...

İtaliya parlamentində Azərbaycan üzrə seminar keçirilib (FOTO)

Siyasət Materials 7 May 2013 01:50 (UTC +04:00)
Cari ilin may ayının 6-da İtaliya Parlamentinin Deputatlar Palatasında bu ölkədə insan hüquqları müdafiəsi üzrə aparıcı qurumlardan biri olan İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsi “Beynəlxalq humanitar hüquqda məcburi köçkünlərin müdafiəsi: Azərbaycan məsələsi” adlı beynəlxalq seminar keçirib.
İtaliya parlamentində Azərbaycan üzrə seminar keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Bazar ertəsi İtaliya Parlamentinin Deputatlar Palatasında bu ölkədə insan hüquqları müdafiəsi üzrə aparıcı qurumlardan biri olan İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsi "Beynəlxalq humanitar hüquqda məcburi köçkünlərin müdafiəsi: Azərbaycan məsələsi" adlı beynəlxalq seminar keçirib.

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, tədbiri İtaliya Helsinki Komitəsinin baş katibi Antonio Stanqo açıb.

Tədbirin əvvəlində Deputatlar Palatası sədrinin aparat rəhbəri, insan hüquqları üzrə tanınmış ekspert Mauritsio Qressi Palatanın sədri xanım Laura Boldrininin adından konfransın iştirakçılarını salamlayıb. Avropanın ən böyük universitetlərindən biri olan Romanın Sapienza Universitetinin beynəlxalq münasibətlər və əməkdaşlıq üzrə prorektoru professor Antonello Biacini öz giriş nitqində beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycanda məcburi köçkünlərin məsələsinə yönəldərək irimiqyaslı humanitar böhranların qarşısının alınmasının vacibliyini vurğulayıb.

Daha sonra Aralıq Dənizi Parlament Assambleyasının baş katibi səfir Sergio Piatsi, Norveç Helsinki Komitəsinin baş katibinin müavini Qunnar Slidal, Sapienza Universitetinin tədqiqatçısı Alberto Bekerelli, Brüsseldəki İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq təşkilatının direktoru Bricit Düfur, AR Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məsələləri üzrə idarə rəisi Marat Kəngərlinski, BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson məruzələrlə çıxış ediblər.

Məruzələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycandakı məcburi köçkünlərin hüquqlarının qorunmasının vacibliyi qeyd olunub, bu sahədə ölkəmizdə aparılmış islahatlar, əldə olunmuş nailiyyətlər və mövcud problemlər barədə fikir mübadiləsi aparılıb. Tədbir zamanı eləcə də Gürcüstan, Bosniya və Herseqovina, Suriya və digər regionlarda baş vermiş münaqişələrin tarixi, onların nəticəsində məcburi köçkün və qaçqın düşmüş şəxslərin müdafiəsi mövzularına toxunulub.

Tədbir zamanı auditoriyanın çoxsaylı sualları cavablandırılıb və mövzu ilə əlaqədar geniş müzakirələr aparılıb. Tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti