Azərbaycan, Bakı, 6 avqust / Trend, müxbir M.Əliyev/
Ermənistan-Gürcüstan sərhədi latent problemlər məskənidir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
O bildirib ki, Ermənistan-Gürcüstan sərhədi hər cür sürprizi ortalığa qoya bilər.
"Bu birinci problemdir. Həm bu iki dövlətin sərhədi razılaşdırılmayıb, həm də ermənilər Gürcüstan vətəndaşı olan azərbaycanlılara da əziyyət verir, onların torpaqlarını ələ keçirirlər. Yaxında Gürcüstandakı azərbaycanlılar bu mövzu üzrə aktivlik nümayiş etdirdilər. Ermənistan-Gürcüstan sərhədindəki qeyri-müəyyənlik fonunda istənilən, xüsusilə Gürcüstandakı azərbaycanlıların iştirakı ilə olan aktivlik diqqəti dərhal cəlb edəcəkdir. Gürcüstanla yanaşı, Azərbaycan, Rusiya və İran da bu aktivliyə maraq göstərə bilərlər. İndiki şəraitdə oradakı aktivlik yalnız Ermənistanın maraqlarına ziyandır. İkinci problem Gürcüstanın Abxaziya ilə bağlı qanuni və haqlı tələbləridir. İvanişvili hökuməti abxaz məsələsində güzəştə getmək istəyirdi, əks-effektlə üzləşdi. İndi bu məsələdə o, siyasətini Saakaşvilinin mövqeyinə yaxınlaşdırır. Üçüncü problem Abxaziyanın özü ilə əlaqəlidir. Abxaziya hər tərəfdən, lakin daha çox Gürcüstan tərəfindən təhlükə gözləyir. Gürcüstandan Abxaziya ərazisinə daxil olan qatarların silah və hərbçi gətirməyəcəyinə abxazları heç kim inandıra bilməz. Dördüncü problem Rusiyadan qaynaqlanır. Rusiya Abxaziya ilə bağlı siyasətini zərrə qədər dəyişə bilməz. Dəyişmək istəsə də, bu çox ehtiyatla edilməlidir. Çünki abxazlarda Türkiyəyə güclü,təbii maraq var. Ona görə Rusiya Abxaziyada dəmiryolunun açılması kimi dinamizm mənbəyi olan prosesə imkan verə bilməz. Ən azı bu indi belədir".
Politoloq qeyd edib ki, sovet dövründə Ermənistana gedən yüklərin 85%-i Azərbaycan ərazisindən keçirdi.
"Ermənistan cəmi bir addımla - qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən, o cümlədən Dağlıq Qarabağdan çıxarmaqla Meğridən keçən dəmiryolunun fəaliyyətinə start vermiş olur. Bununla da Rusiya ilə ənənəvi, etibarlı dəmiryolu bərpa olunur. Başqalarından asılı olan 4 problemin həllini tələb edən Ermənistan özündən asılı olan bircə işi etmək istəmir. Ermənistan Rusiya ilə kommunikasiyalarının olmamasını mühüm problem adlandırsa da əslində bu sadə bəhanədir. Ermənistan Rusiya ilə xüsusi münasibət dedikdə belə əsassız iddiaların reallaşmasını da nəzərdə tutur".