...

Prezidentin andiçmə mərasimi və İranın xarici siyasətində yeni imkanlar

Siyasət Materials 29 İyul 2013 16:18 (UTC +04:00)
Artıq İranın yeni Prezidenti Həsən Ruhaninin andiçmə mərasiminin keçirilməsinə və idarəetməyə başlamasına sayılı günlər qalıb. İslam İnqilabından sonra ilk dəfədir ki, İranda keçiriləcək andiçmə mərasimində dünyanın müxtəlif ölkələrindən yüksək vəzifəli şəxslər, o cümlədən bir neçə ölkənin prezidenti iştirak edəcək.
Prezidentin andiçmə mərasimi və İranın xarici siyasətində yeni imkanlar

Təmkin Cəfərov - Trend-in icmalçısı

Artıq İranın yeni Prezidenti Həsən Ruhaninin andiçmə mərasiminin keçirilməsinə və idarəetməyə başlamasına sayılı günlər qalıb. İslam İnqilabından sonra ilk dəfədir ki, İranda keçiriləcək andiçmə mərasimində dünyanın müxtəlif ölkələrindən yüksək vəzifəli şəxslər, o cümlədən bir neçə ölkənin prezidenti iştirak edəcək.

Yerli KİV-lərin məlumatına görə, İran Xarici İşlər Nazirliyi dünya ölkələrinin başçılarına cari ilin avqust ayının 4-də keçiriləcək andiçmə mərasimində iştirak etmək üçün dəvətnamələr göndərib. İndiyədək bu ölkədə keçirilən andiçmə mərasimlərində əcnəbi qonaqlar kimi yalnız Tehranda yerləşən xarici diplomatik korpusların rəhbərləri iştirak edibsə, bu dəfə 40-dan çox ölkədən yüksək vəzifəli şəxslər, 10 ölkənin prezidenti, 5 ölkənin parlament rəhbəri andiçmə mərasiminə dəvəti qəbul edib və iştirak edəcəklərini açıqlayıblar.

Cari ilin iyun ayının 14-də Həsən Ruhaninin İranın yeni Prezidenti seçilməsi bu ölkənin müxtəlif şəhərlərində əhalini sevindirdi və sakinlər küçələrə axışaraq öz sevinclərini bütün dünyaya nümayiş etdirdilər. Həmçinin, regionda və beynəlxalq aləmdə bir sıra ölkələrin rəhbərləri İran xalqının bu seçimini alqışladılar.

Dünya ölkələrinin rəhbərlərinin Ruhaninin andiçmə mərasimində iştirak etməkdə maraqlı olması onu göstərir ki, onlar Ruhaninin İranın xarici siyasətində gərginliyi azaltmaq və İran ilə Qərb ölkələri arasında nüvə proqramı üzrə yarana biləcək qarşıdurmanın qarşısını almaqda səylərini dəstəkləyirlər.

Dünya və regionun bir çox ölkələri İranın nüvə proqramı ilə bağlı problemin dinc yolla həll olunmayacağı təqdirdə, Tehran və Qərb ölkələri arasında yarana biləcək gərginlik və qarşıdumadan narahatdırlar. Xüsusilə, İrana yaxın qonşu dövlətlər və region ölkələri İranı özlərinə rəqib bilsələr də, bölgədə yeni hərbi qarşıdurmanın olması onların da milli mənafeyinə uyğun deyil. Elə bu səbəbdən Ruhaninin Qərb ölkələri ilə gərginliyi azaldacağı ilə bağlı vədləri İranın nüvə proqramının qarşıdurma yarada biləcək dairədən çıxmasına ümidləri artırıb.

Son illər ərzində Əhmədinejad hökumətinin xarici siyasətdə atdığı addımlar BMT Təhlükəsizlik Şurasında üzv ölkələrin İrana qarşı koalisiyasını möhkəmləndirdi, bundan başqa, ABŞ və Qərb ölkələri tərəfindən tətbiq olunmuş sanksiyalar nəticəsində İran daxilində xalqın yaşayışı çətinləşdi və ölkənin iqtisadi vəziyyəti bərbad vəziyyətə düşdü.

Ruhaninin hələ dövlət idarəetmə kürsüsündə oturmamasına baxmayaraq, indiyədək verdiyi vədlər andiçmə mərasimində iştirak edəcək liderlərin İran xalqının bu seçiminə sevinməsi və mərasimdə öz iştirakları ilə Ruhaniyə dostluq və əməkdaşlıq əllərini uzatmasına səbəb olub. Bununla da Ruhani hökuməti İranın xarici siyasətində yaranan bu imkandan istifadə edərək ona tərəf uzadılmış əlləri sıxmaqla ölkəsinin çiçəklənməsinə zəmin yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti