...

Prezident İlham Əliyev: Status-kvonun dəyişilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanğıcı deməkdir (FOTO)

Siyasət Materials 15 May 2013 09:38 (UTC +04:00)
Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin status-kvonun qəbulolunmazlığı barədə verdikləri bəyanatlara Ermənistanda məhəl qoymurlar. Status-kvonun dəyişilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanğıcı deməkdir.
Prezident İlham Əliyev: Status-kvonun dəyişilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanğıcı deməkdir (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend/

Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin status-kvonun qəbulolunmazlığı barədə verdikləri bəyanatlara Ermənistanda məhəl qoymurlar. Status-kvonun dəyişilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanğıcı deməkdir. Trend-in məlumatına görə, bunu mayın 13-də imzalanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Haynts Fişerlə birgə keçirdiyi mətbuat konfransında etdiyi bəyanatı zamanı bildirib.

Dövlət başçısı bildirib ki, Azərbaycan ərazilərinin dərhal işğaldan azad edilməsinin başlanması bizim gözlədiyimiz məsələdir. Ümidvarıq ki, beynəlxalq ictimaiyyət bu istiqamətdə daha fəal rol oynayacaq:

"Cənab Prezident bildirdi və bu Bəyannamədə qeyd olunub ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etdik. Münaqişə beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında həll olunmalıdır. Onların arasında mən erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xüsusilə qeyd etmək istəyirəm. Əfsuslar olsun ki, 20 ildir bu qətnamələr yerinə yetirilmir, işğal davam edir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, etnik təmizləmə siyasətinə və soyqırımına məruz qalmışdır. Fikrimcə, bu, nə qədər tez baş verərsə, danışıqlar prosesi daha sürətlə gedər və danışıqlar prosesində müşahidə olunan mühit mənfidən müsbətə doğru dəyişə bilər".

Əvvəlcə icazə verin, göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirim. Ölkənizdə olmağımızdan və dialoqumuzun davam etdirilməsindən çox şadıq.
Biz hamımız Azərbaycana etdiyiniz səfəri və apardığımız müzakirələri xatırlayırıq. Qeyd etdiyiniz kimi, həmin səfərdən sonra biz əməkdaşlığın bütün sahələrində sürətli inkişafı hiss edirik. Fikrimcə, Bəyannamənin imzalanması ikitərəfli münasibətlərimizdə mühüm mərhələdir. Bu, ölkələrimiz arasında imzalanmış bütün sənədlər arasında xüsusi yer tutur. Çünki o, əməkdaşlığımızın mahiyyətini, əlaqələrimizin tarixini əks etdirir və bir çox sahələri əhatə edir. Bu, olduqca mühüm Bəyannamədir. Sənəd münasibətlərin və tərəfdaşlığın əla səviyyədə olduğunu təsvir edir.
Əslində bu sözlər əməkdaşlığımızın səviyyəsini səciyyələndirir. Biz güclü siyasi əlaqələr qurmuşuq, daim əlaqədəyik. Bir-birimizi dəstəkləyirik və cənab Prezidentin qeyd etdiyi kimi, bu dəstəyi beynəlxalq təşkilatlarda davam etdirəcəyik.
Eyni zamanda, iqtisadi əməkdaşlığa gəldikdə çox yaxşı nəticələrimiz vardır. Ticarət dövriyyəsi artır və böyük potensiala malikdir. Hazırda bir çox Avstriya şirkətləri Azərbaycanda mühüm layihələri həyata keçirən podratçı qismində fəaliyyət göstərir. Bu layihələr turizm infrastrukturuna, incəsənətə, memarlığa aiddir. Avstriya şirkətlərinin Azərbaycanda əla nüfuzu vardır. Onlar Azərbaycanın hazırda həyata keçirdiyi bir çox infrastruktur layihələrində bizə yardım edirlər.
Bu gün bir azdan sonra bizim işgüzar dairələrlə görüşümüz olacaqdır. Bu tədbir də, fikrimcə, cənab Prezident, əməkdaşlığımıza növbəti dəstək verəcəkdir. Biz, həmçinin daha çox Azərbaycan şirkətlərinin Avstriyada işləməsini arzulayırıq. Ümidvarıq ki, bu da baş verəcəkdir.
Azərbaycan şirkətləri üçün sərmayə baxımından Avstriya çox cəlbedici ölkədir. Dünyada ən şəffaf neft fondlarından olan Azərbaycan Dövlət Neft Fondu Avropada və ümidvarıq ki, Avstriyada sərmayə imkanlarını axtarır və sərmayə layihələrinə başlayır.

Avstriya Prezidenti ilə görüşündə enerji məsələsini də müzakirə etdiyini deyən İlham Əliyev bildirib ki, bu əməkdaşlıq üçün yaxşı perspektivlər vardır:

"Azərbaycan "Cənub qaz dəhlizi"nin tikintisini nəinki dəstəkləyən, əslində, onu başlayan ölkədir. Ötən dəfə cənab Prezidentlə Bakıda keçirdiyimiz görüşdən sonra biz mühüm nailiyyət əldə etmişik. Burada Trans-Anadolu qaz boru kəmərinin tikintisi ilə əlaqədar Türkiyə ilə əldə edilmiş razılaşma nəzərdə tutulur. Bu, Azərbaycan qazı üçün Avropa qitəsinə qapıları açır. Bu məsələ ilə bağlı Avropa təsisatları və Avropa İttifaqı ilə apardığımız müzakirələr hər zaman bizim diqqət mərkəzimizdədir.
Avropa İttifaqlı ilə Azərbaycan enerji sektorunda strateji tərəfdaşlıq sazişini imzalamışdır. Orada Azərbaycan "Cənub qaz dəhlizi"nin əsas qüvvəsi və təşəbbüskarı kimi qeyd edilir. Fikrimcə, "Cənub qaz dəhlizi" uğurla həyata keçiriləcəkdir.
Hazırda "Şahdəniz" konsorsiumu təkliflərin kommersiya tərəfini qiymətləndirir. Ümidvarıq ki, yaxın gələcəkdə qərar qəbul olunacaq və nəticədə Azərbaycan qazı Avropa qitəsinə çatdırılacaqdır.
Gördüyümüz kimi, əla münasibətləri, yüksək səviyyədə qarşılıqlı anlaşma münasibətlərini genişləndirmək və əməkdaşlığı gücləndirmək üçün hər iki tərəfin istəyi vardır. Hesab edirəm ki, bu səfər bu baxımdan öz rolunu oynayacaqdır.
Hörmətli cənab Prezident, qonaqpərvərliyinizə görə çox sağ olun. Bildirmək istəyirəm ki, mən Vyana şəhərini və zəngin tarixi, xalqınızın tarixi irsini özündə əks etdirən belə möhtəşəm sarayı çox xoşladım".

Sonra jurnalistin "Azərbaycan Türkiyənin dostu sayılır. Həftənin sonunda Türkiyədə bomba partlayışları baş verdi. Suriyada gedən müharibənin Türkiyəyə yayılmasından ehtiyatlanırsınızmı? Sualım hər iki prezidentədir. Bu halda beynəlxalq ictimaiyyət buna reaksiya verməlidirmi və necə?" sualına cavabında İlham Əliyev bildirib ki, bu, Azərbaycanı narahat edir:

"Mən Türkiyə Prezidentinə və Baş nazirinə bu cür qəddar terror aktları ilə əlaqədar dərin hüznlə başsağlığı verdim. Günahsız adamlar yenə də bundan əziyyət çəkiblər. Əlbəttə, biz narahatıq ki, terrorçuluq insanlara əziyyət verməkdə davam edir. Terrorçuluğa qarşı mübarizə daha fəal şəkildə aparılmalıdır. Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan sədr olduğu zaman biz beynəlxalq terrorçuluğa qarşı mübarizənin aparılması məsələsini irəli sürdük və beynəlxalq ictimaiyyətin göstərdiyi səylərin birləşdirilməsinin zəruriliyini qeyd etdik. Zənnimcə, bütövlükdə beynəlxalq ictimaiyyət mövqeyimizi başa düşdü.
Terror təşkilatları arasında heç bir fərq qoyulmalı deyildir. Terror aktı üçün heç bir əsaslandırma və ya üzrlü səbəb ola bilməz. Terrorçuluq beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir. Beynəlxalq ictimaiyyət terrorçuluğun qarşısının alınması üçün ümumi səyləri, informasiya mübadiləsini gücləndirməlidir.
Əlbəttə ki, Türkiyə Azərbaycanın dostudur. Bizim aramızda gözəl münasibətlər vardır və biz narahatıq ki, bu terrorçuluq əməlləri yayıla bilər və günahsız insanlara əzab-əziyyət gətirə bilər".

Digər jurnalistin "Cənub qaz dəhlizi" ilə əlaqədar qərara gəldikdə, Siz bu qərarın iyunun sonunda qəbul ediləcəyini gözləyirsinizmi? İkincisi, əgər "Cənub axını" layihəsi həyata keçirilərsə, bunun "Nabukko"nun reallaşmasına nə dərəcədə təsiri olacaqdır?" sualına cavabında isə Prezident bildirib ki, bu qərarın yaxın zamanlarda qəbul olunmasını biz də gözləyirik. Bu, "Şahdəniz" qrupunun birgə qərarı olacaqdır:

"Bu gün cənab Prezidentlə müzakirə etdiyimiz kimi ümidvarıq ki, həmin qərar sırf kommersiya etibarlılığı baxımından qəbul ediləcəkdir. Artıq qeyd etdiyim kimi, biz "Cənub qaz dəhlizi"nin həyata keçirilməsi istiqamətində irəliyə doğru böyük addım atmışıq. Bu halda xüsusən TANAP layihəsi üzrə Türkiyə ilə Azərbaycan arasında əldə edilmiş razılaşma nəzərdə tutulur. Bu, layihənin həyata keçirilməsini xeyli asanlaşdırır. Bir sözlə, biz əsas texniki və maliyyə öhdəliklərini öz üzərimizə götürməyə hazırıq. Biz strateji marşrutun reallaşmasına real töhfə veririk. Çünki bunun nəticəsində Azərbaycan Avropa qitəsində mühüm qaz ixracatçısına çevriləcəkdir. Bu bizə nəhəng qaz potensialımızı reallaşdırmaq imkanı yaradacaqdır. Bu gündən etibarən gələn on illər, yüz illər ərzində ölkəmizin iqtisadi müstəqilliyini təmin edəcəkdir.
Biz Avropa təsisatları ilə Azərbaycan arasında əməkdaşlıq səviyyəsindən çox məmnunuq və tərəfdaş kimi real iş görürük.
Hazırda regionda həyata keçirilən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrə gəldikdə rəqabət bizi narahat etmir. Əksinə, fikrimcə, ədalətli rəqabət uğur üçün ilkin əsas şərtdir. Bu, həm də istehlakçılar üçün vacibdir. Çünki onların daha çox seçimi olacaqdır. Bu, həmçinin istehsalçılar üçün sərfəlidir. Çünki onlar daha səmərəli işləyəcəklər. Bu səbəbdən biz narahat deyilik. Lakin şaxələndirmə haqqında danışdıqda fikrimcə, biz hamımız nəzərə almalıyıq ki, əsas şaxələndirmə marşrutun yox, mənbənin şaxələndirilməsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti