...

AXCP sədrinin müavini mitinq çağırışlarına görə Bakı şəhər prokurorluğuna çağırılaraq ona xəbərdarlıq edilib

Siyasət Materials 8 Oktyabr 2013 16:32 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Bakı şəhər prokurorluğuna çağırılaraq ona xəbərdarlıq edilib.
AXCP sədrinin müavini mitinq çağırışlarına görə Bakı şəhər prokurorluğuna çağırılaraq ona xəbərdarlıq edilib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Bakı şəhər prokurorluğuna çağırılaraq ona xəbərdarlıq edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son zamanlar AXCP sədrinin müavini F.Qəhrəmanlı müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarda oktyabr ayının 10-dan etibarən kütləvi aksiyalara start veriləcəyini və seçki saxtakarlığına qarşı mübarizə aparacaqlarını, kütləvi aksiyaların Bakı şəhərini və ölkənin digər bölgələrini də əhatə edəcəyini bəyan edib.

Bununla bağlı prokurorluğa çağırılan AXCP sədrinin müavini F.Qəhrəmanlıya Bakı şəhər prokuroru Əziz Seyidov tərəfindən xəbərdarlıq edilib.

Qeyd edilən kütləvi aksiyanın təşkilatçılarından biri kimi, ona izah olunub ki, təşkilatçılar planlaşdırılan toplantının "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq qaydada keçirilməsi, tədbirin yalnız Bakı Şəhər İcra hakimiyyəti orqanı ilə razılaşdırılmış vaxtda, yerdə və marşrutlar üzrə reallaşdırılması üçün məsuliyyət daşıyır və həmin tələblərin pozulması halları qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət yaradır:

"Əks təqdirdə, bütün məsuliyyət qanunsuz və təxribat xarakteri daşıyan mitinqin təşkilinə cavabdeh olan təşkilatçıların üzərinə düşəcəkdir. Razılaşdırılmamış ərazilərdə kütləvi aksiya keçirilməsinə cəhd göstəriləcəyi təqdirdə, ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada qətiyyətlə alınacaqdır".

F.Qəhrəmanlının nəzərinə çatdırılıb ki, belə hərəkətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 233-cü (ictimai qaydanın pozuntusuna səbəb olan hərəkətləri təşkil etmə) maddələri ilə məsuliyyət yaradır.

Ə.Seyidov AXCP sədrinin müavininə bildirib: "Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə kütləvi aksiya keçirilməsinə cəhd göstəriləcəyi təqdirdə, ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, kütləvi aksiyanın təşkilatçılarından biri kimi sizin haqqınızda qanunda nəzərdə tutulmuş müvafiq təsir tədbirləri görüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti