...

MDB missiyası Azərbaycan prezidenti seçkilərinə hazırlıq zamanı açıqlıq və aşkarlığı qeyd edir

Siyasət Materials 26 Sentyabr 2013 18:39 (UTC +04:00)
Oktyabrın 9-da keçiriləcək Azərbaycan prezidenti seçkilərinə hazırlıq ölkə Konstitusiyası və Seçki Məcəlləsinə uyğun aparılır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı MDB Müşahidəçilər qrupunun seçkilərə hazırlıq və keçirilməsi üzrə müşahidənin gedişatı haqqında aralıq hesabatında deyilir.
MDB missiyası Azərbaycan prezidenti seçkilərinə hazırlıq zamanı açıqlıq və aşkarlığı qeyd edir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Oktyabrın 9-da keçiriləcək Azərbaycan prezidenti seçkilərinə hazırlıq ölkə Konstitusiyası və Seçki Məcəlləsinə uyğun aparılır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı MDB Müşahidəçilər qrupunun seçkilərə hazırlıq və keçirilməsi üzrə müşahidənin gedişatı haqqında aralıq hesabatında deyilir.

Hesabatda bildirilir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) daha əvvəlcədən məlumat verilən iclası beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilir, KİV tərəfindən işıqlandırılır: "MSK-nın iclaslarında iştirak etmiş missiya nümayəndələri toplantının işində açıqlıq və aşkarlığı, MSK-nın səlahiyyətlərinə aid məsələlərin müzakirəsi və həlli zamanı kollektivliyi qeyd edirlər".

Sənəddə deyilir: "MSK-nın internet saytı səmərəli işləyir. Saytdan seçki kampaniyasına aid məlumatlar almaq mümkündür. Dairə seçki komissiyalarının nümayəndələrinə seçkilərin təşkili və keçirilməsi məsələləri üzrə həftəlik kurslar keçirilib. Dairə seçki komissiyaları məntəqə komissiyalarının üzvlərinin peşəkarlığını artırmaq məqsədi ilə onlar üçün treninq keçirirlər".

Missiyanın hesabatında qeyd edilir ki, uzunmüddətli müşahidəçilərin bildirdiyinə görə, treninqlərin keçirilməsi zamanı məcəllənin tələblərinin reallaşdırılması, seçki prosesinin demokratikliyi və şəffaflığını təmin etmək, məntəqə komissiyalarının üzvləri üçün səslərin hesablanmasının açıqlığı və şəffaflığı üzrə praktiki tövsiyələr ortaya qoyulur: "Vətəndaşların seçki prosesinə etimadının səviyyəsini yüksəltmək, səsvermə və səslərin hesablanması prosedurunun maksimum açıqlıq və şəffaflığı, həmçinin pozuntu və saxtakarlıq barədə xəbərdarlıq etmək üçün səsvermə yerlərində 1000 veb-kamera quraşdırılıb ki, bu da əvvəlki prezident seçkilərindəkindən 2 dəfə çoxdur".

Seçki kampaniyasının monitorinqi çərçivəsində uzunmüddətli müşahidəçilər Naxçıvan Muxtar Respublikasında bütün 7 dairə seçki komissiyasında və bir sıra məntəqə seçki komissiyasında, o cümlədən Bakı, Gəncə, Lənkəran, Abşeron, Astara, Lerik, Xaçmaz və Şəmkir şəhərlərinin dairə və məntəqə komissiyalarında olublar.

Müşahidəçilər qeyd edirlər ki, dairə və məntəqə seçki komissiyalarının rəhbərliyi və üzvləri ünsiyyət üçün açıqdırlar, seçkiqabağı tədbirlərin keçirilməsi barədə zəruri məlumatları təqdim edirlər.

Müşahidəçilər əmin olublar ki, seçki məntəqələrinin seçkilərə dair qanunvericilik aktları, zəruri metodik tövsiyələr, təlimatlar, informasiya materialları, şəffaf seçki qutuları və texnika daxil olmaqla müvafiq avadanlıqla təmin edilməsi üzrə iş başa çatdırılıb. Səsvermə günü zəruri hallarda məhdud imkanlı şəxslərin səsvermədə iştirakını təmin etmək üçün panduslar quraşdırılacaq.

Missiya nümayəndələri məntəqə seçki komissiyalarında olarkən seçki siyahılarının dəqiqləşdirilməsi üzrə işlə tanış olublar.

Müşahidəçilər vurğulayıblar ki, ölkədə vətəndaşların qarşıdakı seçkilər barədə məlumatlandırılması üzrə fəal iş aparılır.

Bu məqsədlər üçün KİV-dən və seçiciləri 2013-cü il oktyabrın 9-da seçkilərə gəlməyə çağıran poliqrafik məhsullar növündə əyani təşviqatdan geniş istifadə edilir.

Gəncləri qarşıdakı seçkilərdə seçki prosesinə cəlb etmək üçün MSK-nın dəstəyi ilə "Səs verirəm" layihəsinin təqdimatı keçirilib. MSK-nın məlumatına görə, təqribən 500 min gənc ilk dəfə olaraq seçkilərdə seçki hüququndan istifadə edəcəklər.

Hesabatda deyilir ki, missiyanın qərargahı seçki kampaniyası monitorinqi çərçivəsində səlahiyyətlərinə seçki kampaniyası zamanı pozuntularla bağlı şikayət və ərizələrin baxılması daxil olan respublika orqanları ilə qarşılıqlı fəaliyyət göstərir. Bu məqsədlə Ali Məhkəmə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasına seçki prosesinin iştirakçılarından daxil olan müraciətlər və onlara baxılmanın nəticələri haqqında məlumat təqdim etmək xahişi ilə məktub göndərilib.

MDB-dən olan müşahidəçilərin fikrincə, seçki monitorinqində milli müşahidəçilərin iştirakı seçkilərin gedişatına vətəndaş nəzarətini gücləndirməyə və onları şəffaf etməyə imkan verəcək. İndiyədək dairə seçki komissiyaları tərəfindən müxtəlif siyasi partiyaları təmsil edən 25 mindən artıq müşahidəçi akkreditə olunub.

MDB müşahidəçiləri qeyd edirlər ki, Azərbaycan prezidenti seçkiləri üzrə kampaniya məcəlləyə uyğun və dinc şəraitdə keçir.

Missiya seçki kampaniyası monitorinqinin yekun nəticə və qiymətləndirilməsini seçkilərin keçirilməsindən sonra açıqlayacaq.

Missiya 2013-cü il sentyabrın 10-da seçki kampaniyasının monitorinqinə başlayıb. 20 müşahidəçi vəzifələrini uzunmüddətli əsasda yerinə yetirir.

Sentyabrın 25-nə olan məlumata görə, missiyanın tərkibində Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna, MDB iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyası, Belarus və Rusiya İttifaqının Parlament Yığıncağı, MDB İcraiyyə Komitəsini təmsil edən 200-də artıq müşahidəçi akkreditə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti