...

Yanez Lenarçiç: ATƏT DTİHB müşahidələrlə bağlı ilkin rəyini sabah açıqlayacaq (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 9 Oktyabr 2013 12:16 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri seçki prosesini izləyir və müşahidələr haqqında ilkin rəy sabah açıqlanacaq.
Yanez Lenarçiç: ATƏT DTİHB müşahidələrlə bağlı ilkin rəyini sabah açıqlayacaq (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə edilib (İlk xəbər saat 11:52-də yayılıb)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir S.Əhmədova/

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri seçki prosesini izləyir və müşahidələr haqqında ilkin rəy sabah açıqlanacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Yanez Lenarçiç deyib.

Yanez Lenarçiç bildirib ki, bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda 300-dən çox qısamüddətli müşahidəçisi seçkilər prosesini izləyir: "Biz bu ölkəyə hökumət tərəfindən dəvət olunmuşuq və bu da bizim hökümət qarşısında olan öhdəliyimizlə bağlıdır. Bizim müşahidə missiyamız uzunmüddətlidir. Bu o deməkdir ki, biz 6 həftədir bu ölkədəyik. Bizim komandada müxtəlif ekspertlər və 30-a yaxın mütəxəssis vardır. Müşahidəçilər kampaniya boyu bütün prosesləri, o cümlədən media ilə bağlı prosesləri izləyiblər".

Yanez Lenarçiç deyib ki, müşahidəçilər seçki günündən sonra bir neçə gün ölkədə qalacaqlar və seçkidən sonra baş verən hadisələri və şikayət, müraciətləri izləyəcəklər.

Yanez Lenarçiç Nəsimi-Səbail 23 sayli dairə seçki komissiyasının 26 saylı məntəqəsində müşahidə aparıb.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti