...

Xalqa arxalanan lider – Xalqın lideri

Siyasət Materials 23 Oktyabr 2013 11:39 (UTC +04:00)
Artıq 9 oktyabr 2013-cü il prezident seçkiləri arxada qaldı. Hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycan cəmiyyətində də bu gün məhz Azərbaycan hakimiyyətinin formalaşdırdığı demokratik norma və prinsiplər daxilində, insan hüquq və azadlıqları, demokratik azadlıqlar çərçivəsində seçkinin nəticələri bu və ya digər şəkildə müxtəlif mətbuat orqanlarında müzakirə edilir, şərh edilir, müxtəlif yanaşmalar, fərqli fikirlər, alternativ siyasi baxışlar davam etdirilir.
Xalqa arxalanan lider – Xalqın lideri

Hikmət Babaoğlu - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

Artıq 9 oktyabr 2013-cü il prezident seçkiləri arxada qaldı. Hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycan cəmiyyətində də bu gün məhz Azərbaycan hakimiyyətinin formalaşdırdığı demokratik norma və prinsiplər daxilində, insan hüquq və azadlıqları, demokratik azadlıqlar çərçivəsində seçkinin nəticələri bu və ya digər şəkildə müxtəlif mətbuat orqanlarında müzakirə edilir, şərh edilir, müxtəlif yanaşmalar, fərqli fikirlər, alternativ siyasi baxışlar davam etdirilir. Bütün bunlara baxmayaraq, artıq Azərbaycanda seçki başa çatıb. Bu tarixi hadisə indiki mərhələdə müasir Azərbaycan dövlətçiliyini yeni mərhələyə daşıyıb. Əlbəttə ki, bunu tarixi və əlamətdar hadisə kimi səciyyələndirməyimizin bir neçə səbəbi var. Bunlardan birincisi odur ki, regionda və dünyada baş verən ziddiyyətli hadisələrin, idarə olunan kütləvi xaosun və çox geniş iqtisadi və siyasi qeyri-sabitliyin fonunda Azərbaycanda sabitlik mövcuddur və bu, Azərbaycanın iqtisadi, siyasi, ictimai, mənəvi, ideoloji, dini həyatının bütün sektorlarını əhatə edir. Hesab edirik ki, 2013-cü il prezident seçkilərini əlamətdar edən məsələlərdən birincisi budur. Hər halda, bu qənaəti ifadə etməyimizin səbəbi ondadır ki, seçki ili hər bir xalqın və millətin tarixində emosional bir il olduğu üçün, xüsusən, seçki günü müxtəlif siyasi dünyagörüşlü insanların rəqabət tarixi kimi səciyyələndirildiyi üçün bu dövrdə cəmiyyətdə normal vəziyyətdə müşahidə olunmayan ayrı-ayrı ekstraordinar hadisələrin baş verməsi dünya təcrübəsində, müxtəlif ölkələrin təcrübəsində mövcuddur. Seçki ili bir növ ictimai düşüncədə, siyasi təfəkkürdə zəlzələ effekti yaradan bir hadisədir. Əgər mövcud siyasi sistemdə cəmiyyətin siyasi-ideoloji və dini-etnik strukturunda hər hansı boşluq mövcuddursa, məhz bu seçki ilində qısa tərpənişlərdən sonra müəyyən ictimai, siyasi, yaxud etnik uçurumlar, dağıntılar meydana çıxa bilir. Amma 2013-cü ilin 9 oktyabrında prezident seçkiləri keçirilən zaman bəlli oldu ki, ötən illərdə Azərbaycanda formalaşdırılmış sabitlik əsaslıdır, cəmiyyətin bütün fərdləri tərəfindən qəbul ediləndir və sabitlik sözü təkcə iqtisadi platformada qiymətləndirilməlidir. Sabitlik insanların düşüncəsində, hadisələrə yanaşmasında, ideoloji və siyasi dünyagörüşlərində, dini-etnik baxışlarında da mövcuddur. Hesab edirik ki, bir cəmiyyətin canlı orqanizm kimi mövcud olmasında bu əsas şərtlərdən biridir. Yəni, ictimai-siyasi şüurda, cəmiyyətin daxili strukturunda sabitliyin mövcud olması bu cəmiyyətin vahid bir orqanizm kimi fəaliyyət göstərdiyinin əyani sübutudur.

Əlbəttə ki, mövcud cəmiyyət öz-özünə qurulmayıb, hər bir cəmiyyəti təşkil edən xüsusi aktiv, dinamik güclər var və heç şübhəsiz, ilk növbədə, bu cəmiyyəti formalaşdıran ideoloji, siyasi, mənəvi lider var. Seçki ili onu göstərdi ki, artıq 20 ildən artıq bir dövrü əhatə edən Heydər Əliyev siyasəti və azərbaycançılıq ideologiyası sözün həqiqi mənasında bu gün hər bir azərbaycanlının fəxr edəcəyi, qürur duyacağı, ən əsası isə güvənib etibar edəcəyi bir ideologiya kimi yaşamaqdadır. 2013-cü ildə keçən sabit, demokratik, şəffaf və ədalətli seçkilər bir daha isbat etdi ki, biz bu ideologiya ilə, müstəqil dövlətçiliyimizin 20 illik tarixi keçmişi ilə fəxr edə bilərik. Əgər dediyimiz mənəvi, ideoloji, iqtisadi, sosial dəyərlər bu gün Azərbaycanın bütövlüyünü təmin edibsə, indiki ekstremal vəziyyətdə bu özünün nə qədər monolit olduğunu isbat edirsə, deməli, bundan sonra artıq 20 illik bir təcrübəyə və 20 yaşa sahib olan bu cəmiyyət bundan sonra əbədi olaraq, uzunmüddətli olaraq yaşaya bilər və hər hansı ideoloji təxribata, xaricdən gələn mənfi impulslara qarşı da rəqabətqabiliyyətlidir. Bu, qısaca olaraq ideoloji-siyasi platformada əlamətdar hadisə kimi səciyyələndirdiyimiz faktların səciyyəvi xüsusiyyətləridir.

Xalqın siyasi iradəsi milli müqəddəratı təyin edən əsas faktor oldu

Yuxarıda qeyd etdiyimiz əsaslar 2013-cü il 9 oktyabr seçkilərinin hansı zəmində, platformada və hansı rəqabət müstəvisində həyata keçiriləcəyinin şərtlərini müəyyənləşdirmişdi. Bu şərtlər Azərbaycan cəmiyyətinin ana sütunu kimi səciyyələndirdiyimiz ideoloji-siyasi dəst-xətti müdafiə edən liderin prezidentliyə namizəd olması idi. Bu lider Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Prezident İlham Əliyev idi. Məsələ ondadır ki, ötən illərdə formalaşmış intellektual cəmiyyət və milli siyasi iradənin hüquqi müstəvidə əks olunmasını təmin edən aktiv siyasi fərdlər öz mövqelərini seçki ilində çoxdan müəyyənləşdirmişdilər. Bu, həm 2013-cü il prezident seçkilərinin taleyini həll etdi, həm də Azərbaycan xalqının gələcək müqəddəratını müəyyənləşdirdi. Hesab edirik ki, nəticə xalqımızın milli maraqları və dövlətçiliyimizin mənafeləri baxımından olduqca əlverişlidir. Yəni, Azərbaycan xalqı, əslində builki prezident seçkilərində hansı namizədə səs verəcəyini müəyyənləşdirərkən tərəddüd etmədi. Çünki qeyd etdiyimiz kimi, hər bir fərd, ictimai-siyasi aktiv olan hər bir şəxs Azərbaycanda nəyin baş verdiyinin fərqindədir.

Cəmiyyətdaxili münasibətlərimiz ictimai şüurumuzun keyfiyyət göstəricisi kimi

Amma əlbəttə ki, hadisələri düzgün qiymətləndirmək, namizədi düzgün seçmək üçün heç də təkcə Azərbaycanda nəyin baş verdiyinin fərqində olmaq yetərli deyil. Bu gün savadlı Azərbaycan auditoriyası, ictimaiyyəti hadisələrə kompleks yanaşmağı bacarır. Hesab edirik ki, bu, cəmiyyətimizin son illərdə əldə etdiyi ən təqdirəlayiq keyfiyyətlərdən biridir. Çünki o, hadisələrə ümumi konseptual yanaşmağı bacarır və öz siyasi qərarını qəbul edərkən təkcə Azərbaycanın daxilində deyil, onun ətrafında, qonşu ölkələrdə, bütövlükdə, regionda və dünyada baş verən prosesləri nəzərə alaraq öz qərarını müəyyənləşdirir. Əgər biz ictimai düşüncəmizin, ictimai şüurumuzun bu keyfiyyətini dəyərləndirməyə çalışsaq, bunu 100 ballıq şkalada 80-dən yuxarı rəqəmlərlə qiymətləndirə bilərik. Məsələ ondadır ki, yeni intellektual cəmiyyət ona əsas yaradıb ki, mövcud şəraitdə hər bir şəxs öz fərdi maraqlarını dövlətin maraqları ilə uzlaşdırmağı bacarır. Daha doğrusu, hər bir ictimai aktiv şəxs dərk edir ki, onun fərdi maraqları dövlətin maraqlarının təmin olunmasıdır. Çünki dövlət ümumi məfhumdur və məhz cəmiyyətin ayrı-ayrı fərdlərinin sosial sifarişindən meydana çıxıb. Əgər dövlətin, dövlətçiliyin maraqları təmin olunursa, onun içərisində fərdin maraqları da təmin olunur. Amma bu da fərdi proporsional qaydada baş verir. Şübhəsiz ki, dövlətin maraqları təmin olunubsa, deyə bilmərik ki, mütləq hər bir fərdin şəxsi maraqları da yüksək səviyyədə təmin olunub. Bu, çox incə bir xətdir. Amma məsələ ondadır ki, əgər fərd öz maraqlarını dövlətin maraqlarına güzəştə gedirsə, deməli, bu cəmiyyət normal inkişaf etmiş cəmiyyətdir. Ola bilsin ki, kiminsə fərdi qaydada hansısa məmurdan, hansısa dövlət təşkilatından, yaxud hüquq-mühafizə orqanından narazılığı var. Lakin qərar qəbul edən zaman fərd öz maraqlarından çox, dövlətçilik maraqlarından çıxış etməyi bacarırsa, deməli, bu, inkişaf etmiş cəmiyyətdir. Yəni, Azərbaycan cəmiyyəti isbat etdi ki, o, gündəlik, bəzi hallarda eqoist şəxsi mənafelərinə görə qərar qəbul etmir, o, özünə və gələcəyinə, dövlətinə və xalqına yüksək perspektiv, inkişaf etmiş gələcək vəd edən dəyərlərə səs verir. Bu mənada əlbəttə ki, nəticə olduqca qaneedicidir - 84,54 faiz. Bu, həm də Azərbaycan cəmiyyətinin intellektual inkişafının, ictimai-siyasi şüurunun səviyyəsinin göstəricisidir. Qeyd etmək lazımdır ki, seçkinin müqəddəratının təmin olunması da sadaladığımız faktorlarla bağlı idi.

İstismarçı demokratiya milli dövlətlərin daxili işlərinə müdaxilə vasitəsidir

Şübhəsiz ki, seçki prosesində bütün demokratik cəmiyyətlərdə olduğu kimi, Azərbaycan cəmiyyətində də fikir ayrılıqları var idi. Heç bir cəmiyyət ideal deyil. Xüsusən, nəzərə alsaq ki, burada demokratiyadan, fikir, söz azadlığından söhbət gedir və eyni zamanda, hazırkı mərhələdə milli dövlətlərin daxili işləri bir sıra dünya siyasətini müəyyənləşdirən hegemon güclər tərəfindən heç də onların daxili işləri kimi qəbul edilmir və mütləq bu və ya digər məqsədlər üçün milli dövlətlərin daxili işlərinə bu və ya digər şəkildə müdaxilə edilir, onda biz görəcəyik ki, Azərbaycanda seçkinin həyata keçirilməsi və burada ayrı-ayrı qüvvələrin müxtəlif mövqe sərgiləməsi olduqca normal idi. Sevindirici məsələ odur ki, heç bir halda, bu mövqe radikallıq dərəcəsinə görə dağıdıcı olmadı. 2013-cü il prezident seçkilərinin səciyyəvi xüsusiyyətlərindən biri kimi də bunu da göstərə bilərik.

Bununla bərabər, bildiyimiz kimi, ayrı-ayrı beynəlxalq təşkilatlar, insan haqları təşkilatları, yaxud Avropa dəyərlərini ixrac edən beynəlxalq qruplar və təşkilatlar, ayrı-ayrı beynəlxalq təşkilatlarda təmsil olunan şəxslər Azərbaycandakı seçkilər prosesində iştirak etdilər. Ancaq onların hamısının mövqeyi heç də anlaşılan, adekvat və birmənalı deyildi. Bu prosesdə bəlli oldu ki, hər mərkəzin, beynəlxalq təşkilatın, yaxud məsələn, Avropa Şurası Parlament Assambleyasının hər bir üzvünün fərqli maraqlarla mövqeyi var imiş. Çünki biz bu prosesdə məsələyə 3 cür yanaşma müşahidə etdik: 1) obyektiv yanaşma; 2) şəxsi subyektiv yanaşma; 3) qərəzli yanaşma.

Demokratiya ixracatçıları demokratiya ilə hesablaşmaq istəmirlər

Bunu analiz etsək görərik ki, Avropada mövcud olan və demokratiya ixrac edən, demokratiyanın təminatçısı və müdafiəçisi statusunda özlərini görən ayrı-ayrı təşkilatlar və təşkilatlanmaların demokratiyaya münasibəti də birmənalı deyil və bir çox hallarda heç demokratik də deyil. Belə olanda Azərbaycan cəmiyyəti artıq çoxdan kəşf olunmuş həqiqəti bir daha öz siyasi təcrübəsində yaşadı, yəni, Avropa təşkilatları, yaxud demokratiya ixrac edən, demokratik dəyərlərdən yüksək səslə danışan ayrı-ayrı təşkilatların və şəxslərin özlərinin demokratiya ilə bağlı ciddi problemləri var. Belə olan halda, bu gün demokratiyanın heç də bir dəyər, həyat tərzi, modern cəmiyyət quruluşu deyil, eyni zamanda, demokratiyanın istismarçı vasitə olduğunu, demokratiyanın kiminsə maraqlarına xidmət etdiyini, hansısa hegemon güclərin, anti-azərbaycançı, islamofob dairələrin istismar aləti olduğunu da bir daha gördük. Hesab edirik ki, bu təcrübə Azərbaycan xalqı üçün olduqca maraqlı, yaddaqalan və ibrətamizdir. Çünki seçkilərin nəticəsinə münasibətdə onların bəzilərinin mövqeyi Azərbaycan xalqının mövqeyi ilə üst-üstə düşmədi. Xüsusən də, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının mövqeyi ilə bağlı Azərbaycan xalqı xəyal qırıqlığına uğradı. Ancaq əlbəttə ki, Azərbaycan xalqının siyasi vicdanı rahatdır. Çünki Azərbaycan xalqı görür ki, onun seçki qutusunda ifadə etdiyi iradə Mərkəzi Seçki Komissiyasının rəsmi şəkildə ifadə etdiyi rəqəmlərlə üst-üstə düşdü. Lakin beynəlxalq təşkilatların müşahidəsində bunun əksi qeyd olunan zaman, Azərbaycan xalqı bir daha ikili standartların, istismarçı demokratiyanın, anarxist demokratiyanın nə olduğunu anladı. Hesab edirik ki, bu mənada, 2013-cü il 9 oktyabr prezident seçkiləri Azərbaycanda sözün həqiqi mənasında demokratiyanın dərk olunması ilə bağlı yeni bir dərs verdi və bəlli oldu ki, əgər bu demokratiyadırsa, mütləq Azərbaycan xalqının milli demokratiyası olmalıdır. Gördüyümüz kimi, idxal olunan demokratiya bir sıra hallarda milli maraqlara xidmət etmir. Bu məqam da 2013-cü il 9 oktyabr prezident seçkilərinin əlamətdar cəhətlərindən biridir.

"Milli şura" və istismarçı demokratiya milli iradəyə qarşı

Bütün bunlara baxmayaraq, seçki ilində qeyd etdiyimiz kimi, ayrı-ayrı təzyiq qruplarının və ayrı-ayrı Azərbaycan vətəndaşlarının millətimizin və dövlətimizin maraqlarına uyğun olmayan şəkildə hərəkət etmələri, müxtəlif namizədlərin bir sıra hallarda Azərbaycan xalqının iradəsinə deyil, beynəlxalq təşkilatların mövqelərinə hörmət etdiyi, onunla hesablaşdığı da ortaya çıxdı. Məsələn, seçki mərhələsində "Milli şura" adlandırılan bir qurum sanki Azərbaycan xalqı ilə rəqabətə, hüquqi, demokratik platformada savaşa girmişdi. Bu qurum iddia etməyə çalışırdı ki, Azərbaycanda seçkilərin taleyini Azərbaycan xalqı deyil, müxtəlif beynəlxalq təşkilatların və dövlətlərin rəyi həll edəcəkdir. Heç çəkinmədən bunu açıq şəkildə bəyan etdirir, xalqın iradəsini zorlamağa çalışdılar, ona hörmət göstərmədilər. Beləliklə, biz seçki prosesində gördük ki, cəmiyyətə sayğı duymayan bu cür "liderlərin" qəbul etdiyi dəyərlərlə Azərbaycan xalqının milli dəyərləri toqquşdu. Heç şübhəsiz, bu toqquşma zamanı əlbəttə ki, xalqın iradəsinin əleyhinə çıxanlar məğlub oldular. Ancaq burada Azərbaycan xalqı bir həqiqəti də dərk etdi ki, Azərbaycanda inkişafın, tərəqqinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin əleyhinə olan müəyyən qüvvələr var və onlar bir sıra hallarda demokratiya adı altında gizlənmiş ayrı-ayrı anti-azərbaycançı mərkəzlər tərəfindən idarə olunurlar. Əslində, Azərbaycan xalqı 9 oktyabr 2013-cü ildə yeni bir tarix yazaraq belələrini layiqli şəkildə cəzalandırdı. Bu gün artıq hər bir kəs qətiyyətlə deyə bilər ki, seçkilərin taleyini Azərbaycan seçicisinin siyasi iradəsi həll etdi.

Seçki başa çatdı, Azərbaycan xalqı və onun seçdiyi lider irəliyə, müxalifət isə arxaya baxır

Qeyd etdiyimiz kimi, seçkilərdən bir qədər sonra müvafiq hüquqi prosedurlara uyğun olaraq MSK-nın rəsmən elan etdiyi rəqəmlər Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildi və dərhal andiçmə mərasimi keçirildi. Bu hadisə artıq Azərbaycanın sabaha, gələcəyə baxması idi. Yəni, Azərbaycan xalqı və onun seçdiyi lider bu seçki ilindəki son səhifəni qapadaraq bundan sonrakı, irəlidəki inkişafa, tərəqqiyə, gələcəyə baxmağa, gələcəklə bağlı planlarını müzakirə etməyə başladı. Amma bunun fonunda, yuxarıda dediyimiz müstəqil olmayan namizədlər və Azərbaycanda seçkinin müqəddəratını təyin edən güc kimi xarici təşkilatları, müxtəlif mərkəzləri görən və nəticə etibarilə uduzan şəxslər isə bu gün də keçmişlə əlləşirlər. Çünki onlar elə bilirlər ki, keçmişi geriyə qaytarmaq olacaq. Amma bu günə qədər heç kəs nə fiziki-bioloji həyatda, nə də ictimai-siyasi həyatda keçmişi geriyə qatara bilməyib. Çünki cəmiyyət bəziləri üçün laboratoriya, yaxud təcrübə meydançası deyil. Xalq öz siyasi iradəsini ifadə etdi, gələcəyə baxır və gələcəyə doğru qətiyyətlə addımlayır. Bu gün Azərbaycan xalqı da öz siyasi iradəsinin ardınca öz lideri ilə birlikdə qətiyyətlə irəliyə doğru getməkdədir.

Andiçmə mərasimi Milli Məclisdə, millətin siyasi iradəsi qarşısında keçirildi

Bildiyimiz kimi, keçirilən andiçmə mərasimi müxtəlif anti-azərbaycançı mərkəzlərin sifarişi ilə Azərbaycanda olan prezidentliyə namizədlər, yaxud radikal müxalifət tərəfindən tənqid atəşinə tutulur. Əslində isə burada tənqid ediləsi heç bir şey yoxdur. Bu məsələdə də tənqidçilər xalqın iradəsini tənqid etmiş olurlar. Sonda onlar əlbəttə ki, yenidən uduzmağa məhkumdurlar. Azərbaycan Prezidenti Azərbaycan Konstitusiyasına uyğun olaraq hüquqi sənədləri əldə etdikdən, yəni, Konstitusiya Məhkəməsinin seçkinin nəticələrini rəsmən tanımasından sonra andiçmə mərasimi keçirdi. Yeni seçilmiş Prezident İlham Əliyev yenə xalqa üz tutaraq, yenə xalqın iradəsinə söykənərək, ona hörmət edərək andiçmə mərasimini məhz xalqın təmsilçilərinin formalaşdırdığı Milli Məclisdə keçirdi. Milli Məclis Azərbaycan millətinin iradəsinin təmsil olunduğu yerdir. Çünki ayrı-ayrı dairələrdən seçilmiş 125 millət vəkili hər regionun, kənd əhalisinin iradəsini təmsil edən şəxslərdir. Prezident bir daha isbat etdi ki, O, xalqın iradəsi ilə hesablaşır və andiçmə mərasimində də öz fikirlərini xalqa bildirdi, xalqa arxalandığını qeyd etdi.

Bu mərhələdə biz lider-xalq birliyini yeni keyfiyyətdə müşahidə etdik. Bu andiçmə mərasimini tənqid edənlərin arqumentlərindən biri ondan ibarətdir ki, oraya xarici ölkələrin səfirləri, yaxud liderləri dəvət olunmayıb. Hesab edirik ki, bunun həm simvolik, həm də praqmatik əsasları var. Çünki indiki şəraitdə o ölkənin lideri qüvvətli və qüdrətlidir ki, o, xalqa söykənir. Prezident İlham Əliyev andiçmə mərasiminin sonunda ifadə etdiyi bir fikrilə yuxarıda söylədiklərimizi təsdiq etmiş oldu. Cənab Prezident çıxışında qeyd etdi ki, "Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır, heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır".

Hesab edirik ki, bu tarixi fikir sözün həqiqi mənasında, Azərbaycanın tam müstəqil, heç kəsdən asılı olmayan bir dövlət olduğunu və bu gün müstəqil Azərbaycanın milli siyasi iradənin diktəsi ilə idarə olunduğunu sübut edən, göstərən ən bariz tezislərdən biridir. Eyni zamanda, Azərbaycan xalqının ictimai şüurunda sözün leksik, etimoloji və semantik mənalarında bu müstəqilliyin üfüqlərinin, çərçivəsini müəyyənləşdirən möhtəşəm bir fikirdir.

Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi xalq qarşısında hesabat və öhdəlik idi

Azərbaycan Respublikasının Prezidenti andiçmə mərasimində, eyni zamanda, Azərbaycan xalqının, dövlətimizin müstəqilliyinin indiki mərhələsi və gələcəyi ilə görülmüş və görüləcək işlərlə bağlı müxtəlif fikirlərini bildirdi. Cənab Prezident qeyd etdi ki, "Azərbaycan xalqını əmin etmək istəyirəm ki, Mən bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm, doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət edəcəyəm". Bu, Azərbaycan Prezidentinin öz xalqına minnətdarlığının ifadəsi, eyni zamanda, Onun iradəsinin gələcəkdə də təmsilçisi olması ilə bağlı xalqa verdiyi sözdür. Bir daha burada lider-xalq, xalq-lider birliyinin ən bariz nümunələrindən birini görürük və eyni zamanda, görürük ki, İlham Əliyev başqa namizədlər kimi müxtəlif beynəlxalq təşkilatlara müraciət etmir, birbaşa xalqa müraciət edir, birbaşa xalqla ünsiyyətə girir, xalqın maraqlarının müdafiə olunacağına dair bundan sonra da xalqa söz verir.

Başqa bir məsələ ondan ibarətdir ki, Prezident İlham Əliyev nitqində baş tutmuş seçkilərə də qiymət verdi. O, qeyd etdi ki, "Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son 10 il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir".

Burada biz xalqla onun lideri arasında dərin bir dialoq görürük. Eyni zamanda, biz burada xalqın 10 il bundan qabaq seçdiyi liderinin öz xalqına verdiyi hesabatı görürük. Bəlli olur ki, bu lider aldığı qiymətdən razıdır. Çünki 10 ildir gecə-gündüz Azərbaycan xalqı, onun rifahı üçün çalışan, Azərbaycanın çoxsaylı köklü problemlərini, təhlükəsizlik problemlərini həll edən, ərzaq təhlükəsizliyini, su təhlükəsizliyini, hərbi təhlükəsizliyini, beynəlxalq münasibətlərdəki təhlükəsizliyini təmin edən, sosial problemlərini həll edən, Azərbaycanın bütün parametrlər üzrə inkişafını təmin edən bir şəxsə xalqın verdiyi qiymət bu idi, yəni, seçkidə yenidən Ona səs verməsi idi. Və Prezident də bunu yüksək qiymətləndirdi. Eyni zamanda, xalqa mesaj verdi ki, Mən fərqindəyəm ki, siz bu qiyməti gördüyüm işlərə görə verdiniz və Mən də sizə söz verirəm ki, bundan sonra bu işlər davam etdiriləcək. Sanki yuxarıda qeyd etdiyimiz fikirlərin təsdiqi kimi cənab Prezident, eyni zamanda, həyata keçirilən və xalq tərəfindən dəstəklənən mövcud sabitliyi də xalq-lider qarşılıqlı münasibətlərinin təməli platformalarından biri kimi görür. O qeyd etdi ki, "Təhlükəsizlik, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ona görə də, son 10 il ərzində bütün istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizi daha da gücləndirmişdir və beləliklə, Azərbaycanın inamlı inkişaf dinamikası saxlanılmışdır".

Göründüyü kimi, son 10 illik iqtisadi, maliyyə, siyasi və ictimai sabitliyin müəllifi olan Prezident, eyni zamanda, bu faktoru Azərbaycan xalqının dəstəkləməsindən də məmnundur. Çünki hər hansı bir siyasi, iqtisadi, maliyyə qərarı xalqın maraqlarına cavab vermirsə, əlbəttə ki, xalq buna qarşı öz etirazını bildirir. Bu zaman da qeyd etdiyimiz kimi, sabitlik pozulur. Sabitliyin pozulması ictimai ahəngdarlığı pozur, bu isə ölkənin siyasi, iqtisadi harmoniyasını pozur. Ancaq bu dediyimiz məsələlər 10 ildə elə bir qarşılıqlı dialoq və anlaşma şəraitində mövcud olub və xalqın mənafeyini təmin edib ki, sabitlik mühiti təmin olunub və bu gün də davam edir.

Böyük beynəlxalq dəstək, dostlar düşərgəsi

Bununla bərabər, Prezident Öz nitqində qeyd etdi ki, ölkənin xarici siyasəti də Azərbaycan dövlətçiliyinin, milli maraqların qorunması üçün əsas prioritet vasitələrdən biridir. Yəni, bir xalqın maraqları təkcə onun daxili ictimai tələbatı və daxili ictimai münasibətləri ilə şərtlənmir. Azərbaycan dünyadakı mövcud beynəlxalq münasibətlər sistemində yaşayır və bu sistemin nə qədər mürəkkəb, bəzi hallarda xaotik və hətta dağıdıcı olduğunu bilirik. Bu sistemdə müvcud olmaq, Azərbaycan xalqının milli maraqlarını qorumaq ən azından öz daxilində sabitliyi və milli maraqları qorumaq qədər vacibdir. Ona görə də, cənab Prezident xalqına müraciət edərək, xalqı qarşısında hesabat verərək bildirib ki, "Bizim siyasətimiz, addımlarımız, xoş niyyətimiz və xarici siyasətimizin əməkdaşlıq üzərində qurulması bizə böyük dostlar düşərgəsi qazandırmışdır". Bu cümlənin altında olan məzmun ondan ibarətdir ki, bu illər ərzində Azərbaycan xalqının maraqlarına uyğun olaraq ən böyük iqtisadi layihələr həyata keçirilib. Bu illər ərzində məhz bu dostların və əməkdaşlıq üzərində qurulan strateji xarici siyasətin hesabına bu gün XXI əsrin möcüzələri hesab olunan Transanadolu qaz kəməri (TANAP) və Transadriatik qaz kəməri (TAP) artıq reallığa çevrilməkdədir. Bu gün Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Məhz dostlar deyil, dostlar düşərgəsi dedikdə, cənab Prezident bunu nəzərdə tutur. Eyni zamanda, nəzərdə tutur ki, Azərbaycan dövləti və ictimaiyyəti məhz bu uğurlar hesabına dünya ictimai rəyində, Xocalı soyqırımının dünyaya çatdırılmasında böyük işlər görüb. Bu gün Xocalı soyqırımı ayrı-ayrı ölkələr tərəfindən soyqırımı kimi tanınıb. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunması ilə bağlı dünya ictimai rəyində, nəhayət, Azərbaycanın lehinə olan beynəlxalq ictimai fikir formalaşdırılıb. Bu isə Prezidentimizin dostlar düşərgəsi kimi səciyyələndirdiyi müxtəlif dövlətlər, ayrı-ayrı şəxslər, beynəlxalq təşkilatlar və digər aktorlarla olan dostluq münasibətlərimizin hesabına başa gəlib. Şübhəsiz ki, bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi strateji və əməkdaşlığa söykənən xarici siyasət sayəsində mümkün olub.

Qarabağı mübahisəli ərazi hesab edənlərə ümumxalq cəzası

Cənab Prezidentimiz qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunması bundan sonra da Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən olacaqdır. O qeyd etdi ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir: "Ərazi bütövlüyümüz məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz, heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək və icazə verməyəcəkdir". Bu sərt mövqe bir daha anti-azərbaycançı və islamofob dairələrin Azərbaycanda diqtə etməyə çalışdıqları, beynəlxalq hüquqa zidd olan təzyiqin qarşısına sədd çəkən bir cümlədir. Bu cümlələr ona görə cənab Prezidentin nitqində öz əksini tapır ki, O, ərazi bütövlüyümüzü qorumaq gücünü məhz xalqından alır. Əgər O da ayrı-ayrı namizədlər, "Milli şura"nın, radikal müxalifətin namizədləri kimi beynəlxalq təşkilatlara, xarici ölkələrə, hegemon güclərin siyasi iradəsinə söykənsə idi, heç vaxt bu cür bəyanat verə və belə sərt danışa bilməzdi. Azərbaycan Prezidenti məhz Azərbaycan xalqının iradəsinə söykəndiyi üçün bu cür qətiyyətli mövqe ortaya qoyur. Halbuki biz seçkilər prosesində gördük ki, Rüstəm İbrahimbəyov və onun arxasınca prezidentliyə namizəd kimi qeydə alınmış və seçkilərdə biabırcasına uduzmuş Cəmil Həsənov isə "The Guardian" qəzetinə verdiyi müsahibəsində Dağlıq Qarabağı "mübahisəli ərazi" adlandırıb. Yəni, bu adam hakimiyyətdə təmsil olunmayıb, itirəcək bir şeyi yoxdur, bəri başdan Dağlıq Qarabağı "mübahisəli ərazi" adlandırır. Belə olan halda, Azərbaycan xalqı Prezident İlham Əliyevin də, onun da mövqeyini görürdü və vəziyyəti düzgün qiymətləndirirdi. Əgər vəziyyət belədirsə, Azərbaycan xalqı öz savadlı mülahizələri ilə qərar verib liderini demokratik şəraitdə seçibsə, onda obyektiv olan hansı beynəlxalq təşkilat, həqiqi demokrat və vicdanı olan hansı prezidentliyə namizəd bu qələbəni etiraf etməz? Deməli, bunu etiraf etməyənlər Dağlıq Qarabağın satılması ilə bağlı ayrı-ayrı anti-azərbaycançı mərkəzlərə söz verən insanlardır. Prezident İlham Əliyevin qələbəsini qəbul etməyənlər siyasi vicdanı olmayan, ictimai rəylə manipulyasiya edən insanlardır. Cənab Prezident bütün bu siyasətinin sonunu qiymətləndirərkən qeyd edir ki, "Əsas uğurlarımızın səbəbi düşünülmüş siyasətdir. Burada müstəqil xarici siyasət öz rolunu oynayır. Cəsarətli siyasətimiz uğurlarımızı şərtləndirə bilibdir". Və bu cəsarətli siyasətdə Prezident İlham Əliyevin söykəndiyi əsas güc Azərbaycan xalqıdır. O da qeyd edir ki, "biz öz gücümüzə arxalanırıq, Azərbaycan xalqının istedadına, zəhmətinə güvənirik".

Gördüyümüz kimi, dövlət başçımızın hər fikrində istinad etdiyi nöqtə Azərbaycan xalqıdır. Azərbaycan xalqı da bilir ki, məhz onun seçdiyi lider tərəfindən xalqın maraqları təmin olunur.

Qarabağın azad olunmasına və tarixi yaddaşın bərpasına yönəlmiş strateji ismarıclar

Cənab Prezident son olaraq ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı çox cəsarətli siyasətin təzahürü olaraq bir çox dünya ölkələri tərəfindən, hətta ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr tərəfindən gizli, bəzən isə açıq şəkildə müdafiə olunan Ermənistanı bütün layihələrdən kənarda qoymağı bacardı. Cəsarətli siyasət budur. Heç kimin, heç bir mərkəzin, hegemon gücün diqtəsinə qulaq asmadan O, öz siyasətini həyata keçirdi. Cənab Prezident qeyd edir ki, "Ermənistan bu gün məcbur olub açıq şəkildə etiraf edir ki, o, təhlükəsizliyini özü təmin edə bilmir. Əslində, etiraf edir ki, Azərbaycandan, güclü Azərbaycan dövlətindən qorxur, Azərbaycan qarşısında acizdir". Yəni, son 20 ildə həyata keçirilən siyasət Ermənistanı bu vəziyyətə gətirib, onu müdafiə edən havadarları belə, bu gün onun təhlükəsizliyinə təminat verə bilmirlər. Ermənistanı Cənubi Qafqazda bir bufer dövlət kimi yaradan imperiya belə, bu gün onu müdafiə edə bilmir. Bu gün heç bir beynəlxalq və ya regional müqavilə, təhlükəsizlik müqaviləsi Ermənistanı heç nədən sığorta edə bilmir. Biz bilirik ki, MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da Ermənistan özünün müdafiəsi üçün heç bir hüquqi əsas tapa bilmədi. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və Azərbaycan hər hansı bir hərbi əməliyyat həyata keçirərkən hansısa regional, yaxud beynəlxalq müqavilə Ermənistanı müdafiə etmək üçün hüquqi əsas olmayacaqdır. Azərbaycanın həyata keçirdiyi bu siyasət cəsarətli siyasətdir. Azərbaycan xalqının lideri İlham Əliyev bu cəsarəti öz xalqından alır. Bütün bunlarla yanaşı, cənab Prezident qeyd edir ki, "Strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq. Əlbəttə, bu strateji hədəf vaxt aparacaqdır. Ancaq bizim cəmiyyətimiz, gənc nəsil, bütün vətənpərvər insanlar bu amalla yaşamalıdır ki, biz bu tarixi ədaləti bərpa edəcəyik".

Bu fikir onu deməyə əsas verir ki, Azərbaycan xalqı uzunmüddətli perspektivdə daim itirilmiş torpaqları ilə yaşamalıdır, onları mənəviyyatında, tarixində, ədəbiyyatında yaşatmalıdır və hər an onları qaytarmağa hazır olmalıdır. Çünki tarixən Cənubi Qafqazda Ermənistan adlı dövlət olmayıb, o torpaqlar bizim torpaqlarımızdır və cənab Prezident də hədəf kimi göstərir ki, biz gələcəkdə o torpaqlarda da yaşayacağıq. Bu və ya digər şəkildə ya o torpaqlar Azərbaycanın içərisində olacaq, tarixi ədalət bərpa olunacaqdır, ya da oradan qovulmuş 200 mindən çox azərbaycanlı öz torpaqlarına qayıdacaqdır, yaxud son 100 ili nəzərə alsaq, oradan qovulmuş çoxsaylı azərbaycanlılar öz torpaqlarına qayıdacaq, mədəni-tarixi miraslarına sahib çıxacaqdır. Bu fikri Prezidentə deməyə verən cəsarət də Onun Azərbaycan xalqından aldığı cəsarətdir.

Azərbaycanda işsiz adam qalmayacaq

Cənab Prezident öz çıxışında sosial məsələlərdən də danışdı və qeyd etdi ki, "yoxsulluğun azaldılması, yoxsulluq həddində yaşayanların yaşayış səviyyəsinin yaxşılaşdırılması və digər sosial proqramlar icra ediləcək, sosial infrastrukturun yaradılması davam etdirilməlidir. Hələlik, buna ehtiyac var". Hesab edirik ki, buradakı hələlik sözü Prezidentin sosial təminatla bağlı siyasətinin strateji konturlarını bizə göstərmiş olur. Hələlik o deməkdir ki, bu müvəqqətidir, gələcəkdə olmayacaq. Gələcəkdə hər bir Azərbaycan vətəndaşı işlə təmin olunacaq, Azərbaycanın sosial dövlət olması öz Konstitusiyasında hüquqi əsasda müəyyənləşdirilib. Bu gün Azərbaycanda sosial siyasətə böyük yer verilir, amma bu o demək deyil ki, Azərbaycan dövlətinin məqsədi ondan ibarətdir ki, çoxlu sayda sosial müavinət alan, sosial təminata ehtiyacı olan insanlar olsun, dövlət də bunu qarşılasın. Əsla belə deyil. Bu sahədə strateji məqsəd ondan ibarətdir ki, Azərbaycanda işsiz olmasın, sosial təminata ehtiyacı olan vətəndaş olmasın. Bu hədəfin özü böyük niyyətdən, Azərbaycan xalqının böyük gələcəyindən xəbər verir.

Cənab Prezident bütün uğurları yekunlaşdıraraq qeyd edir ki, "Xalq, millət anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub".

Bu isə bir daha Azərbaycan Prezidentinin bundan sonrakı fəaliyyətinin nəyin üzərində qurulacağını və nəyə istinad edəcəyini göstərən əsas fikirlərdən biridir.

Cəmiyyətin ictimai nəbzi siyasi gerçəkliklə ahəngdardır

Bütün bunların fonunda əgər 2013-cü il 9 oktyabr prezident seçkilərindən sonrakı dövrdə Azərbaycan cəmiyyətinin ictimai əhval-ruhiyyəsini və ictimai nəbzini tutmağa çalışsaq, görəcəyik ki, artıq Azərbaycan xalqı onun siyasi iradəsinə söykənərək baş tutmuş bu demokratik və şəffaf seçkilərdən sonra gələcəyə doğru baxır. Bu gələcək müstəqil Azərbaycan tarixində yeni eranın başlandığını göstərir. Yəni, indiki mərhələdə Azərbaycan dövlətçiliyi, Azərbaycan cəmiyyəti postmodernist cəmiyyət olaraq dövlətçilik tariximizin inkişafında yeni mərhələyə qədəm qoyub. Əgər bu günə qədər biz dövlətçiliyimizin inkişaf mərhələlərini, müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadi gücümüzün artması, Azərbaycanda sosial dövlətin, demokratik cəmiyyətin qurulması, kreativ, intellektual gəncliyin yetişməsi dövrü kimi xarakterizə edirdiksə, bundan sonra artıq Azərbaycanda informasiya cəmiyyətinin daha da gücləndirilməsi, vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsi, Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, ölkədə yeni əsasda kreativ cəmiyyətin qurulması, Azərbaycanda informasiyanın ali forması olan elm istehsal edən yeni bir cəmiyyətin qurulmasını görəcəyik. Artıq bundan sonrakı mərhələdə Azərbaycanda kosmik sənayesi olan informasiya və kommunikasiya texnologiyalarına söykənən yeni bir informasiya cəmiyyətinin qurulmasının şahidi olacağıq. Bu isə o deməkdir ki, Qərbin bir sıra aparıcı ölkələrində olduğu kimi Azərbaycanda da həm kreativ, həm də informasiya cəmiyyəti mövcud olacaqdır. Bu isə o deməkdir ki, gələcəkdə, yəni, önümüzdəki 5 ildə Azərbaycan özü-özünü təmin edən ölkəyə çevriləcəkdir. Azərbaycan artıq sadəcə fiziki əməklə məşğul olan işçi qüvvəsinə malik olmayacaqdır. Yəni, növbəti 5 ildə qeyri-fiziki əməkdən əldə olunan gəlirlər fiziki əməkdən əldə olunan gəlirlərə bərabər olmalıdır, yaxud onu keçməlidir. İnformasiya cəmiyyəti, elmi cəmiyyət bundan ibarətdir. Bu o deməkdir ki, Azərbaycan növbəti 5 ildə artıq təkcə istehsal deyil, istehsal vasitələri istehsal edən bir sənayeyə sahib olacaqdır. Bütün bunlar isə əlbəttə ki, güclənən, qüdrətlənən Azərbaycanın gözümüzün önündə güclü və aydın konturlarını cızmaqdadır. Buna görə də, 9 oktyabr prezident seçkiləri əlamətdar bir gün kimi, şərəfli və demokratik bir səhifə kimi tariximizə daxil oldu. Bundan sonra Azərbaycan xalqı ilə onun liderinin birliyi xalqa arxalanan lider və xalqın lideri universal formulu üzərinə qurulmuş qarşılıqlı dəstək platformasında Azərbaycanın inkişafını təmin edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti