...

Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 13-cü iclası keçirilib

Siyasət Materials 17 Dekabr 2012 16:50 (UTC +04:00)
Dekabrın 17-də Brüsseldə Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Şurasının 13-cü iclası keçirilib.
Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 13-cü iclası keçirilib

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.Mehdiyev/

Dekabrın 17-də Brüsseldə Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Şurasının 13-cü iclası keçirilib.

Trend Azərbaycan Xarici İşlər Nazirliynin saytına istinadən xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Avropa İttifaqını isə hazırkı Aİ sədrliyi tərəfindən Kiprin xarici işlər naziri xanım Erato Kozaku-Markulis və genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissar Ştefan Füle təmsil ediblər.

Rotasiya prinsipi üzrə hazırkı iclasa Aİ tərəfi sədrlik edib. Görüşün başlanığıcında Aİ tərəfi Azərbaycanı 2015-ci ildə I Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının qərarı münasibətilə təbrik edib. Bu xüsusda ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu alqışlanıb və bu kimi nailiyyətlərin Azərbaycanı dünyaya tərənnüm etmək üçün yaxşı imkan olduğu bildirilib.

Azərbaycan xarici işlər naziri Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında Aİ tərəfinə geniş məlumat verib, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq və Avropa Qonşuluq Siyasəti üzrə Aİ-Azərbaycan Fəaliyyət Planında göstərildiyi kimi dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həllinin vacibliyini vurğulayıb və münaqişənin nizamlanması ilə bağlı Aİ-nin qəti mövqeyinin ifadə olunmasının əhəmiyyətini qeyd edib.

Danışıqlar çərçivəsində, həmçinin Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında fəaliyyət və gələcək əməkdaşlıq müzakirə olunub, mövcud əməkdaşlığın, Aİ standartlarının Azərbaycanın inkişafı üçün xidmət edəcəyi qeyd olunub. Bu xüsusda Avronest Parlament Assambleyasının 2-ci sessiyasının bu ilin 3-4 aprel tarixlərində Bakıda yüksək səviyyədə keçirildiyi vurğulanıb.

Tərəflər Aİ ilə Azərbaycan arasında assosiasiya sazişi üzrə aparılan danışıqlarda əldə olunan nailiyyətləri alqışlayıb və müzakirələrin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər. Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə sazişlərə dair danışıqların davam etdiyi qeyd edilib və bu danışıqların qısa müddət ərzində tamamlanmasına ümid ifadə olunub.

Eyni zamanda, Aİ ilə Azərbaycan arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bununla bağlı Aİ nümayəndələri Avropanın enerji təminatı təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm dayaqlardan biri olduğunu, "Cənubi Qaz Dəhlizi"nin reallaşdırılmasında TANAP layihəsinin müstəsna əhəmiyyətini və ölkəmizin aparıcı rolunu xüsusilə vurğulayıblar. Nəqliyyat sahəsinə gəldikdə, Bakı-Tbilisi-Qars dəmir yolu infrastrukturunun nəinki Cənubi Qafqaz üçün, habelə Mərkəzi Asiya, Əfqanıstan, Qara və Aralıq dənizləri və Xəzəryanı ölkələr üçün strateji əhəmiyyət kəsb edəcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti