Ramil Vəlibəyov - YAP Nizami rayon təşkilatının Aparat rəhbəri
Azərbaycan Respublikasında prezident seçkisi yaxınlaşdıqca, ölkəmizin milli siyasi məkanında iddialı görünən ayrı-ayrı siyasi qüvvələr, partiyalar fəallıq nümayiş etdirməyə cəhd göstərirlər. Əlbəttə ki, seçkilərə rəsmən start verilməsə də, artıq prezident seçkisində iştirak etmək üçün bəzi siyasi iddiaçılar, xüsusilə də, müxalifət düşərgəsində "hərəkətlənmələr" müşahidə olunur. Gah "El" hərəkatı, gah da Milli Şura yaradılır. Amma çox təəssüflər olsun ki, bu "hərəkətlilik" milli siyasi dəyərlərdən kənar, intellektual və kreativlik faktorlarından, həmçinin, sivil siyasi mübarizə metodlarından uzaq dağıdıcılıq formasında sezilir. Ötən əsrin sonlarında olduğu kimi, fəaliyyətinin fəlsəfəsini dağıdıcılıq və radikallıq üzərində qurmuş müxalifət institutunun bu gün də müasirliklə ayaqlaşa bilməməsi, eyni taktika əsasında hərəkət etməsi müxalifətin milli siyasi məkanda anti-milli ünsür kimi qalmasını şərtləndirir. Bu amillər isə 20 ildir ki, müxalifətin ictimai əhəmiyyətli siyasi institut kimi formalaşmasına mane olan intellekt, düşüncə tərzi, kreativlik və fəaliyyət forması problemlərini üzə çıxarır.
20 il ərzində təkcə dəyişməyən radikal müxalifətdir
Məlum olduğu kimi, bu il artıq Azərbaycan Respublikasının müstəqilliyinin 22-ci ildönümü qeyd olunacaq. Ötən müddət ərzində ölkəmizin bütün sahələri transformasiya prosesini yaşayıb. Bu dövr ərzində yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşüb, bir milyon 100 mindən çox yeni iş yeri açılıb, xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edib, ölkəmiz rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 46-cı yerdədir. Bununla yanaşı, bütün dünya Azərbaycanı BMT TŞ üzvü kimi tanımağa fürsət tapdı.
Təbii ki, bu sırada milli siyasi məkanda qərar tutmuş siyasi qüvvələr də müəyyən dəyişikliklərə uğrayıblar. Lakin demokratik cəmiyyətlərin ayrılmaz atributu sayılan müxalifətçilik institutu inkişaf proseslərindən kənarda qalmaqla, parçalanıb, daha da radikallaşıb, siyasi mübarizədə ardıcıl məğlubiyyətlərə uğrayaraq, sivil siyasi mübarizə dəyərlərindən uzaq düşüb. Həmçinin, müxalifət düşərgəsində yer almış qüvvələrin birlik modellərinin həyata vəsiqə ala bilməməsi, yalnış siyasi taktika və strategiya əsasında fəaliyyətin qurulması, müxalifətçilik institutunun radikal kəsiminin müasir çağırışlarla ayaqlaşa bilməməsi onların sosial potensialını hər gün sürətlə itirməsinə səbəb olub. Bəs, görəsən, müxalifətçilik institutunun zəifliyinin səbəbləri nədir?
Bu problemlə bağlı Azərbaycanın milli mətbuatında araşdırmalar yox səviyyəsində olsa da, elmi səviyyədə müəyyən tədqiqatlar aparılıb. Həmin tədqiqatların ümumi qənaəti isə onunla bağlıdır ki, Azərbaycanda müxalifətçilik institutunun zəifliyi ilk növbədə, onun intellekt və kreativlik problemilə əlaqəlidir. Çünki, müxalifət düşərgəsinin daşıyıcılarının siyasi təfəkkürünün kifayət qədər ciddi problem olması onların dəyişməsinə və milli siyasi məkanda uğurlar əldə etməsinə mane olub.
Yəni, müxalifət hakimiyyətə gəlmək üçün düşünülmüş strateji və taktiki fəaliyyət nəticəsində sosiuma təqdim etmək üçün daha effektli dövlət modelini işləməyi bacarmadığından cəmiyyətin dəstəyini və etimadını da qazana bilməyib.
Azərbaycan müxalifətinin uğur qazanmamasının səbəbləri kimi, həmçinin, onun xalqın etimadına və dəstəyinə deyil, birbaşa olaraq, xarici siyasi-maddi köməkliyə arxalanmasını da göstərmək olar. Radikal müxalifət hər dəfə seçki proseslərindən məğlub ayrılmasının və xalq tərəfindən dəstəklənməməsinin, həmçinin, xarici qüvvələrin "xeyir-duasının" olmasına baxmayaraq, uğur qazana bilməməsinin səbəblərini elmi-siyasi təhlil etmədiyindən, eləcə də, mənəvi-intellektual resursları hər gün tükəndiyindən milli siyasi məkanın autsayderinə çevrilir. Bununla yanaşı, radikal müxalifətin siyasi mədəniyyət kasadlığı yaşaması onun ictimai qınaq obyektinə çevrilməsini də əsaslandırır.
Bütün sadalanan faktlar bir daha təsdiqləyir ki, Azərbaycanın inkişaf tarixinin 20 illiyi dönəmində təkcə dəyişməyən ünsür kimi radikal müxalifət qalıb.
Radikal müxalifət birləşmiş marginal qruplar və siyasi dərnəklər təsirini bağışlayır
Bu mənada Azərbaycanda müxalifətin acınacaqlı imici və vəziyyəti ortaya çıxır. Yəni, radikal müxalifətin rasional düşüncəli və kreativ yanaşma tətbiq edən institut kimi çıxış edə bilmədiyindən ancaq korporativ maraqlar ətrafında birləşmiş marginal qruplar və ya siyasi dərnəklər təsirini bağışlayırlar. Onların inkişaf etmiş demokratik cəmiyyətlərin müxalifət institutları kimi müasir siyasi metodlara, sivil mübarizə taktikasına istinad etməməsi və bütün fəaliyyətinin əsasında milli maraqların deyil, qrup mənafeyinin durması radikal müxalifətin konseptual olaraq, demokratik dəyərlərin və ideyaların daşayıcısı olmadığını isbatlayır. Əlbəttə ki, müxalifət institutunun əsas fəlsəfəsi dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi olsa da, təəssüflər olsun ki, Azərbaycanın müxalifət institutuna bu prinsiplər yaddır. Məhz, bu konteksdə radikal müxalifət dövlətçilik, etatizm ideyalarına xidmət etmək əvəzinə, Azərbaycanın gələcəyini düşünməyən "əyləc mexanizmi" qismində çıxış edir.
Çox təəssüflər olsun ki, Azərbaycanın radikal müxalifət qismi Azərbaycanın əleyhinə çevrilmiş, qərəzli dairələrin ölkəmizə qarşı istənilən zaman istifadə edə biləcəyi təzyiq alətinə də çevrilib. Bu əlbəttə ki, nəzəri fikir deyil, təcrübədə özünün mənfi əksini tapmış reallıqdır. Lakin hər dəfə olduğu kimi, bir daha intellekt və milli prinsipsizlik problemi yaşayan radikal müxalifətin siyasi-ictimai reallığı dərk edə bilməməsi nəticəsində fəaliyyətində sosial dəstək hiss olunmayıb. Elə İctimai Palatanın, "El" hərəkatının, Milli Şuranın düşdüyü aqibət bir daha söylənilənləri isbatlayır.
Bu onunla bağlıdır ki, Azərbaycanda bu və ya digər qüvvələrin maddi-siyasi dəstəyilə dövlətin əsaslarının laxladılması dövrü artıq geridə qalıb. Məhz, kənar müdaxilələrin tarix boyu Azərbaycan dövlətçiliyinin qərar tuta bilməməsinin əsas səbəbi olduğundan bu gün siyasi şüur və siyasi mədəniyyət səviyyəsi yüksək olan cəmiyyətimiz "ölkənin gələcəyi onun keçmişində baş verənləri doğru dərk edənlərindir" prinsipinə əsaslanaraq, radikal müxalifətin anti-milli çağırışlarına cavab verməyib. Bu səbəbdən də, xalq hər dəfə dövlətçiliyə və milli maraqlara zidd addımlar atan və xarici siyasi qüvvələrin əlində təzyiq alətinə çevrilmiş radikal müxalifəti qəbul etmir.
Radikal müxalifət Azərbaycanı siyasi ideyalar poliqonuna çevirməyə cəhd göstərir
Bu artıq bir tarixi reallıqdır ki, son 20 ildə müxalifət milli siyasi məkanda yalnız hakimiyyət əleyhinə yönəlmiş fəaliyyətlə görünüb. Bu, özünü Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ötən illər ərzində radikal müxalifətin dövlət çevrilişlərinə cəhdlər etməsində, eləcə də, inqilab iddialarını özündə ehtiva edən icazəsiz aksiyalarda göstərib.
Müstəqilliyimizin ilk illərində bu cür iddialarla dövlətçiliyə möhkəm zərbələr vurmuş radikal müxalifət, hətta, Azərbaycanı siyasi ideyalar poliqonuna da çevirmişdi. Məhz, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bu cür təcrübələrə son qoyulub və siyasi mədəniyyət, siyasi təfəkkür faktorları cəmiyyətimizin inkişafının əsas prinsiplərinə çevrilib. Elə, 2003-cü ildə xalqın "rəngli inqilaba" yox deməsi də onun dövlətin total dağıntılara meydan olmasına qarşı çıxmasını və siyasi mədəniyyət yoxluğundan əziyyət çəkən radikal müxalifəti çıxdaş etməsini təsdiqləyib. Bu gün müxalifət cəmiyyətdən özünəməxsus təcrid vəziyyətindədir. Əhali ilə kommunikasiya yox dərəcəsindədir və onların sosiuma ötürdüyü informasiya yalnız insanları mövcud olduqlarına inandırmaqdan ibarətdir. Bir sıra qruplarla yalnız icazəsiz aksiyalarda təmasa girməsi də onu göstərir ki, radikal müxalifət reallıq hissini tamamilə itirib. Artıq radikal müxalifət anlamalıdır ki, cəmiyyətdə müxalifət kimi görünmək hakimiyyətə gəlmək üçün kifayət etmir. Xüsusilə də, özünü xalqdan kənarda mövcud siyasi qrup kimi təsəvvür edən müxalifət milli siyasi məkanda heç bir halda uğur əldə edə bilməz.
Radikal müxalifət ölkənin xaosa sürüklənməsinə çalışan reneqatlar birliyidir
Bu gün radikal müxalifətin təfəkküründə hakimiyyətə qarşı ifratçılığın, pataloji nifrətin hökm sürməsi, dövlətə və milli maraqlara qarşı durmaqla ideoloji boşluğu doldurmağa çalışması onların daxilindəki zəifliklərini nümayiş etdirən digər səbəblərin meydana çıxmasını şərtləndirir. Burada əlbəttə ki, bir daha siyasi təfəkkür problemi alt bazisi təşkil edir. Çünki, radikal müxalifət opponent olduğu üçün hakimiyyətə qarşı yalnız qərəzli tənqidlə çıxış etsə də, predmetin nədən ibarət olduğunu anlamır. Eyni zamanda, radikal müxalifətin nə üçün mübarizə apardığını və ya ölkədə hərc-mərclik ola biləcəyi təqdirdə hansı addımları atmaq lazım olduğunu belə anlamır. Yəni, ancaq siyasi sifariş həyata keçirən radikal müxalifət ölkədə demokratiyanın, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə təkan verə biləcək qüvvə kimi deyil, sırf ölkənin xaosa sürüklənməsinə çalışan reneqatlar birliyidir. Elə, radikal müxalifətin daxilində siyasi reneqatların yer alması da onun nadir xüsusiyyətini üzə çıxarmış olur.
Azərbaycanın radikal müxalifətinin dünya müxalifətçilik institutlarından fərqləndirici keyfiyyəti onunla bağlıdır ki, burada fərqli mövqe nümayiş etdirəni, siyasi fəaliyyətini gücləndirəni satqın adlandırırlar və daxili parçalanmalara rəvac verirlər. Lakin başqa ölkələrdə demokratiya və dövlətçilik naminə fəaliyyət göstərən müxalifətçilik institutu üzvlərinin bu və ya digər şəkildə hakimiyyətdə təmsil olunmasını təmin edir. Amma Azərbaycan müxalifətində bunu xəyanət kimi dəyərləndirirlər. Elə tez-tez Müsavat, AXCP, KAXCP, ADP, Ümid və digər partiyaların, xüsusilə də, ilk iki partiyanın funksionerlərinin qarşılıqlı ittihamlar səsləndirməsi, bir-birini hakimiyyətə işləməkdə ittiham etməsi söylənilənlərə əyani sübutdur...
Radikal müxalifətin acınacaqlı imicinə baxmayaraq, onlar Azərbaycanın siyasi sisteminin tərkib hissəsidirlər. Çünki, hər bir demokratik ölkənin siyasi palitrasında iştirakçı olan siyasi müxalifətçilik institutu cəmiyyətin yetişmiş problemlərini açmalı, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparmalı və səmərəli qərarların qəbuluna köməklik göstərməlidir. Əlbəttə ki, müstəqilliyinin cəmi 22 yaşı olan, hətta, təcavüzlə qarşılaşmış Azərbaycan üçün bu cür konstruktiv müxalifət vacibdir. Amma çox təəssüflər olsun ki, bu hələ də xəyal olaraq qalmaqdadır. Ona görə ki, radikal müxalifət irrasional düşüncə və fəaliyyət fəlsəfəsilə yaşayır. Radikal müxalifətin təmsilçiləri - Müsavat, AXCP, "El" hərəkatı, Milli Şura, İctimai Palata və digərləri cəmiyyətə yararlı siyasi qüvvə olmaq əvəzinə dövlətə qarşı çevrilmiş siyasi alət rolunu alıblar.
Bəzən bu cür radikal müxalifət o ölkələrdə mövcud olur ki, həmin siyasi məkanlarda konstruktiv, sivil siyasi mübarizə metodlarından istifadə edən, eyni zamanda, iqtidara problemlərdən çıxış yolu tapmağa kömək edən müxalifətçilik təcrübəsi olmasın. Həqiqət naminə demək lazımdır ki, müstəqilliyimizin ilk illərində sosial sifarişlə yaranmış Yeni Azərbaycan Partiyası sivil mübarizə qaydalarından istifadə etməklə hakimiyyətə gəlmiş və konstruktivliyilə Azərbaycanın partologiya tarixinə düşmüş yeganə siyasi partiyadır. 1992-ci ilin noyabr ayının 21-dən müxalifət partiyası kimi fəaliyyətə başlayan YAP indiki radikal müxalifət partiyalarından fərqli olaraq, Azərbaycan dövlətinə və milli maraqlara qarşı çıxış etmirdi, əksinə, o zamankı hakimiyyətə ölkənin düşdüyü problemlərdən çıxış yolu tapmaq üçün köməklik göstərirdi. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının V qurultayında çıxışı zamanı bu məsələyə toxunub və mükəmməl siyasi təhlil verib: "1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır. Çünki Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması deməkdir. Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd etmişlər. Siyasi sistem yox idi. Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin yaradılması deməkdir. Yeni Azərbaycan Partiyasının müxalifət partiyası kimi yaradılması, eyni zamanda, müxalifət necə fəaliyyət göstərməlidir, onu da çox açıq-aydın ortaya qoymuşdur.
Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli xəyanətkar iqtidara müxalifətdə idi. Yeni Azərbaycan Partiyasının əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilmişdir".
Hətta o zaman YAP-ın Sədri olmuş Ümummilli lider Heydər Əliyev dəfələrlə AXC-Müsavat hakimiyyətinə tövsiyələr verib, hətta, xalqı siyasi hakimiyyətin ətrafında birləşməyə belə çağırıb. Lakin AXC-Müsavat hakimiyyətinin yarıtmaz siyasətinə cavab olaraq, xalq cəmiyyətə səmərəli dövlətçilik konsepsiyası təqdim edən Yeni Azərbaycan Partiyasını hakimiyyətə gətirib.
Göründüyü kimi, YAP konstruktiv müxalifətçilik institutu təcrübəsini milli siyasi məkana təqdim edib, amma indiki radikal müxalifət bu təcrübədən yararlanmaq, hətta, onu öyrənmək belə istəmir. Bu cür qeyri-ciddilik nümayiş etdirən radikal müxalifətin təfəkküründə və davranışında irrasionallığın mövcudluğunun səbəbləri də qeyri-müəyyən qalır.
Radikal müxalifət "meymun metodu"ndan əl çəkməlidir...
Hazırki vəziyyətdə radikal müxalifətin sivil müxalifət institutu kimi vəzifəsini yerinə yetirmədiyi reallıqdır. Kreativliyi və intellekti xarici qüvvələrin qrantlarına satmış radikal müxalifət bu günkü vəzifəsi kimi yalnız Azərbaycanın imicinə zərər vurmağı və uğurlarına kölgə salmağı görür. Bu isə onu göstərir ki, radikal müxalifət "terminatorluq" missiyasını üzərinə götürüb. Sivil müxalifət institutu kimi cəmiyyətə parlaq ideya təqdim etməyi bacarmayan radikal müxalifətin Azərbaycana uğur gətirmək də iqtidarında deyil.
Hazırda radikal müxalifətin səhvləri üzərində işləməməsi, eyni zamanda, xarici və yerli təcrübəni öyrənməkdən imtina etməsi onun iqtidara rəqib ola bilməməsinin digər səbəblərini də üzə çıxarmış olub.
- Azərbaycanın tarixində ilk dəfədir ki, güclü iqtidar partiyası institutu formalaşıb. Təqdirəlayiq haldır ki, ölkəmizin siyasi tarixində müxalifət partiyasi kimi yaranıb iqtidar partiyası kimi güclü siyasi hakimiyyət formalaşdırmaq missiyası YAP-ın üzərinə düşüb.
- Radikal müxalifət iqtidarla intellektual və kreativlik sahəsində ayaqlaşa bilmir. Çünki, iqtidar partiyası kimi YAP hər il bir neçə dəfə dünyanın beyin mərkəzlərinin nümayəndələrinin, həmçinin, dünya "bilik elitası"nın təmsilçilərinin iştirakı ilə beynəlxalq konfranslar təşkil edir, müasir dövrün çağırışlarına uyğun idarəçilik modelləri ətrafında fikir mübadiləsi aparır. Lakin radikal müxalifətin baş verən hadisələrə adekvat reaksiya verə bilməməsi onun YAP-la mübarizə apara bilməyəcəyini isbatlayır.
- Radikal müxalifətin həledici faktor sayılan lider resursunun olmamasıdır. Bu bir faktdır ki, güclü lideri olmayan hər hansı siyasi partiya heç bir halda milli siyasi məkanda uğur əldə edə bilməz. YAP-ın timsalında demək olar ki, güclü lider faktoru onun iqtidar partiyası kimi milli siyasi məkanda ardıcıl, möhtəşəm uğurlar qazanmasını şərtləndirib. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin timsalında YAP Azərbaycana mükəmməl inkişaf strategiyası ilə güclü lider təqdim etməyi bacarıb. Əlbəttə ki, YAP-ın rəhbərliyinin siyasi-ideoloji və təşkilati işləri yanaşı, Prezident İlham Əliyev faktorunun ortada olması iqtidar partiyasının 600 minlik siyasi təşkilata çevrilməsini əsaslandırıb.
Lakin radikal müxalifətin bu resurs baxımından da qısır olması onların siyasət meydanında dəstəksiz qalmasına gətirib çıxarıb. Bu reallıqdır ki, Müsavat başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin, "El" hərəkatının sədri Eldar Namazovu, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun və digərlərinin timsalında cəmiyyətimiz üçün səmərəli lider modeli təqdim etmək mümkün deyil. Görünən odur ki, adları çəkilən və digər müxalifət partiyaları sədrləri YAP-ın Sədri, Prezident İlham Əliyevlə müqayisədə "okeanda damla" təsirini bağışlayırlar. Hətta, mütəmadi olaraq, keçirilmiş rəy sorğularının nəticələri də eyni mənzərəni göstərir.
Belə ki, "Rəy" Monitorinq Mərkəzinin keçirdiyi sorğunun nəticələrindən məlum olub ki, seçicilərin əksəriyyəti - 90 faizə yaxını hazırkı dövlət başçısına səs verərdi. Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 92,4 faizi İlham Əliyevə etibar edir, 72,2 faizi isə ölkə prezidenti postunda ona alternativ görmür.
Bununla yanaşı, Azərbaycan üzrə "Avropa Qonşuluğu Barometri" çərçivəsində keçirilən sorğuda da bildirilir ki, rəyi soruşulanların böyük əksəriyyəti - 92 faizi öz hökumətinə inanır.
Ortada olan faktlar ondan ibarətdir ki, radikal müxalifət hələ uzun müddət iqtidar partiyasına rəqib ola bilməyəcək. Ona görə də, radikal müxalifət səhvlərindən nəticə çıxarmalı, "meymun metodu"ndan əl çəkməli, sivil müxalifət institutu kimi formalaşma prosesinə girməlidir.
Prezident İlham Əliyev xalqın alternativsiz seçimidir
Aparılmış təhlillər bir daha göstərir ki, radikal müxalifət Azərbaycan dövlətinin inkişafına töhfə vermək üçün səmərəli strategiyaya və digər resurslara malik deyil. Radikallar yalnız xarici qüvvələrin siyasi-maddi dəstəyilə ölkədə ictimai-siyasi sabitliyi pozmağı və milli siyasi məkanda xəyanət etməyi özünün missiyası hesab edir. Radikal müxalifət ilk növbədə anlamalıdır ki, onların xarici anti-Azərbaycan qüvvələrindən dəstək və etimad gözləmələri onların əbədi məğlubiyyətini şərtləndirir. Nəzərə almaq lazımdır ki, xarici qüvvələr maddi-siyasi dəstək verdikləri partiyalara onların məxsus olduqları milli-siyasi məkandakı "görən gözləri və eşidən qulaqları" kimi baxırlar. Həmin qərəzli dairələri düşündürən əsas məsələ ondan ibarətdir ki, onların siyasi-maddi dəstəyini alan radikal müxalifəti hansı formada Azərbaycan hakimiyyətinə və dövlətçiliyə qarşı qoymaq olar.
Bütün söylənilən faktlar isbatlayır ki, bu gün radikal müxalifətin təmsilçisi kimi özünü cəmiyyətimizə "lider" tək sırımağa çalışan İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov, Rüstəm İbrahimbəyov və digərləri heç bir halda xalqı təmsil edə bilməz və dövlətçilik maraqlarını qorumaz. Adları çəkilənlərin hər birinin Azərbaycan dövlətinin tarixində və xalqın yaddaşında böyük xəyanət həqiqətləri var. Ona görə də, radikal müxalifət heç bir halda xalqın dəstəyinə arxalana bilməz. Çünki, xalqın alternativsiz seçimi Prezident İlham Əliyevdir. Bunun da səbəbləri hər bir insana bəllidir.
Naftalinli və "təfəkkür travması"ndan əziyyət çəkən rəhbərləri milli maraqlara xəyanət etməyəcək gənclər əvəzləyə bilər
Əlbəttə ki, belə vəziyyətdə müxalifət başqa yol seçməlidir. Əgər radikal müxalifət transformasiya prosesini keçmək və sivil mübarizə metodlarına yiyələnmiş konstruktiv müxalifət institutu kimi formalaşmaq niyyətində olsa, onlara "Siyasi partiyalar haqqında" Qanuna maliyyələşmə ilə bağlı edilmiş əlavə və dəyişikliklər kömək edə bilər. Çünki, bu dəyişikliklərə görə, partiyalar cəmiyyətə verdiyi töhfə və aldığı dəstəyə görə dövlətdən maddi dəstək alacaq. Bu maliyyələşmə ilə isə siyasi partiyalar xarici qərəzli dairələrdən asılı olmaz və konstruktiv müxalifət institutu kimi milli siyasi məkanda inkişafın təkanverici qüvvəsi rolunu oynaya bilərlər. Həmçinin, dövlət tərəfindən verilən maliyyə ilə müxalifət partiyaları da səmərəli fəaliyyət strategiyası qurmaq, dünya və yerli təcrübəni öyrənmək üçün "beyin mərkəzləri" qura bilərlər. Həmçinin, intellektin və kreativliyin əsas faktor kimi götürüləcəyi radikal müxalifət düşərgəsində "təfəkkür travması"ndan əziyyət çəkən rəhbərlərin daha konstruktiv mövqe tutan, milli maraqlara xəyanət etməyəcək gənclərlə əvəzlənə bilər. Bununla müasir ictimai-siyasi şərait imkan verir ki, radikal müxalifət müxalifətçiliyin nə olduğunu yenidən dərk etsin, milli siyasi məkanda konstruktiv transformasiya prosesini keçsin və dünyanın sivil müxalifət institutları kimi dövlətçiliyə və milli maraqlara xidmət edən ictimai əhəmiyyətli institut tək formalaşsın. Əgər belə olmasa, o zaman, bu günə qədər yaradılmış müxalifət birlikləri kimi Milli Şura da, onun tərkibində olan İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov, Rüstəm İbrahimbəyov və digərləri birdəfəlik tarixin arxivinə düşəcək.