Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir İ.İzzət/
Azərbaycan xalqı tarixi və siyasi hadisə qarşısındadır. Bu siyasi hadisədən sonra Azərbaycan xalqı gələcəyini müəyyənləşdirəcək. Trend xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib.
Ali Məhkəmənin binasında DSK sədrləri ilə keçirilən görüşdə "Seçki hüquqlarının məhkəmə müdafiəsi, mübahisələrin məhkəmə aidiyyəti: bu sahədə məhkəmə təcrübəsi" mövzusunda çıxış edən Ramiz Rzayev qeyd edib ki, hər bir azərbaycanlı gələcəyini, tarixini düşünərək seçimini etməlidir. Bununla o, Azərbaycanın gələcək inkişafına öz töhfəsini verməlidir: "İlham Əliyevin daim xalqın, dövlətin maraqlarından çıxış etməsi, Azərbaycan xalqının qarşısında gördüyü işlər onu alternativsiz liderə çevirib".
Rzayevin sözlərinə görə, yalnız məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur. Qanunla müəyyən edilmiş bir sıra istisna hallarda hərbi qulluqçuların, dövlət xadimlərinin, hakimlərin, məhkumların seçki hüququ məhdudlaşdırıla bilər: "Konstitusiyaya görə, hər kəsin məhkəməyə müraciət etmək hüququ var. Seçki hüquqları pozulduğunu iddia edən Azərbaycan vətəndaşları da onların bərpası məqsədilə seçki komissiyalarının qərarından, hərəkəti və ya hərəkətsizliyindən apelyasiya qaydasında məhkəmələrə müraciət edə bilərlər".
Ali Məhkəmənin sədrinin sözlərinə görə, məhkəmə təcrübəsində seçmək və seçilmək hüququnun təmin edilməsi ilə əlaqədar əsasən namizədlərin siyahısını, onları qeydə alanda imtina edilməsi, etibarsızlığı haqqında, seçici imzalarının düzgün sayılmaması haqqında komssiyanın qərarlarının ləğv edilməsi, namizəd kimi qeydə alınan şəxsin tədqim etdiyi sənədlərin qəbul edilməsindən imtina edilməsi barədə, səslərin seçkilərin yekununda düzgün müəyyən edilməməsi, səsvermənin nəticələrinin və seçkilərin etibarsız elan edilməsi haqqında edilən şikayətlər çoxluq təşkil edir.
Seçki hüququ ilə bağlı iş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticə hissəsi elan oldunduğu vaxtdan 24 saatdan səsvermə gününə 30 gün qalmış və ondan sonrakı qəbul edilmiş qərardan isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. İş üzrə məhkəmə qərarlarından həmin qərarın tam formada təqdim olunduğu 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.
R.Rzayev deyib ki, şikayətlər birbaşa Ali Məhkəməyə ünvanlana bilməz. Bunun üçün seçicilər, namizədlər, siyasi partiyalar, bloklar, təşəbbüs qrupları şikayətlərlə əvvəlcə müvafiq məhkəmə instansiyasına müraciət etməlidirlər.
Ali Məhkəmənin sədri jurnalistlərə açıqlamasında bildirib ki, xalq öz dövlət başçısını açıq və bərabər şəkildə iradəsini ifadə edərək seçəcək: "Biz əminik ki, bu ilin oktyabr ayında nəzərdə tutulan seçkilər tam demokratik, ədalətli şəkildə seçiləcək və Azərbaycan xalqı da öz iradəsini bildirəcək".
Onun sözlərinə görə, istər bələdiyyə, istərsə də parlament seçkilərində MSK DSK sədrləri üçün maarifləndirici kurslar təşkil edir. Biz də bu kurslarda mütəmadi olaraq seçicilərin hüquqlarının məhkəmə tərəfindən qorunması mövzusunda DSK sədrlərinə müəyyən hüquqi məsələləri izah edirik:
"Artıq qanunvericilikdə dəyişiklik edilib. Əvvəllər seçkilərlə bağlı məsələlər Mülki Prosessual Məcəllə ilə tənzimlənirdi. Artıq seçki məsələləri ilə əlaqədar yaranan mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılacaq. Bu məqamlar DSK sədrləri ilə görüşdə də onlara izah edilib".