Azərbaycan, Bakı, 1 may /Trend/
Çexiyanın nüfuzlu "parlamentnilisty.cz" internet səhifəsində jurnalist və yazıçı, Çexiyanın keçmiş Prezidenti Vatslav Klausun Ofisinin rəhbər müavini Petr Hayekin "Nə zaman Parlament Şvartsenberqin Çexiya Respublikasına ziyan vurması barədə qərar qəbul edəcəkdir" başlıqlı məqalə dərc edilib.
Məqalədə müəllif Karel Şvartsenberqi boş-boş danışan, "həmişənazir" kimi səciyyələndirib və onun Çexiya xarici siyasət maraqlarına zidd olan ifadələr işlətdiyini qeyd edib. Bu səpkidə, o, "nəhəng antidiplomatik şəxsiyyət", "Çexiya tarixində ziyanverici şəxs" kimi xarakterizə olunub və qeyd edilib ki, Şvartsenberq əsl dost və sponsorlarının maraqlarını güdür, insan hüquqlarından isə sadəcə olaraq istifadə edir.
Müəllif bildirir ki, Şvartsenberq hər şey edə bilər - öz mülkiyyəti üçün Avropa İttifaqından dotasiya ala, ölkənin dünyadakı iqtisadi maraqlarını məhv edə və böyük şirkətləri qəribə şəkildə ələ keçirə bilər.
"Sonuncu dəfə bu digər hallarda "superavropalı" olan adam (K.Şvartsenberq nəzərdə tutulur) azərbaycanlı hüquqşünas İntiqam Əliyevə mükafat verərək (əlbəttə ki, insan hüquqlarına görə), "havel" stilində Qərb ölkələrinə solçu tənqidi ilə hücum etdi, guya onlar dəvəquşu kimi Azərbaycanda insan hüquqlarına görə başlarını yerdə gizlədə bilməzlər. Bunun nəticəsi odur ki, surətlə inkişaf edən həmin ölkədə artıq milyardlarla sərmayələr bizim insan hüququ nöqteyi-nəzərdən "geridə qalmış" Qərbi Avropalı tərəfdaşlarımızın üzərinə düşür. Bunu hökumət bilirdi mi? Reaksiya nə oldu?", məqalədə deyilir.