...

BMT TŞ-də Əfqanıstanda BMT-nin Yardım Missiyası üzrə müzakirələr keçirilib

Siyasət Materials 30 Mart 2013 19:39 (UTC +04:00)
BMT-nin Təhlükəsizlik Şurasında Rusiya Federasiyasının sədrliyi altında Əfqanıstanda BMT-nin Yardım Missiyası üzrə müzakirələr keçirilib.
BMT TŞ-də Əfqanıstanda BMT-nin Yardım Missiyası üzrə müzakirələr keçirilib

Azərbaycan, Bakı, 30 mart /Trend/

BMT-nin Təhlükəsizlik Şurasında Rusiya Federasiyasının sədrliyi altında Əfqanıstanda BMT-nin Yardım Missiyası üzrə müzakirələr keçirilib.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin Trend-ə verdiyi məlumatda bildirilir ki, iclasda Şuranın 15 üzv ölkə ilə yanaşı, 17 dövlətin və Əfqanıstan üzrə Avropa İttifaqının nümayəndələri çıxış ediblər.

Təhlükəsizlik Şurasının üzvü olan Avstraliya, eləcədə Danimarka və Finlandiya həmin müzakirələrdə xarici işlər nazirləri səviyyəsində iştirak ediblər.

Qeyd edək ki, həmin müzakirələrin əvvəlində BMT-nin Baş katibi çıxış edib və onun xüsusi nümayəndəsi, Əfqanıstanda BMT-nin Yardım Missiyasının rəhbəri brifinq verib.

İclasda səsləndirdiyi nitqində Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi Səfir A.Mehdiyev bildirib ki, Əfqanıstanda sülh və sabitliyin təşviq edilməsi və Əfqan Hökumətinin prioritetlərinin həyata keçirilməsi istiqamətində BMT öz işini davam etdirməlidir. Səfir ölkədə sülhə nail olmaq üçün Əfqanıstan Hökumətinin göstərdiyi səylərin yüksək qiymətləndirildiyini qeyd edib.

O, Əfqanıstan ilə qonşu ölkələr və geniş spektrli məsələlər üzrə digər tərəfdaşlar arasında gücləndirilən əməkdaşlığın ölkədə və bölgədə uzunmüddətli sabitliyin qorunub-saxlaması üçün vacibliyini vurğulayıb.

Səfir Mehdiyev təhlükəsiz və sabit Əfqanıstan üçün İstanbul prosesinin vacibliyini və cari il fevral ayının 6-da ölkəmizdə Asiyanın qəlbində regional əməkdaşlıq üçün yeni gündəlik: İstanbul prosesi çərçivəsində yüksək səviyyəli şəxslərin görüşünün keçirildiyini bildirib.

O, ölkəmizin Əfqanıstanda sülh və sabitliyin təşviq edilməsi üçün beynəlxalq və regional səviyyədə mövcud olan müvafiq siyasi təşəbbüslərdə iştirak etdiyini və Əfqanıstanın suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstək verdiyini qeyd edib.

İclas zamanı qəbul olunmuş qətnamədə BMT-nin Təhlükəsizlik Şurası Əfqanıstanda BMT-nin Yardım Missiyasının mandatını 19 mart 2014-cü ilə qədər uzadıb, Əfqan Hökumətinin səylərinə dəstək verib və Bakıda keçirilmiş yüksək səviyyəli şəxslərin görüşünün nəticələrini alqışlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti