...

Əli Həsənov: Hakimiyyətə iddialı olanlar fərqli düşünənlərin ağzından vuracağını söyləyirlər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 İyul 2013 13:05 (UTC +04:00)
Prezident İlham Əliyevin ortaya qoyduğu, istinad etdiyi dövlət maraqlarıdır. Ona görə də Azərbaycan jurnalistlərinə hörmət və ehtiramımızı bildiririk.
Əli Həsənov: Hakimiyyətə iddialı olanlar fərqli düşünənlərin ağzından vuracağını söyləyirlər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.Mehdiyev/

Prezident İlham Əliyevin ortaya qoyduğu, istinad etdiyi dövlət maraqlarıdır. Ona görə də Azərbaycan jurnalistlərinə hörmət və ehtiramımızı bildiririk. Əlbəttə, bizim də səhvlərimiz və günahlarımız var. Azərbaycan mediasına bu qədər müsbət yanaşan ikinci hakimiyyət görməmişik. Trend-in məlumatına görə, bunu Azərbaycan jurnalistlərinin VI qurultayında çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi bildirib ki, onları əvəz etməyə çalışanların da açıqlamasında bunun daha yaxşı olacağına inanmır: "Hakimiyyətə iddialı olanlar fərqli düşünənlərin ağzından vuracağını söyləyir. Özü vuracaq və cəriməsini də özü verəcək. Xüsusilə də bu iqtidarı müdafiə edənlərin "azğından vuracağam və məsuliyyətini də daşıyacağam" deyir. Ağızdan vurmağa görə məsuliyyət isə min manat cərimədir. Deməli, şillə vuracaq, büdcədən götürüb cəriməni ödəyəcək. Ayıb deyilmi, belə bir adama indi o qəzetlər dəstək verir?"

Həsənov qeyd edib ki, dəyərli namizəd təbliğ edilməlidir: "Öz hisslərini idarə edə bilməyən, qisasçılıq zəminində hakimiyyətə can atan, üç il əvvəl dediklərini danan indi tamam başqa mövqedədir. Bunun səbəbini də hamı bilir. 20 ildir, Azərbaycan müxalifəti hakimiyyətə gəlməsini gözləyir, amma namizədlik yerini bir günün içərisində başqasına verir. Belə müxalifətçilik olar? Əlbəttə, onlar öz yerlərini kimə verəcəklərini özləri müəyyənləşdirirlər. Müxalifət hakimiyyət uğrunda mübarizəsini dayandırdığı gün istefa verməlidir. Gözləyək, kimsə gəlib bu hakimiyyəti bizə versin, sonra özümüz paylaşarıq, kim gəlir məqbuldur - bu onların missiyasıdır".

Həsənov deyib ki, bəziləri ölkədə yaxşı nə varsa özlərinə çıxmağa, pis olanları isə dövlətin üzərinə atmağa vərdiş ediblər: "Bəzən hakimiyyəti tənqid etmək əvəzinə, dövləti tənqid edirlər, hakimiyyətə qarşı mübariz aparmaq fonunda dövlətin əleyhinə fəaliyyət göstərirlər. "Azadlıq" qəzetinin əməkdaşlarının burada iştirak etməsindən istifadə edərək bir nümunə demək istəyirəm. Məlumdur ki, "Azadlıq" qəzeti hakimiyyətə opponent olan partiyalardan birinin təsis etdiyi orqandır. Amma "Azadlıq" qəzeti fəaliyyətə bir partiyanın orqanı kimi başlamayıb. Bu qəzet Azərbaycanın müstəqilliyi dövründən fəaliyyətə başlamış və insanların həddindən artıq dövlət və dövlətçiliklə bağlı gözləntiləri olan bir orqandır. Dünyanın hansı ölkəsində Azərbaycan dövləti və dövlətçiliyinə qarşı nə yazılırsa, dərhal bugünkü iqtidarı vurmaq anlamında bu qəzetin səhifələrində tirajlanır, yaxşı şeylər bir qədər də silinərək təhrif olunur. Bunu dəfələrlə sübut etmişik".

PA rəsmisi deyib ki, Azərbaycanda vaxtilə fəaliyyət göstərmiş diplomatlar olub: "Onların hamısı əlbəttə ki, diplomat deyil. Onların içərisində xüsusi xidmət orqanlarının nümayəndələri də var. Ayrı-ayrı məqsədlərlə Azərbaycana gələn insanlar da var. Onlar diplomatik missiyalarını başa vurandan sonra və yaxud hansısa səbəblərdən yarımçıq uzaqlaşdırıldıqdan sonra bəziləri hüquq müdafiəsi təşkilatlarının üzvü kimi fəaliyyətlərini davam etdirirlər. Onların bir-ikisi sizə də bəllidir, "Azadlıq" qəzetinin səhifələrində həmin adamların yazısı gedir. Həmin adamların anti-Azərbaycan fəaliyyəti olduğu kimi və bir az da şişirdilərək qəzetlərimizin səhifəsinə daşınır".

Həsənov çıxışında deyib ki, bu proses iqtidarı vurmaq məqsədilə həyata keçirilir: "İqtidar bu gün var, sabah yoxdur, hər birimiz yerimizi dəyişə bilərik, amma bu dövlət bizimdir. Jurnalistin ilk olaraq vəzifəsi insanları məlumatla təmin etməkdir. Amma jurnalist eyni zamanda bir ölkənin vətəndaşı, sosial təbəqənin nümayəndəsidir. Məgər biz peşəmizi milli dəyərlərimizdən üstünmü tutmalıyıq? Bəzən Azərbaycan jurnalistikasında təəssüflər olsun ki, hakimiyyətlə dövlətin maraqlarını ayırd etməyənlər var. Bunun nəticəsi olaraq, erməni mətbuatı bizim qəzetlərin yazılarını sadəcə tərcümə edərək dünyaya yayır. Məgər Azərbaycan həmin "Freedom House"da, digər təşkilatlarda olan bəzi adamlar Azərbaycandan qisas alır. "Human Rights Watch"da Rebekka Vinset gündə "əl-Cəzirə" telekanalında danışır. Vaxtilə ABŞ səfirliyində işləmiş, sonradan oradan uzaqlaşdırılan bir xanımdır. Nədənsə o bütün fəaliyyətini Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı qurub. "Eurovision" mahnı müsabiqəsi zamanı İsveçrədə həmin xanım bir toplantı təşkil etmişdir və burada bidirmişdir ki, Bakıda keçirilən bu mahnı müsabiqəsi ləğv edilməlidir və Azərbaycan xalqı belə bir tədbir keçirməyə layiq və qadir deyil. Buradan bir qrup mətbuat nümayəndəsi ilə birlikdə İsveçrəyə getdim və o qadına bildirdim ki, sənin ölkənin mən səviyyəli hansı məmuru dünya mediası qarşısında belə açıq şəkildə dialoq aparır? Yoxdur belə nümunə. Qadın mənə dedi ki, mən Azərbaycan dövlətinə qarşı müharibə elan etmişəm və bu mübarizəni də sona qədər davam etdirəcəyəm. Mən ona bildirdim ki, atdığın addımların cavabını alacaqsan. Azərbaycan dövləti yalnız öz xalqının qarşısında öhdəlik daşıyır. Bir sözlə, Azərbaycan dövlətinin jurnalistikadan gözləntisi budur: hökuməti tənqid edin, icra strukturlarından yazın, məmurların fəaliyyətini tənqid edin. Dəfələrlə ölkə Prezidenti məmurları müxalifət mətbuatından da sərt tənqid edib. Amma bir az vətənpərvərlik hissnizi, məsuliyyətinizi unutmayın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti