Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
Ermənistan prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə razılıq verməsi mümkün deyil. Özünün şəxsi keyfiyyətləri çox aşağıdır. Heç vaxt sözünün üstündə dayanmayan, mərdliyin və kişiliyin nə olduğunu bilməyən insandır. Ən vacibi isə o müstəqil deyil. Sahibinin məsləhət bildiyi addımı atacaqdır. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq deyib ki, eləcə də Serj Sərkisyanın Dağlıq Qarabağ tənzimlənməsi üzrə Amerika planının birinci hissəsini qəbul etməsi də faktdır. Bu barədə AŞPA-dakı çıxışında bildirdi: "Azərbaycan sürətlə silahlanmaya ayırdığı pulu region xalqlarının, o cümlədən Ermənistan xalqının rifahının yaxşılaşmasına xərcləyə bilər" tipli bəyanatların mahiyyəti bundan ibarətdir. Amma özü əvəzində nə edəcəyini demir. Buradan iki mühüm nəticə çıxır. Serj Sərkisyan sadəcə Azərbaycanı yüngül addımlarla aldadıb pul əldə etmək istəyir. Yüngül addımlar dedikdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının məhdud dairədə və məhdud məzmunlu görüşünün təşkili ola bilər. İkinci nəticə "Azərbaycanın silahlanmasının dayandırılması" tələbi əksər ermənipərəstlər tərəfindən dəstəklənə bilər və bu isə Azərbaycan üçün əlavə problemlər yarada bilər. Azərbaycan bir sıra dövlətlərlə, xüsusilə Rusiya və İsrail kimi dövlətlərlə çoxmilyardlı müqavilələr imzalayıb. Ermənistan heç nə etmədən Azərbaycanın ən azı bu iki dövlətlə münasibətlərində gərginlik yarada bilər. Ona görə də Azərbaycanın sürətlə silahlanmanı qəflətən dayandırması mümkün deyil".
Politoloqun fikrincə, Ermənistana pul lazımdırsa, o, Dağlıq Qarabağ tənzimlənməsində praktiki addımlara başlamalıdır. Əvəzində Azərbaycan Ermənistanla məhdud miqyaslı iqtisadi əməliyyatlar reallaşdıra bilər: "Ən yaxşı variant Böyük Sülh Müqaviləsinin imzalanmasıdır. Bu müqavilə Dağlıq Qarabağ təmzinlənməsinin praktiki mərhələsini başlamalıdır. Bu müqavilədə Azərbaycan silahlanmaya pul xərcləməmək öhdəliyini götürə bilər. Uzunmüddətli praktiki tənzimləmə prosesi dövründə Azərbaycan Rusiya, İsrail və digər dövlətlərlə imzaladığı müqavilə öhdəliklərini minimal ziyanla qaydasına sala bilər".
Mübariz Əhmədoğlunun sözlərinə görə, Azərbaycanın silah müqavilələrinin dayandırılması təklifi ölkəmizə qarşı təxribatdır: "Bu təxribatda Ermənistan tək deyil, ehtimal ki, ABŞ onun təxribatlarına uyub. Ermənistanın Avropaya inteqrasiya məsələsi adlı təkcə bir ideya ilə Barak Obama rəhbərliyini 4-5 dəfə aldatması ABŞ hökuməti üçün utanc gətirən hadisədir. Onun dünya siyasətində və daxili siyasətdə uğursuzluğu da belə "ağıllı" siyasətinin nəticəsidir".