...

Mübariz Əhmədoğlu: Azərbaycan əksər hallarda Türkiyənin maraqları uğrunda Türkiyədən daha artıq mübarizə aparıb

Siyasət Materials 16 Mart 2013 13:14 (UTC +04:00)
Azərbaycan əksər hallarda Türkiyənin maraqları uğrunda Türkiyədən daha artıq mübarizə aparıb.
Mübariz Əhmədoğlu: Azərbaycan əksər hallarda Türkiyənin maraqları uğrunda Türkiyədən daha artıq mübarizə aparıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycan əksər hallarda Türkiyənin maraqları uğrunda Türkiyədən daha artıq mübarizə aparıb.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu şənbə günü keçirdiyi mətbuat konfransında bildirib.

Mərkəzin direktorunun fikrincə, Türkiyə rəhbərliyi Türkiyə-Azərbaycan münasibətlərinin özəlliyini və bu münasibətlərin Azərbaycan üçün yaratdığı əlavə gərginlikləri tam mahiyyəti ilə anlamalıdır. Türkiyə-Azərbaycan münasibətləri istər Qərb, istər Rusiya, istərsə də İran tərəfindən həmişə diqqət mərkəzində olub.

"Türkiyəyə qarşı münasibətimizin azacıq zəifləməsi fonunda Azərbaycana geniş mənada regionun liderliyi perspektivini də işarə ediblər. Bəzi dövlətlərin Dağlıq Qarabağ məsələsində Azərbaycanın ziyanına inadkar mövqeyi də Azərbaycanın Türkiyə ilə münasibətlərinin hesabınadır. Buna baxmayaraq, Azərbaycan əksər hallarda Türkiyənin maraqları uğrunda Türkiyədən daha artıq mübarizə aparıb. Fəaliyyət metodologiyaları fərqlənə bilər, amma son illərdə Azərbaycan tərəfinin apardığı mübarizə daha effektli olub. Azərbaycan Türkiyə ilə münasibətlərini təzyiqlərdən qoruya bildiyi halda, Türkiyə özünü belə təzyiqlərdən qoruya bilməyib"- deyə politoloq qeyd edib.

Əhmədoğlunun sözlərinə görə, Türkiyənin hazırki hökuməti bu vaxta kimi Azərbaycanın ziyanına olan bir sıra yanlış addımlar atıb.

"Türkiyə prezidenti Abdulla Gül prezident seçilməsi şübhə doğuran Serj Sarqsyanı Vladimir Putindən sonra ikinci təbrik edən prezident oldu və Xocalı soyqırımının ildönümünə bir həftə qalmasını da nəzərə almadı. Lakin Azərbaycan Prezidenti Yunan Kiprində prezident seçkilərinin başa çatmasına baxmayaraq, bu günə kimi onu təbrik etməyib. Halbuki, Azərbaycan Prezidenti bunu edə bilərdi. Yunan Kipri məhz Türkiyənin indiki rəhbərliyinin buraxdığı səhvlərin hesabına Avropa İttifaqının üzvüdür. Eləcə də Azərbaycanın Yunanıstanda enerji maraqları var. Türkiyə faktoruna görə Azərbaycan Prezidenti bu addımı atmadı", Əhmədoğlu bildirib.

Politoloqun fikrincə, əslində Yunan Kipri ilə münasibətləri normallaşdırmaqla Azərbaycan Yunanıstan istiqamətində xeyli siyasi və iqtisadi divident əldə edə bilər: "Yunanıstanın qazpaylama şəbəkəsinin sahibi olan "DEPA" şirkətinin Azərbaycana satılması gündəlikdədir və bu məsələdə ARDNŞ-in rəqibi Rusiyanın "Qazprom" şirkətidir. Kifayət qədər riskli məsələdir. Yunan Kipri ilə münasibətləri normallaşdırmaqla risk xeyli azalır, divident isə artır."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti