəsizliyi məsələlərinin müzakirəsində iştirak edib.

İnformasiya cəmiyyəti məsələləri üzrə Avropa komissarı Nili Kroesin sözlərinə görə, hökumətin söz azadlığı məsələlərinə diqqət ayırması vacibdir, Azərbaycan üçün söz azadlığına zəmanət kimi azad internetə malik olmaq çox vacibdir.

"Bu, çox gənc demokratiyadır və uzun prosesdir, lakin vəziyyətin yaxşılaşdırılması üçün vaxt və imkanları itirmək olmaz. Söz azadlığı Avropa İttifaqının təməl prinsipidir", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti