Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Tariverdiyeva/
Rusiyanın Azərbaycandakı səfirliyi KİV-də "Nezavisimaya qazeta"nın jurnalisti Milrad Fətullayevin iştirakı ilə Bakıda baş vermiş insidentlə bağlı səfirliyin Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərməsi barədə yayılan məlumatı Trend-ə şərh edib.
Səfirliyin mətbuat attaşesi Alina Zolotaryovanın sözlərinə görə, səfirlik həqiqətən də Azərbaycan XİN-ə Rusiya vətəndaşı M.Fətullayevanin Azərbaycan ərazisinə giriş üçün həqiqi sənədlərinin olduğu halda, onun girişinə qadağa qoyulması və Rusiyaya deportasiya edilməsi səbəblərinin aydınlaşdırılmasına kömək etmək xahişi ilə nota göndərib.
"Notada "etiraz" sözü qeyd edilməyib", - Zolotaryova deyib.
Onun sözlərinə görə, səfirlik Azərbaycan XİN-dən notaya operativ reaksiya verilməsini gözləyir.
Qeyd edək ki, daha əvvəl KİV-də Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında rusiyalı jurnalist, "Nezavisimaya qazeta"nın müxbiri Milrad Fətullayevlə bağlı hadisə ilə əlaqədar olaraq Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası göndərməsi barədə məlumat yayılmışdı.
"Nezavisimaya qazeta"nın icmalçısı Fətullayev Bakı aeroportunda martın 31-dən aprelin 1-nə keçən gecə saxlanılıb, sonra isə ölkədən deportasiya olunub.