...

Azərbaycan QHT koalisiyası İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul edib (FOTO)

Siyasət Materials 21 May 2013 12:19 (UTC +04:00)
Bu gün Bakıda Hərbi-vətənpərvərlik və müharibədən zərərçəkmiş vətəndaşlarla iş sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları koalisiyası Prezident İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini dəstəkləmək məqsədi ilə konfrans keçirib.
Azərbaycan QHT koalisiyası İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Hərbi-vətənpərvərlik və müharibədən zərərçəkmiş vətəndaşlarla iş sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları koalisiyası Prezident İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini dəstəkləmək məqsədi ilə konfrans keçirib.

Trend-in məlumatına görə, tədbirdə 24-ə qədər QHT, Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələri, keçmiş hərbiçilər, həmçinin Çernobıl əlilləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət nəticəsində Azərbaycan böyük uğurlara imza atıb, beynəlxalq aləmdə ölkənin nüfuzu xeyli artıb.

O qeyd edib ki, İlham Əliyev 2003-cü ildə xalq qarşısında verdiyi bütün vədləri yerinə yetirib:

"Ölkə vətəndaşlarının rifahı xeyli yüksəlib, qaçqın və məcburi köçkünlərin sosial və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Azərbaycanda bütün çadır şəhərcikləri ləğv olunub. Azərbaycanın yalnız hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsini ötüb. Ölkənin iqtisadi durumu xeyli dərəcədə yüksəlib, bütün sahələrdə böyük inkişafa nail olunub".

Həsənli qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində də xeyli işlər görülüb: "Orduda xidmət edən, habelə ehtiyata buraxılan zabitlərin sosial müdafiəsinin gücləndirilməsi üçün lazımi tədbirlər görülüb".

Bu baxımdan Həsənli növbəti prezident seçkilərində Prezident İlham Əliyevin prezidentliyə namizədliyinin vacibliyini vurğulayıb və bütün təşkilatları İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb.

Tədbirin digər iştirakçıları da Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlardan danışaraq növbəti prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini qeyd ediblər.

Sonda koalisiya adından ölkə başçısı İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin dəstəkləyən bəyanat qəbul edilib.

Bəyanatda qeyd olunur ki, bu gün Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiya əsasında mütərəqqi inkişaf dövrünü yaşayır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son on ildə həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət nəticəsində cəmiyyətin bütün sahələrində mühüm nailiyyətlər əldə edilmiş, ölkəmiz beynəlxalq birlikdə böyük nüfuz qazanmışdır.

Xüsusi qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən müharibədən zərər çəkmiş insanların sosial məsələlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir. Hazırda ölkəmizdə 1 milyondan artıq qaçqın və məcburi köçkün, minlərlə şəhid ailəsi, Qarabağ müharibəsi əlilləri, veteranları və sosial imtiyazlara malik digər insanlar vardır. Ermənistanın təcavüzkar siyasəti nəticəsində ağır durumla üzləşmiş soydaşlarımızın problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Artıq ölkədə bütün çadır şəhərcikləri ləğv edilmiş, məcburi köçkünlər yeni salınmış, hər cür şəraiti olan qəsəbələrdə yerləşdirilmişdir. Yataqxanalarda, məktəblərdə və digər inzibati binalarda məskunlaşmış qaçqın və məcburi köçkünlərin də sosial şəraitinin yaxşılaşdırılması yönündə görülən işlər ardıcıl olaraq davam etdirilir.

Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələri, həmçinin Çernobıl əlillərinin sosial müdafiəsi həmişə diqqət mərkəzində saxlanılır, onların mənzil-məişət və digər ehtiyaclarının təmin olunması üçün mütəmadi olaraq zəruri tədbirlər görülür. Bu kateqoriyadan olan vətəndaşlarımızın müalicəsi və istirahəti təşkil edilir, övladları üçün xüsusi düşərgələr yaradılır. Milli Qəhrəmanlar, şəhid ailələri, müharibə və Çernobıl əlilləri üçün prezident təqaüdü də təsis edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən orduda xidmət edən, habelə ehtiyata buraxılan zabitlərin sosial müdafiəsinin gücləndirilməsi üçün lazımi tədbirlər görülmüşdür. Prezident mütəmadi olaraq hərbi hissələrə baş çəkir, hərbi qulluqçuların bütün problemləri ilə maraqlanır. Dövlət başçısının müvafiq fərmanına əsasən, 20 ildən artıq hərbi qulluq edən zabitlərə mənzil verilməsi nəzərdə tutulmuşdur.

Hər bir müstəqil dövlətin dünya birliyində özünə layiq yer tutmasını təmin edən amillər içərisində onun silahlı qüvvələrinin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev bu strateji sahəyə çox böyük önəm verir. Bunun nəticəsidir ki, müasir Azərbaycanın keyfiyyətcə yeni mərhələyə yüksəlmiş, güclü, istənilən döyüş tapşırığını yerinə yetirməyə qabil olan ordusu vardır.

Azərbaycan əlverişli coğrafi vəziyyətinə, təbii sərvətlərinə və iqtisadi potensialına görə bölgənin lider dövlətidir. Avrasiya məkanında reallaşdırılan transmilli enerji və nəqliyyat layihələrində, habelə regional sülhün və təhlükəsizliyin təmin edilməsində ölkəmiz həlledici rol oynayır. Belə bir şəraitdə Azərbaycana idarəçilik təcrübəsi olan, geosiyasi vəziyyəti düzgün qiymətləndirməyi və strateji qərarlar qəbul etməyi bacaran, xalqın inandığı, prinsipial və qətiyyətli siyasətçinin rəhbərlik etməsi çox vacibdir.

Bütün bunları nəzərə alaraq, biz ölkəmizin bu günü və gələcəyi naminə aparılan siyasətin davam etdirilməsini zəruri hesab edir, bir çox vətəndaş cəmiyyəti təsisatları tərəfindən cənab İlham Əliyevin ölkə prezidentliyinə namizədliyinin irəli sürülməsini alqışlayırıq. Hərbi-vətənpərvərlik və döyüş əməliyyatlardan zərər çəkmiş vətəndaşlarla iş sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının koalisiyası da bu təşəbbüsə qoşulur və qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti