...

Azərbaycanın Lüksemburqdakı səfiri etimadnaməsini ölkənin Böyük Hersoqu Henriyə təqdim edib.

Siyasət Materials 15 Mart 2013 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev /

Azərbaycanın iqamətgahı Brüssel şəhəri olmaqla Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov etimadnaməsini Lüksemburqun Böyük Hersoqu Henriyə təqdim edib.

Səfirlikdən Trend-ə daxil olan məlumata görə, təqdimetmə mərasimindən sonra Fuad İsgəndərovla Böyük Hersoq Henri arasında səmimi söhbəti zamanı səfir Böyük Hersoq Henriyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Böyük Hersoq Henri də onun səmimi salamlarının və xoş arzularının Azərbaycanın dövlət başçısına və Azərbaycan xalqına çatdırılmasını xahiş edib.

Daha sonra səfir Böyük Hersoq Henrinin ölkəmiz və regionla bağlı suallarını cavablandıraraq Azərbaycan Respublikasının Lüksemburqla müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb, Cənubi Qafqaz regionunda cərəyan edən proseslər, ölkəmizin əldə etdiyi siyasi və iqtisadi nailiyyətlər, ölkəmizin enerji siyasəti və Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlığı barədə ətraflı məlumat verib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və danışıqlar prosesinin hazırki durumu barədə Hersoq Henriyə ətraflı məlumat verib.

Böyük Hersoq Henri Azərbaycanın regionda mühüm ölkə olduğuna diqqət çəkərək Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini və Lüksemburqun da BMT TŞ-nın qeyri-daimi üzvü seçilməsində ölkəmizin verdiyi dəstəyi yüksək qiymətləndirib və dünya miqyaslı məsələlərin həllində ölkəmizin müəyyən tövhəsinin olduğuna əminlik bildirib.

Sonda Böyük Hersoq Henri Fuad İsgəndərovu yeni təyinatı ilə bağlı təbrik edərək gələcək fəaliyyətində uğurlar arzulayıb və Lüksemburq hökumətinin müvafiq əməkdaşlıq üçün hər zaman zəruri dəstəyinin olacağını vəd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti