Azərbaycan, Bakı, 3 sentyabr / Trend, S.Əhmədova /
Sudan Respublikası Azərbaycandakı səfirliyinin fəaliyyətini bərpa edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.
Trend-in məlumatına görə, Xarici İşlər Nazirliyində Sudan səfirliyinin əməkdaşı ilə ilkin tanışlıq görüşü keçirilib və iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Sudan 1993-cü ildə Azərbaycanda səfirliyini açmış ilk İslam əməkdaşlıq təşkilatı üzv dövlətlərindən olub. Amma 1999-cu ildə müəyyən maliyyə çətinliklərinə görə Sudan Azərbaycandakı səfirliyinin fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
2012-ci ilin noyabrında Sudan prezidentinin köməkçisi və Sudanın hakim Milli konqres partiyasının vitse-prezidenti Dr. Nəfai Əli Nəfainin rəhbərlik etdiyi yüksək səviyyəli Sudan nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər əsnasında Sudan rəhbərliyinin regionun aparıcı dövləti olan və İslam əməkdaşlıq təşkilatında fəal rol oynayan Azərbaycan ilə əlaqələrin daha da inkişafına xüsusi əhəmiyyət verdiyi qeyd olunaraq, Sudanın Azərbaycandakı səfirliyinin fəaliyyətinin bərpa olunması haqqında qərarın qəbul edildiyi barəsində məlumat verilib.
Azərbaycan Respublikası tərəfindən Sudanın bu niyyəti alqışlanmışdır. Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi də qeyri-rezident əsasda Sudanda akkreditasiya olunub.