...

Bakıda Rumıniyanın milli bayramı qeyd edilib

Siyasət Materials 4 Dekabr 2012 22:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir E.Mehdiyev/

Çərşənbə axşamı Rumıniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Birlik Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra səfir Daniel Kristian Çiobanu ötən müddətdə Rumıniyanın keçdiyi inkişaf yolundan danışıb. Azərbaycan-Rumıniya münasibətlərinə toxunan diplomat ölkələrimiz arasında hərtərəfli əlaqələrin son illər sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan və Rumıniya prezidentləri arasında yaranmış münasibətlər hər iki ölkənin strateji əməkdaşlığının daha da inkişafına böyük töhfə verir. Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsindən məmnunluğunu diqqətə çatdıran səfir münasibətlərimizin gələcəkdə daha sürətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Sənaye və energetika naziri Natiq Əliyev əlamətdar gün münasibətilə dost rumın xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik edərək, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırıb.

Rumıniyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu deyən nazir dövlətlərimiz arasında əlaqələrin əsasının ümummilli lider Heydər Əliyevin 1995-ci ildə bu ölkəyə rəsmi səfəri ilə qoyulduğunu deyib. Nazir əlavə edib ki, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri münasibətlərin daha da inkişafına təkan verib. Rumıniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.

Natiq Əliyev Azərbaycan ilə Rumıniya arasında əməkdaşlığın istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional təşkilatlar çərçivəsində daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Sonda bildirilib ki, beynəlxalq əlaqələrdə Rumıniyanın və ümumi dəyərlərin inkişafına əvəzsiz töhfələrinə görə, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov, xarici işlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyev, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Rumıniyanın Xarici İşlər nazirliyinin fəxri diplomları ilə təltif edilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti