Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.Tariverdiyeva/
"Euronews" telekanalının saytı oxucularına "gələcəyə hərəkət edən şəhərə" səyahət etməyi təklif edərək Bakı haqqında material dərc edib.
Məqalədə qeyd edilir ki, alimlər hesab edirlər ki, Bakı haqqında ən erkən yazı qeydləri bizim eramızın birinci əsrinə təsadüf edir:
"Onun divarları ətrafında mühasirələr və döyüşlər coşurdu. Bakının tarixi burada, Asiya və Avropanın kəsişməsində mədəniyyətlərin və memarlıq üslublarının dəyişməsini əks etdirir".
Məqalədə qeyd olunur ki, fasadı böyük ekrana çevrilən məşhur "Alov qüllələri" şəhərin axşam fonunda hakimlik edir. Xalçaçılıq sənətinin əsrlər boyu formalaşan ənənələrini əks etdirən, həm ənənəvi sənət, həm də futurastik dizayn nümunələrinin təqdim edildiyi möhtəşəm yeni muzey inkişafda olan şəhərin tarixini əks etdirir.
Məqalədə bildirilir ki, Bakının mərkəzində yerləşən qədim İçərişəhər YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil olub
Qonaqlar Bakıda 64 ölkədə dərc olunan 5000-dən artıq miniatür kitab görə bilərlər. Kitabların böyük əksəriyyətinin müəllifləri bütün dünyada məşhurdurlar.
Muzeyin yaradıcı Zərifə Salahova kiçikhəcmli kitabların nəşrlərinə öz marağını belə izah edib: "Miniatür kitablar incəsənətin bir növüdür və kitab balaca olduqca, onun bədii dəyəri daha çox olur".
Məqalədə bildirilir ki, qədim şəhər Xəzər dənizinin yaxınlığında yerləşir. Xəzərdə yaşayan nərəkimilər nəsli kəsilmək təhlükəsi altında olsa da, Azərbaycan bütün dünyada məşhur olan nərəkimilərin kürüsünün fərdi istehsalının dirçəlişi üzərində işləməyə hazırdır.