...

Azərbaycan Prezidenti və xanımı Milli Olimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak ediblər (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 7 Noyabr 2012 21:42 (UTC +04:00)
Noyabrın 7-də Buta sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 20 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycan Prezidenti və xanımı Milli Olimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak ediblər (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Noyabrın 7-də Buta sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 20 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Mərasimin iştirakçıları dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu dedi və bildirdi ki, Milli Olimpiya Komitəsinin tarixi müstəqilliyimizin tarixi ilə üst-üstə düşür. 1990-cı illərin ortalarından başlayaraq bu günə qədər Olimpiya hərəkatı sahəsində böyük işlər görülüb, idmanın müxtəlif növlərinin inkişafı üçün uğurlu addımlar atılıb. Bu illər ərzində idman uğurlarımız artıb, eyni zamanda, beynəlxalq əlaqələrimiz genişlənib. Milli Olimpiya Komitəsinin yubiley mərasimində iştirak etmək üçün müxtəlif ölkələrdən Azərbaycana çoxsaylı qonaqların gəlişi də əlaqələrimizin nə qədər geniş olduğunu nümayiş etdirir.

Dövlətimizin başçısı bu gün ölkəmizdə beynəlxalq Olimpiya federasiyalarının dəstəyi ilə müxtəlif idman növləri üzrə çempionatların keçirildiyini söylədi. Prezident İlham Əliyev vurğuladı ki, qonaqpərvərliyimiz və yüksək səviyyədə təşkilatçılığımız bu idman yarışları üçün nadir şərait yaradır. Dövlətimizin başçısı onu da bildirdi ki, Azərbaycanda idmanın inkişafına geniş prizmadan yanaşılır, kompleks tədbirlər görülür və ilk növbədə, bu istiqamətdə çox uğurlu dövlət siyasəti aparılır. Bütün idman qurumları vahid şəkildə fəaliyyət göstərir.

Prezident İlham Əliyev bütün idman ictimaiyyəti və Azərbaycan xalqını Milli Olimpiya Komitəsinin 20 illik yubileyi münasibətilə təbrik etdi, idmançılara yeni uğurlar arzuladı.

Sonra Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Sloveniya Olimpiya Komitəsinin prezidenti Janez Koçijançiç çıxış edərək Avropa Olimpiya Komitəsinin prezidentinin və İcraiyyə Komitəsinin üzvlərinin təbriklərini çatdırdı. "Təbrik edirəm, siz idman sahəsində böyük uğurlar, fantastik nailiyyətlər əldə edirsiniz", - deyən qonaq London Olimpiya Oyunlarında Azərbaycanın qazandığı uğurların bunu bir daha təsdiqlədiyini söylədi.

Azərbaycanı gələcəyə nəzər salan idman ölkəsi adlandıran Janez Koçijançiç Milli Olimpiya Komitəsinin 20 illik yubileyi münasibətilə Avropa Olimpiya Komitəsinin xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.

Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti rəhbərlik etdiyi qurumun Azərbaycanın Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlığından danışdı və Azərbaycanda idmanın, xüsusilə də güləşin inkişafına verilən dəstəyə görə dünyanın bütün güləşçiləri adından minnətdarlığın bildirdi.

Sonra Azərbaycanın tanınmış incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti