...

Pakistan Azərbaycana bir sıra sahələrdə təlimlər keçməyi təklif edir

Siyasət Materials 26 Noyabr 2012 13:46 (UTC +04:00)
Pakistan Azərbaycan üçün müdafiə, dəmir yolu, bank, poçt və bir sıra digər sahələrdə təlimlər təşkil edə bilər.
Pakistan Azərbaycana bir sıra sahələrdə təlimlər keçməyi təklif edir

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir M.Əliyev/

Pakistan Azərbaycan üçün müdafiə, dəmir yolu, bank, poçt və bir sıra digər sahələrdə təlimlər təşkil edə bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Pakistan parlamentinin Kəşmir üzrə xüsusi komitəsinin sədri Fəzl Ur Rəhman Azərbaycan Milli Məclisində Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə görüşdə bildirib.

O, həmçinin qeyd edib ki, Pakistanla Azərbaycan arasında ticarətin həcmi hələlik iki ölkə arasında əlaqələrin səviyyəsini əks etdirmir. "İki ölkə arasında ticarət əlaqələrini genişləndirmək lazımdır. İki ölkənin parlamentləri arasında da qarşılıqlı səfərlərin intensiv xarakter alması vacibdir", - Fəzl Ur Rəhman deyib.

Onun sözlərinə görə, Pakistan Azərbaycanla bərqərar olan dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirir. Rəhman qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistanı dövlət kimi tanımayan yeganə ölkədir.

"Dağlıq Qarabağ və Kəşmir məsələlərində iki ölkənin mövqeyi onlar arasında mövcud olan əlaqələrin təzahürüdür", - pakistanlı parlamentari bildirib.

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əliağa Hüseynov görüşdə bildirib ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri günü-gündən inkişaf edir.

"Sevindirici haldır ki, Pakistan parlamentinin hər iki palatasında Azərbaycanla dostluq qrupları mövcuddur", - o deyib.

Hüseynov qeyd edib ki, dostluq münasibətləri bundan sonra da inkişaf etdiriləcək.

İşçi qrupunun üzvü Eldar İbrahimov görüşdə bildirib ki, bu gün Pakistan və Azərbaycan eyni problemləri yaşayır.

"Pakistan Dağlıq Qarabağ probleminin həllinə öz köməyini təklif edib, biz də hər zaman Pakistana öz dəstəyimizi göstərəcəyik. ", - İbrahimov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti