Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir S.Əhmədova/
Moldova ombudsmanı Aureliya Qriqoriu Litva Azərbaycanlıları Cəmiyyəti və "Litva-Azərbaycan" Assosiasiyasının fəxri üzvü elan olunub. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev və "Litva-Azərbaycan" Assosiasiyasının prezidenti İmantas Melyanas ombudsman A.Qriqoriuya təşəkkür məktubu göndərib.
Məktubda deyilir: "Çox hörmətli Aureliya Qriqoriu, Litva Azərbaycanlıları Cəmiyyəti və "Litva-Azərbaycan" Assosiasiyası Sizə dərin ehtiramını bildirir və iyulun 4-də Ermənistan parlamentindəki çıxışınız zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzünü, insanlığa zidd cinayətlər törətdiyini bəyan etməklə göstərdiyiniz cəsarət və prinsipiallığınıza görə təşəkkür edir.
Ümid edirik ki, Sizin bu xeyirxah addımınız hələ də təcavüzkarla bu təcavüzdən əziyyət çəkəni ayırd edə bilməyən Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, NATO-nun digər rəsmi şəxsləri və bu təşkilatlara üzv dövlətlər üçün bir örnək olacaq".