Azərbaycan, Bakı, 19 oktyabr /Trend/
Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Ötən illər ərzində Azərbaycan xalqı Sizin rəhbərliyinizlə milli inkişafda böyük uğurlar əldə etmişdir. Yeni dövrə nəzər salsaq regionda və dünyada sülhün, əməkdaşlığın və inkişafın qorunub saxlanmasına töhfə verməklə çiçəklənən dövlətin qurulması istiqamətində ölkənizin daha böyük uğurlar qazanacağına əminəm.
İkitərəfli ənənəvi dostluq münasibətlərini gücləndirmək üçün Zati-alinizi 2014-cü ildə Sizə münasib bir vaxtda Vyetnama rəsmi səfərinizdə salamlamağı səbirsizliklə gözləyirəm. Əminəm ki, bu səfər Vyetnam-Azərbaycan münasibətlərinin qarşılıqlı maraqlarımıza uyğun olaraq daya yüksək səviyyəyə çatmasında çox mühüm rol oynayacaqdır.
Fürsətdən istifadə edərək Sizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram".
xxx
Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevnelievdən:
"Bu xoş fürsətdən istifadə edərək, Sizi əmin edirəm ki, Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı iki ölkənin maraqları, həmçinin sülh, əmin-amanlıq və firavanlıq naminə davam edəcəkdir.
Səmərəli dialoqun dəstəklənməsi naminə Sizi 2014-cü ildə münasib bildiyiniz vaxtda Bolqarıstana səfərə dəvət edirəm. Əminəm ki, Bolqarıstan ilə Azərbaycan arasındakı ənənəvi dostluq münasibətləri çərçivəsində xalqlarımızın rifahı naminə Sizinlə əhəmiyyətli məsələləri müzakirə edə bilərik.
Hörmətli cənab Prezident, Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayır və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm."
xxx
Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun vitse-prezidenti Qabriel Valentin Komaneskudan:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun adından ən səmimi təbriklərimi çatdırıram.
Prezident seçkilərində qazandığınız inamlı qələbə Sizin həm ölkə daxilində, həm də ölkənizin geosiyasi əhəmiyyətinə görə beynəlxalq aləmdə nüfuzunuzu bir daha təsdiqləmişdir. Ardıcıl surətdə həyata keçirilmiş siyasət və layihələr nəticəsində Siz qələbəniz üçün əsaslı təməl yaratmısınız.
Qara dəniz və Xəzər dənizi regionu ölkələri arasında mövcud olan iqtisadi əlaqələrin Sizin yeni prezidentliyiniz dövrünə daha da möhkəmlənib inkişaf edəcəyinə əminəm. Ölkələrimiz arasında mövcud tərəfdaşlığın gücləndirilməsi üçün hər cür dəstək verəcəyimə və əlimdən gələni edəcəyimə əmin olun".
xxx
1990-1997-ci illərdə Bolqarıstan Prezidenti Jelyu Jelevdən:
"Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi təbrik edirəm.
Biz hamımız planetdə demokratiyanın, tolerantlığın və ədalətin təntənəsi uğrunda mübarizəmizi davam etdirəcəyik".
xxx
Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İvan Başindən:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Sloveniya-Azərbaycan Dostluq Cəmiyyəti adından səmimi qəlbdən təbrik edim. Cəmiyyətimizin əsas məqsədi və fəaliyyəti xalqlarımız arasında əməkdaşlığı möhkəmləndirmək və genişləndirməkdir.
Cəmiyyətin adından və şəxsən öz adımdan Sizə Azərbaycan Respublikasının rifahı və çiçəklənməsi naminə ölkənizə bundan sonra da müvəffəqiyyətlə rəhbərlik etməyi arzulayıram".
xxx
"LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərovdan:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə inamlı qələbəniz Sizin böyük siyasi nüfuzunuzu və apardığınız kursun ölkə əhalisi tərəfindən dəstəkləndiyini təsdiq edir.
Sizin rəhbərliyinizlə Azərbaycanın dinamik sosial inkişafının təmin olunmasına, əhalinin həyat keyfiyyətinin əsaslı şəkildə yüksəldilməsinə, cəmiyyət həyatının bütün sahələrinin inkişafı üçün iqtisadiyyata iri sərmayələrin cəlb edilməsinə yönəlmiş dəyişikliklər uğurla davam edir. Xarici ölkələrlə ticari-iqtisadi əməkdaşlıq fəal inkişaf edir.
Fürsətdən istifadə edərək Azərbaycanda "LUKoyl" ASC-nin fəaliyyətinin dəstəklənməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, azərbaycanlı tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığı daim inkişaf etdirmək əzmindəyik".