Azərbaycan, Bakı, 5 dekabr /Trend/
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov çərşənbə günü MDB ölkələrinin Dövlət Başçıları Şurasında iştirak etmək üçün Aşqabada gəlmiş Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüş keçirib. Bu barədə Trend "Türkmən Dövlət Xəbərləri"nə istinadən məlumat verir.
Görüş üçün ayırılmış vaxta və səmimi qəbula görə təşəkkür edən Rasizadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb. Azərbaycanın qonşu Türkmənistanla dostluq və qardaşlıq münasibətlərinə dəyişməz sədaqətini bildirib.
Öz növbəsində, Prezident Qurbanqulu Berdiməhəmmədov azərbaycanlı həmkarına ən xoş arzularını çatdırıb və vurğulayıb ki, Türkmənistan dövləti ümumi əmin-amanlığa cavab verən sülhpərvər, mehriban və faydalı əməkdaşlıq siyasətinə önəm verərək, qarşılıqlı prioritet istiqamətlər üzrə sərfəli əməkdaşlıq əlaqələrinin olduğu Azərbaycanla ənənəvi dost münasibətlərinin inkişafına böyük əhəmiyyət verir.
Baş nazir Artur Rasizadə Türkmənistan və Azərbaycan arasında yüksək dialoqun olduğunu qeyd edib və bu əməkdaşlığın beynəlxalq aləmdə qarşılıqlı dəstəyə və etibara əsaslandığını bildirib.
Baş nazir vurğulayıb ki, əməkdaşlığın hərtərəfli genişlənməsi və inkişafın əsasını məqsədlərin birliyi, böyük iqtisadi və resurs potensialı təşkil edir, həmçinin ümumi tərəqqiyə və inkişafa cəhd göstərilir.
Görüşdə ümumi vəziyyət, prioritetlər və ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq kəsb edən digər beynəlxalq məsələlər də müzakirə edilib.
Görüş zamanı tərəflər bütün sahələrdə faydalı əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində davamlı olmasının vacibliyini vurğulayıblar.
Rasizadə deyib ki, Azərbaycan Türkmənistanın xarici siyasət, Orta Asiya və Xəzər hövzəsinin sülh və sabitlik regionlarına çevrilməsi təşəbbüslərini də dəstəkləyir.