Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İzzət/
Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində 18 saylı Nərimanov - Nizami Seçki Dairəsinin 32 saylı seçki məntəqəsində saat 12:40-a olan məlumata görə, siyahı üzrə 950 seçicidən 400 nəfəri səsvermədə iştirak edib. Bunu Trend-ə məntəqə seçki komissiyasının sədri Elşad Əhmədov deyib.
Əhmədovun sözlərinə görə, məntəqədə səsvermə prosesi səhər saat 8:00-dan başlayıb və heç bir problem qeydə alınmayıb.
O deyib ki, məhkum seçicilər mütəşəkkil şəkildə səsvermədə iştirak edirlər.
Müstəqil müşahidəçi Əliyev Rəşad Trend-ə bildirib ki, səsvermə prosesində hər hansı bir qanun pozuntusu və ya problem qeydə alınmayıb.
Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə 11 il azadlıqdan məhrum edilmiş və 4 il 9 ay məhkumluq həyatı yaşamış və ilk dəfə olaraq səsvermədə iştirak edən məhkum Şükürov Kərəm Məhəmməd oğlu deyib ki, cəzaçəkmə müəssisəsində namizədlərin platforması ilə tanış olmağa şərait yaradılıb: "Seçki Məcəlləsinin müvafiq maddələri ilə tanış edilmişik. Bizə heç bir təzyiq göstərilməyib və könüllü olaraq səsvermədə iştirak edirik".